İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Ukraynanı fəlakətdən xilas edir: Türkiyə “ABŞ-Rusiya ssenarisi”nə müqavimət göstərir

Rəsmi Kiyevin iştirak etmədiyi ABŞ-Rusiya təmaslarına paralel olaraq, Türkiyənin də Ukrayna ilə müzakirələrə başlaması sülh prosesinin inkişaf istiqamətlərini ciddi şəkildə dəyişdirə bilər... Hərbi münaqişənin ikinci tərəfi ilə birbaşa təmas quran rəsmi Ankara Ağ Evin “Ukrayna planı”nı pozmaq şansı qazanır, Rusiyanın ABŞ-la anlaşıb, qonşu ölkənin ərazilərini ələ keçirtmək niyyətinin boşa çıxma ehtimalı da yaranır...

Ukrayna böhranı ətrafında olduqca qəliz situasiya yaranmağa başlayıb. Belə ki, bu böhran hazırda Qərb siyasi dairələri arasında ziddiyyətləri artıq ciddi parçalanma həddinə çatdırıb. Hər halda, kollektiv Qərb indi kəskin maraq toqquşmasına məruz qalmaqdadır. Ona görə də, ənənəvi müttəfiqlik barədə danışmaq indi olduqca çətindir. Çünki ənənəvi müttəfiqlər böyük sürətlə yeni rəqiblərə çevrilmək üzrədir. Və bu baxımdan, kollektiv Qərbin daxili siyasi-ideoloji böhrana doğru sürükləndiyi inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin düşürüldüyü siyasi-ideoloji böhranın ssenari müəllifi rolunda Tramp administrasiyası çıxış edir. Ağ Ev Ukrayna savaşının dayandırılması prosesini birmənalı şəkildə ABŞ-ın qlobal hərbi-siyasi və iqtisadi-ticari rəqiblərinə qarşı yönəltməyə çalışır. Əslində, hələlik buna böyük ölçüdə nail olmuş kimi də görünür. Xüsusilə də, Tramp adminitrasiyasının “Ukrayna planı”nı məhz “siyasi biznesə” çevirməyə çalışması kollektiv Qərb üçün indiyə qədər israrla müdafiə olunmuş strtaeji hədəflərin boşa çıxarılması cəhdindən başqa bir şey deyil. Və bu, Qərb hərbi-siyasi düşərgəsi üçün real daxili xaos anlamı daşıyır.

Məsələ ondadır ki, heç vaxt bərabərhüquqlu münasibətlər olmasa da, Avropa Birliyi ABŞ-ın yanında yer almağa vərdişlidir. Yəni, həlledici söz sahibi olmayan Avropa dövlətləri ABŞ-ın “çətiri” altında dünyanın idarə olunması prosesində iştirak etməyə  nail olub. Üstəlik, “qoca qitə”nin siyasi elitası hətta belə formal dünya idarəçilik hüquqları ilə “qürur” da duyublar. Bu “qürüru” rəqib düşərgə ölkələrinə “demokratiya dərsi” verərək, təzyiq mexanizminə çevirməyə də çalışıblar. Və indi Tramp administrasiyası Avropa siyasi elitasının “qürur qaynağı”nı qapadıb.

hqq720.jpg (65 KB) 

Maraqlıdır ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vens onilliklər boyu bütün dünyaya “demokratiya dərsi” keçən Avropa Birliyini avtoritar idarəçilikdə, diktaturaya meyillənməkdə suçladı. Ona görə də, bundan sonra Avropa siyasi elitasının rəqib düşərgə ölkələrini avtoritar idarəçilikdə suçlaması o qədər asan olmayacaq. Və bu, Avropa Birliyinin beynəlxalq nüfuzuna vurula biləcək ən sarsıdıcı zərbə hesab oluna bilərdi.

Ancaq ABŞ-ın Avropa Birliyinə dəyişən münasibəti bu qurumu daha ağır zərbəyə də tuş gətirdi. Belə ki, Tramp administrasiyası ABŞ-ın “kölgə”sində dünyanı idarə etməyə vərdişli Avropa Birliyini Ukrayna savaşının dayandırılması üzrə danışıqlar masasından kənarda saxladı. Yəni, Ukrayna ordusunun maliyyələşdirilməsinə yüzmilyardlarla dollar xərcləyən və Rusiyaya qarşı onlarla sanksiya paketi tətbiq edən maliyyə-iqtisadi itkilərə məruz qalan Avropa dövlətlərinin indi bu böhranın həllində iştirakı bloklanıb. Və belə vəziyyətdə Avropa Birliyi ölkələrinin ABŞ-a qarşı ortaq müqavimət planı qurmaqdan başqa çıxış yolu qalmır.

Halbuki, bu məsələdə də “qoca qitə” siyasi dairələrinin manevr imkanları elə də geniş deyil. Belə ki, qüvvələr nisbəti Ağ Evin xeyrinədir, Avropa Birliyinin ABŞ-a meydan oxumaq üçün siyasi-iqtisadi resursları yetərli deyil. Bu baxımdan, Tramp administrasiyasının planlarını pozmaq üçün Fransa prezidenti Emmanuel Makronun Avropa liderlərini Parisə məsləhətləşməyə dəvət etməsi böyük maraq doğurur. Və Qərb liderləri bu zirvə toplantısına belə, ziddiyyətli mövqedən yanaşırlar.

Trump-Erdogan.jpg (89 KB) 

Maraqlıdır ki, Qərb siyasi elitasında tərəddüdlərin mövcud olduğu bir situasiyada Ukrayna böhranının nizamlanması prosesinə dah bir önəmli qlobal oyunçu müdaxilə etmək qərarı verib. Əslində, bu qlobal oyunçu – Türkiyə Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdən heç vaxt kənarda olmayıb. Belə ki, vaxtilə rəsmi Ankara iki dəfə Rusiya və Ukrayna nümayəndə heyətinin İstanbul görüşünə vasitəçilik edib. Və hətta ikinci İstanbul görüşündə Rusiya-Ukrayna müzakirələri məhz atəşkəs anlaşması ilə yekunlaşıb.

Ancaq Türkiyənin bu önəmli uğurunun reallığa çevrilməsinə ABŞ və bəzi Qərb ölkələri əngəl törədiblər. Nəticədə savaşın uzanaraq, indiki kimi təhlükəli istiqmətlər almasına yol açıb. Belə anlaşılır ki, Tramp administrasiyasının Ukraynanın və ümumiyyətlə, Avropanın gələcək taleyi üçün olduqca təhlükəli ssenariləri müzakirəyə çıxartdığı bir mərhələdə Türkiyə növbəti dəfə prosesə birbaşa müdaxilə etmək qərarı verib. Və prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə Türkiyədə bu məsələyə çıxış yolu axtarır.

Türkiyənin Ukrayna ilə münasibətləri yüksək səviyyədədir. Ancaq Suriyada rəsmi Ankaranın proseslərə nəzarəti ələ keçirtməsindən sonra Rusiya kifayət qədər ciddi narazılıqların olduğu müşahidə edilir. Ancaq buna baxmayaraq, rəsmi Ankara Ukrayna üzərindən Tramp-Putin sövdələşməsinə müdaxilə etmək imkanlarını qoruyur. Bu “sövdələşmə” Ukrayna və Avropa Birliyi kimi Türkiyənin də geopolitik maraqlarına ciddi problemlər yarada bilər. Və bu səbəbdən də, rəsmi Ankara ABŞ-Rusiya qapalı təmaslarına paralel olaraq, Ukrayna ilə müzakirələrə başlamaq qərarı verib.

627b8299babca627b8299babcb1652261529627b8299babc6627b8299babc8.jpg (175 KB) 

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev ABŞ və Rusiya tərəfindən Ukraynanın gələcək taleyi həll edilən müzakirə masasından kənarda saxlanılıb. Avropa Birliyi də kənarda qaldığı bu prosesdə iştirak etməyə can atsa da, Ukraynanın gələcək taleyi barədə qətiyyən düşünmür. Bu baxımdan, Türkiyənin Ukrayna ilə müzakirələr aparmaqla, bu ölkənin taleyinə pozitiv müdaxilə cəhdi rəsmi Kiyev üçün yeganə cəlbedici variantdır. Və əgər, tərəflər ortaq mövqe şansı qazanarlarsa, bu, ABŞ-Rusiya sövdələşməsini pozmaq imkanları aça bilər.

Məsələ ondadır ki, rəsmi Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Yəni, Rusiyanı işğalçı savaşı başlatmaqda qınayan Türkiyə hazırda beynəlxalq hüquq normaları çərçivəsində Ukraynanı dəstəkləyə biləcək yeganə dövlətdir. Əgər, rəsmi Kiyev ABŞ-ın “Ukrayna planı”na müqavimət göstərməyə cəsarət edərsə, Türkiyənin dəstəyini özü üçün təmin edə bilər. Bu haldasa, Türkiyə Ukrayna ilə ortaq şəkildə Tramp-Putin sövdələşmə cəhdlərinə əngəlləmək şansı da qazana bilər. Və belə bir ortaqlığı sonrakı mərhələdə oyundankənar vəziyyətə salınmış Avropa Birliyinin də dəstəkləyə biləcəyi qətiyyən istisna deyil.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın Rusiya ilə təmaslarına paralel olaraq, Türkiyənin Ukrayna ilə müzakirələrə başlaması situasiyanı ciddi şəkildə dəyişə də bilər. Hər halda, münaqişənin ikinci tərəfi ilə təmas quran rəsmi Ankara Tramp administrasiyasının “Ukrayna planı”nı pozmaq şansı qazanmış kimi görünür. Və bu prosesə Avropa Birliyi də qoşularsa, onda, Kremlin Ağ Evlə anlaşıb, Ukrayna ərazilərini ələ keçirtmək niyyəti boşa çıxa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR