İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Şuşa səfərindən mühüm gözləntilər - Türk Zirvəsində nələr olacaq?

Türk Dövlətləri Təşkilatının liderləri qala şəhərdə bir araya gələcəklər; ekspertlərdən ilginc açıqlamalar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay bir sıra ölkələrə səfər edəcəyi gözlənilir. Bu barədə Türkiyə mediası məlumat yayıb. Artıq Türkiyə prezidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb. Məlumatda qeyd edilib ki, R.T.Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak edəcək. Daha sonra o, iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılacaq.

Bu yerdə qeyd edək ki, cənab Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

Xatırlatmaq yerinə düşər ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşa şəhərinə ilk dəfə 2021-ci ilin 15 iyununda səfər edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə tarixi Şuşa Bəyannaməsini imzalayıb. Bu, Türkiyə prezidentinin 28 illik işğaldan sonra azad olunan Şuşa şəhərinə ilk səfəri olmaqla yanaşı, R.T.Ərdoğan torpaqlarımızın erməni işğalından təmizlənməsinin ardınca Qarabağa səfər edən ilk xarici ölkənin dövlət başçısı oldu. O tarixdən sonrakı dövrdə isə bir çox dövlətlərin liderləri Qarabağa səfərlər edib. Türkiyə lideri isə sonrakı illərdə hava limanlarının açılış mərasimlərinə də qatılıb. R.T.Ərdoğanın budəfəki səfəri isə Xankəndi başda olmaqla bütün digər ərazilərimizin azad olunmasından sonraya təsadüf edəcək. Vaxtilə R.T.Ərdoğan və İ.Əliyevin Cıdır düzündən Xankəndi haqda söhbəti də unudulmayıb, artıq liderlərin dediyi kimi, Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Ümumilikdə cənab Ərdoğanın növbəti Şuşa səfərindən, qala şəhərdə gözlənilən Türk Zirvəzindən nələr gözləyək?

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə nəinki regional, həm də qlobal səviyyədə proseslərə təsir imkanı olan güclü dövlətlərdən biridir: “Bu baxımdan Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müxtəlif formatlı beynəlxalq təşkilatların tədbirlərində iştirakı, həmin tədbirlərin təşkilatçıları, həmçinin Türkiyə üçün faydalıdır. Onun Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirakı da bu baxımdan əhəmiyyətli hesab olunmalıdır. Türkiyə bu təşkilata üzv olmasa da, həmin təşkilatın dialoq tərəfdaşıdır”. 

S.Məmmədov qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısının mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi də olduqca əhəmiyyətlidir: “Şuşa həm də birlik simvoluna çevrilməkdədir. Şuşada Türkiyə Respublikasının konsulluğunun açılması həm realdır, həm də vacibdir. Bunun siyasi əhəmiyyəti ilə yanaşı, praktiki əhəmiyyəti də var. Belə ki, hazırda ərazilərdə tikinti, bərpa və abadlıq işlərində çoxsaylı Türkiyə şirkətləri və Türkiyə vətəndaşları çalışır. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə də Türkiyə iş adamlarının fəaliyyəti geniş olacaq. Konsul xidmətinin təşkili onlar üçün də əhəmiyyətli olacaq, bununla belə, mən işğaldan azad edilmiş ərazilərdə, xüsusən Şuşada qardaş ölkənin konsulluğunun açılmasının həm də simvolik məna daşıdığını düşünürəm. İki dövlət arasında müttəfiqlik müqaviləsi də Şuşada imzalanıb”.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay üçün qrafikinin çox gərgin olduğunu bildirdi: “Türkiyə xarici siyasət və təhlükəsizlik məsələləri son vaxtlar xeyli aktuallaşıb. Yeni xarici işlər naziri nəzəri biliklərlə özünü hər zaman göstərə bilən Hakan Fidan da müxtəlif istiqamətlərdə fəallığını artırıb. Azərbaycana, Şuşaya səfər olacaq, bu, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısıdır. Azərbaycan özü bu toplantıya bir neçə cəhətdən ciddi əhəmiyyət verir. Birinci səbəb odur ki, belə bir mötəbər tədbir azad olunan Şuşada keçirilir. Bu, həm də Türk dövlətlərinin Azərbaycana dəstəyini ifadə edir. Digər tərəfdən, Azərbaycan türk dövlətlərinin inteqrasiyasında son dərəcədə maraqlıdır. Azərbaycan və Türkiyə bu inteqrasiyanın nüvəsini təşkil edir. Çalışırlar ki, Mərkəzi Asiyanın türk dövlətləri də inteqrasiya istiqamətində fəallığını artırsın”.

E.Şahinoğlu üçüncü mühüm hadisəyə də diqqət çəkərək bildirdi ki, TDT-nin Şuşa toplantısına Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar da Azərbaycanın dəvəti əsasında qatılacaq: “Əvvəl də Azərbaycana səfər etmişdi və İlham Əliyevlə görüşü olmuşdu. Bu, ondan xəbər verir ki, Azərbaycan Quzey Kıprıs Türk Cümhuriyyətinin Türk ailəsinə qatılmasını, Türk Dövlətləri Təşkilatına üzv olmasını istəyir. Bu məsələ Türkiyə və Azərbaycanın istəyindən asılı deyil. Gərək buna Mərkəzi Asiyanın türk dövlətləri də razılıq versin. Ola bilsin indi hələ də bu razılıq olmasın. Yaxın gələcəkdə bu məsələnin müsbət həll olunacağına inanmaq olar. Üstəgəl, yaxın gələcəkdə Azərbaycanın da Quzey Kıprısın müstəqilliyinin tanınması mümkündür. Keçmişdə bu, ona görə baş vermirdi ki, bizim Qarabağ problemi var idi, müəyyən ölkələrin şantajına məruz qala bilərdik. İndi Allaha şükür, bu problemi də həll etmişik”.

Ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq-Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini regional ölkədən beynəlxalq müstəvidə həlledici rol oynayan bir ölkəyə çevirmək yolundadır: “Bu istiqamətdə Türkiyə kifayət qədər uğurlu yol qət edib. İstər Qərblə, istərsə də Şərqlə balanslaşdırılmış və müstəqil siyasət aparmaqla Ankara Cənubi Qafqazda, Yaxın Şərqdə və Mərkəzi Asiyada həlledici mövqe tutub. Xüsusilə də Türkiyə Türk Dövlətləri Təşkilatının formalaşmasında Azərbaycanla koordinasiyalı fəaliyyət göstərir. ABŞ, Rusiya, Avropa İttifaqı və Çin Türkiyənin artan nüfuzu ilə hesablaşır və beynəlxalq müstəvidə Ankaranın vasitəçiliyini qəbul edirlər. Bu, cənab Ərdoğanın qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Artıq Türk dövlətləri inkişaf edir”. 

M.Əsədullazadə bu fikirdədir ki, Şuşada keçiriləcək Türk dövlətlərinin zirvə görüşü, cənab Ərdoğanın Şuşaya növbəti səfəri və buradan verəcəyi mesajlar həm də regionda maraqlı olan ölkələrə mesaj olacaq: “Xüsusilə Fransanın Cənubi Qafqazda militarist siyasət aparması, Ermənistanı silahlandırması sülhə mane olur. Suşa Qafqazın sülh şəhəridir və regional əhəmiyyətli şəhər statusu alır. Buradan veriləcək mesajlar Cənubi Qafqazda siyasi nizamın hansı istiqamətdə davam edəcəyini göstərəcək. Cənab Ərdoğanın Şuşaya səfəri siyasi cəhətdən xüsusi diqqət mərkəzində olacaq. Ermənistan, İran, Rusiya və Fransa mesajlarını alacaq. Türkiyənin Türk dövlətləri təşkilatını daha da inkişaf etdirib, beynəlxalq müstəvidə yeni bir güclü təşkilata çevrilməsi yolunda addımlar atılacağı mesajını verəcək. Mərkəzi Asiya türk dövlətləri ilə Qərb əməkdaşlıq etmək istəyir. Bu ölkələr də Türkiyə ilə birgə eyni təşkilatdadır və prosesdə eyni addımlar atacaq. Buradan da görünür ki, Qərb və Rusiya Türkiyə ilə hesablaşmalı olacaq. Şuşa şəhəri bir növ dünya siyasətinə yön verəcək bir şəhər statusu alır. 30 il işğalın altında olan, vəkalət müharibəsinin əsirinə çevrilən Şuşa qərarlar verilən bir şəhərə çevrilib. Buradan verilən qərarlar və cənab Ərdoğanın mesajları Ermənistanda soyuq küləklər və psixoloji sarsıntı yaradacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR