İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanı Soçiyə aparan səbəblər - “Bayraqdar”, Qarabağ və...

Rusiya Türkiyəyə “S-400” raketləri satıb, indi Ankaranın Moskvaya türk PUA-ları üçün ”yox” deməsi çətindir; Putinlə görüşdə hansı mövzular masada olacaq?

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Putin və Ərdoğan sonuncu dəfə iyulun 19-da İranda keçirilən üçtərəfli sammit çərçivəsində görüşüblər.

Orada ikitərəfli münasibətləri və Suriya böhranının həllini müzakirə ediblər. Səfər öncəsi Ərdoğan deyib ki, Rusiya və BƏƏ “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ona Rusiyanın PUA istehsalı sahəsində əməkdaşlıq etmək istədiyini bildirib.

Rus ekspertlərə görə, Türkiyə prezidenti iki məsələni həll etmək üçün Soçiyə gedir. Birincisi, Rusiyanın vazkeçilməz olduğu Suriyanın şimalındakı vəziyyət, ikincisi, taxılın Ukrayna limanları vasitəsilə ixracıdır. Şərqşünas Andrey Çupriqin “Radiotochka NSN” Telegram kanalına müsahibəsində bildirib ki, “Bayraktar”ın birgə istehsalı ilə bağlı məsələ də müzakirə olunacaq. Amma ekspert onu da yada salıb ki, “Bayraktar” istehsal edən şirkət Rusiyaya bir dənə də olsun pilotsuz təyyarə tədarük etməyəcəyini bildirib. “Türkiyə onları Ukraynaya tədarük edir, çətin ki, bu istiqamətdə nəsə müzakirə olunsun”, - deyə o bildirib.

Ərdoğanın Türkiyənin tələbləri yerinə yetirilənə qədər İsveç və Finlandiyanın NATO alyansına daxil olmasını əngəlləyəcəyi bəyanatının Moskvaya reverans kimi qiymətləndirilməsinə gəlincə, ekspert bununla razılaşmır: “Türkiyə öz mənafelərini qoruyur. Mən burada Ankaranın heç bir ikili oyununu görmürəm” deyə, ekspert bildirib. Səfərdən öncə Ərdoğanın Qərb siyasətçilərini Putinə münasibətinə görə tənqid edib. O hesab edir ki, siyasi opponentlər özlərini belə aparmamalıdırlar, çünki Moskvaya qarşı mənfi ritorika Rusiyada ancaq qıcıq doğurur.

Daha bir hərbi ekspert Mixail Xodarenoku bloknot.net saytına açıqlamasında “Bayraqdar”la  fərqli mövqe sərgiləyib. ”Bayraktar" pilotsuz uçuş aparatları istehsalçısı ilə əməkdaşlıq təkcə Rusiyanın deyil, Türkiyənin də maraqlarına cavab verir. Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarının tədarükü üçün yeni tərəfdaş axtarmaq üçün bütün əsasları var". Onun sözlərinə görə, indi şirkət çətinliklərlə üzləşir, çünki kifayət qədər ucuz mühərrikli dronların istehsalı üçün yeganə variant Ukraynadakı “Motor Siç” zavodu idi. İndi isə bu zavodlar hərbi zərbələr nəticəsində metal yığınlarına çevrilib.

Görüşdə regional məsələlərin, o cümlədən Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə danışıqlarının da gündəmdə olacağına işarələr var. “Bir qayda olaraq, Rusiya və Türkiyə liderləri arasında yüksək səviyyəli danışıqlarda ölkələrimizi maraqlandıran kifayət qədər geniş mövzular müzakirə olunur. Bunlar həm beynəlxalq, həm də regional məsələlərdir. Bir qayda olaraq, Ukrayna, Qara dəniz regionunda, Suriyada vəziyyət və hər iki tərəfi maraqlandıran digər mövzular”, - Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Rossiya 24" telekanalının efirində belə deyib.

Yada salaq ki, Qarabağda Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. 2020-ci ilin noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayıblar. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkiyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlayıb.

Bundan əlavə, onu da deyək ki, Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 2022-ci ilin sonuna qədər 60 milyard dollara çatacaq. Bunu Türkiyə- Rusiya İşgüzar Şurasının rəhbəri Kani Karaaslan deyib. O bildirib ki, altı ayın yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir. “Hər iki ölkənin mərkəzi bankları məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı bacarsa, ilin sonunadək bu göstərici 60 milyard dollara çata bilər”, - deyə Karaaslan vurğulayıb. Bu baxımdan liderlərin görüşündə ikitərəfli iqtisadi-ticari münasibətlərin də inkişaf etdirilməsi müzakirə oluna bilər. Bəs, bizim mütəxəsisslər Ərdoğan-Putin görüşü haqda nə düşünürlər?

Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqladı ki, bundan əvvəl Türkiyə və Rusiya arasında müqavilə imzalanmışdı: “Müqavilədə ”S 400" raketlərini birgə istehsal etmək barədə razılaşma olmuşdu. Hələ ki bu razılaşma həyata keçirilmir. Yəni Rusiyanın anlaşmaları pozması adət halını alıb. Ancaq bu dəfə şimal qonşumuzun vəziyyəti fərqlidir və ağırdır. Ola bilsin ki, PUA-larla bağlı razılığa gəlsinlər. Amma gərək Putin də verdiyi vədi yerinə yetirsin. İstənilən halda Türkiyə öz milli maraqlarını hamıdan yaxşı bilir və dronların birgə istehsalını konseptual şəkildə müzakirə edə bilərlər". Q.Hüseynli hesab edir ki, Rusiyanın təklifi həm də onun texnoloji cəhətdən nə dərəcədə zəiflədiyini göstərir: “Dünyada gedən geosiyasi və geostrateji proseslər yeni dünya nizamını formalaşdırır. Bu prosesdə sivilizasiyaya əngəl Rusiya görünür. Ona görə yaxın bir neçə ildə Rusiyanın təcrid ediləcəyini proqnozlaşdırmaq olar. Bu izolyasiya onun zəifləməsinə səbəb olacaq”. Professor əlavə etdi ki, Ərdoğan-Putin görüşündə Suriya və Qarabağ da müzakirə ediləcək.

Sərkisyanın istefası - Elxan Şahinoğlu yazır

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiya Türkiyəyə S-400 raketləri satıb: “Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına ”yox" deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən, Rusiyanın “Bayraqdar”lar əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdar”lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?"

Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir… – Məhəmməd  Əsədullazadə « ONN İnformasiya Agentliyi

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Soçidə razılığın əldə olunması gözlənilir: “Moskvaya qarşı Qərb koalisiyasının formalaşması, sanksiyaların tətbiqi Kremlin Ankara ilə əlaqələrini pozmamasına gətirib çıxarır. Ona görə də bu əməliyyata Putinin razılıq verməsi mümkündür. Ərdoğan Moskvaya getməyə, Putin Tehran danışıqlarında razılıq verə bilərdi. Amma Putinə qarşı sanksiyalar fonunda, onun Ərdoğanı Kremldə qarşılaması və razılaşma əldə etməsi Putin üçün hava-su kimi lazımdır. Bu, ilk növbədə daxili auditoriya, həmçinin Qərb üçün bir göstəri olacaq”. Ekspertin fikrincə, avqustun 5-dən sonra Türkiyə ordusunun hərbi əməliyyatlara başlaması mümkündür:  “Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsələsində Ərdoğan da Putinə güzəştə getsin. Görüşdə Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması müzakirə olunacaq. Danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar başlaya bilər. Putin Ərdoğan vasitəsilə Ukrayna Prezidenti Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynanın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi Rusiyanın danışıqlara başlamasına sövq edir. Digər məsələ isə Ermənistan-Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Ərdoğan silahlı erməni hərbi birləşmələrinin tam çıxarılmasını Moskva ilə razılaşdıracaq. Bundan əlavə, danışıqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi-texniki əməkdaşlıq müzakirə olunacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR