İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Suriya və İraqı Qərbin əlindən alır: Türkiyə Ağ Evin “silah”nı ABŞ-a qarşı çevirir

Rəsmi Ankara NATO üzrə müttəfiqi ABŞ-ın maraqlarına zidd olsa da, İraq və Suriyada sabitliyin bərpa edilməsinə çalışır, Yaxın Şərqdə təsir mexanizmlərini itirmək təhlükəsi qarşısında qalan Rusiya isə Türkiyəyə bu prosesdə ciddi dəstək verir... Türkiyə, İraq, Rusiya və Suriya arasında terrorizm əleyhinə ortaq fəaliyyət ABŞ-ın regiondan tamamilə çıxarılmasına səbəb ola bilər və bu, Ağ Evin məkrli geopolitik oyunlarının tədricən özünə qarşı bumeranq effekti verə biləcəyi anlamı daşıyır...

Dünya nəhəngləri arasında davam edən amansız qarşıdurmanın əsas ağırlıq mərkəzi tədricən Yaxın Şərq regionuna keçirilməyə başlayıb. Halbuki, son vaxtlara qədər qlobal toqquşmanın birbaşa təzahürü məhz Ukrayna savaşı hesab olunurdu. Düzdür, Ukrayna savaşının hələ uzun müddət Qərblə Şərq arasında qəddar mübarizənin hərbi poliqonu olaraq, mövcudluğunu qoruyacağı gözlənilir. Ancaq bununla belə, dünya nəhəngləri yeni savaş məkanları yaratmağa da xüsusi cəhdlər göstərirlər. Və İsrail-HƏMAS savaşının başladılmasından sonra bu, daha da akrual xarakter almış kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq ətrafında da hazırda olduqca qəliz situasiya yaranmağa başlayıb. Yaxın Şərqdə növbəti dəfə alovlandırılmış münaqişənin daha geniş areala sıçrama ehtimalı indi kifayət qədər inandırıcı görünür. Əgər, bu, baş verərsə, dünyanın sivilizasiyalar arasında kəskin və birbaşa toqquşmalara girob düşə biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, yazın gələcəkdə dünya ölkələri üçün yeni qlobal kataklizmlər qaçılmaz ola bilər.

Təbii ki, bütün bunların baş verməsinin arxasında ilk növbədə dünyanın yenidən bölüşdürülməsi cəhdlərinin olduğu da qətiyyən şübhə doğurmur. Bu baxımdan, yeni dünya düzəninin qurulmasını ssenariləşdirməyə can atan beynəlxalq güclər üçün Yaxın Şərq də digər önəmli regionlar kimi, “nifaq almaları” sırasına daxildir. Çünki bu regiona tam nəzarət yeni dünya düzənində hegemon mövqelərin ələ keçirilməsində strateji əhəmiyyət daşıyır. Və indi Yaxın Şərq uğrunda yeni savaşın başladılması qətiyyən gözlənilməz xarakter daşımır.

yaxin_serq_2223.jpg (42 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb son dövrlərdə Yaxın Şərqi xaosa sürükləməklə, rəqiblərini bu regiondan sıxışdırıb çıxararaq, özü yerləşmək məqsədi güdüb. Əslində, xüsusilə də, ABŞ böyük ölçüdə bu məqsədə yaxınlaşmış kimi görünür. Hər halda, əvvəlki dövrlərdən fərqli olaraq, Yaxın Şərqdə artıq güclü İrak və Suriya dövlətləri mövcud deyil. Enerji resursları ilə zəngin olan bu ölkələrin dövlət infrastrukturları dağıdılıb, xaosun diktaturasına təslim edilib. Və belə şəraitdə Ağ Ev ABŞ qoşunlarını bu regiona yerləşdirməklə, Yaxın Şərqdən öz strateji maraqları çərçivəsində faydalanmağa çalışır.

Ancaq ABŞ və Qərbin Yaxın Şərqi tam nəzarət alması qarşısında hazırda yalnız bir ciddi əngəl mövcuddur. Belə ki, 2000-ci illərin əvvəllərindən güclənməkdə davam edən Türkiyə regionun ABŞ-ın hegemoniyası altında salınması cəhdlərinə israrla müqavimət göstərir. Rəsmi Ankara tam dəqiqliyi ilə anlayır ki, ABŞ və Qərbin strateji hədəfləri sırasında Türkiyənin parçalanması planları da yer alır. Halbuki, ABŞ NATO çərçivəsində Türkiyə ilə hərbi müttəfəqlik münasibətlərinə də malikdir. Və buna baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə PKK/PYD terror təşkilatını özünün əsas müttəfiqi elan edib.

Maraqlıdır ki, rəsmi Ankara dəfələrlə etiraz etsə də, ABŞ PKK/PYD terror təşkilatını silah-sursatla təmin edir, terrorçulara təlimlər keçir. Türkiyə öz ərazilərini PKK/PYD terror təşkilatından qorumaq üçün Suriya ilə sərhəd bölgəsində təhlükəsizlik zonası yaratmaq məcburiyyətində də qalıb. Halbuki, rəsmi Ankara onu da anlayır ki, Türkiyəni ABŞ-ın himayə etdiyi terrorçulardan qorumaq üçün yeganə çıxış yolu məhz PKK/PYD terror təşkilatının tamamilə sıradan çıxarılmasıdır. Bu səbəbdən də, rəsmi Ankara PKK/PYD terror təşkilatının ərazilərində fəaliyyət göstərdiyi İraq və Suriya ilə münasibətlərinə yenidən baxmaq qərarına gəlib.

ABS-PYD-ve-YPG.jpg (46 KB)

Son məlumatlara görə, rəsmi Ankara İraqla terrorizmə qarşı ortaq mübarizə və iqtisadi-ticari tərəfdaşlıq barədə strateji saziş imzalayıb. İndi Türkiyə və İraq PKK/PYD-yə qarşı ortaq antiterror əməliyyatları keçirtməklə, bu terror təşkilatını sıradan çıxartmağa çalışır. Eyni zamanda, regionun inkişafı, bölgə əhalisinin rifah halının yüksəldilməsi üçün Türkiyə və İraq ortaq iqtisadi-ticari dəhlizin yaradılmasına da başlayıblar. Və bu, PKK/PYD terror təşkilatının İraq və Suriya ərazisində fəaliyyətinin məhdudlaşdırılması baxımından, böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, rəsmi Ankara Suriya ilə də münasibətlərini normallaşdırmağa çalışır. Yaxın vaxtlarda Türkiyə və Suriya prezidentlərinin birbaşa görüşünün baş tuta biləcəyi də qətiyyən istisna deyil. Belə ki, son vaxtlara qədər prezident Bəşər Əsəd belə görüş üçün PKK/PYD terror təşkilatınına qarşı mübarizə aparan Türkiyə hərbi kontingentinin Suriya ərazisindən sıxarılmasını əsas şərt kimi irəli sürürdü.

Ancaq rəsmi Ankara Rusiyanın vasitəçiliyi ilə prezident B.Əsədə PKK/PYD terror təşkilatının sıradan çıxarılmasından sonra Türkiyə ordusunun Suriya ərazində qalmayacağına inandırmağı bacardı. Ona görə də, indi iki ölkə prezidentinin görüşünə hər iki tərəf maksimum səviyyədə yaxınlaşmış kimi görünür. ABŞ Türkiyə-Suriya münasibətlərinin bərpasına israrla əngəl törətməyə çalışsa da, Rusiyanın vasitəçiliyi və dəstəyi bu prosesin pozitiv inkişafına geniş imkanlar da açıb.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB)

Məsələ ondadır ki, Rusiya Ukrayna savaşı ucbatından Suriya ərazisindəki mövqelərini böyük sürətlə itirmək təhlükəsi qarşısında qalıb. Ona görə də, Kreml bu ölkənin ABŞ və Qərbin tam nəzarətinə keçməsinə alternativ olaraq, Türkiyənin regionda dəstəklənərək, gücləndirilməsinə üstünlük verir. Hər halda, həm Kremldə, həm də Dəməşqdə artıq anlayırlar ki, Əsəd rejiminin hakimiyyətdə qalmasının yeganə yolu Türkiyə-Suriya münasibətlərinin bərpasından keçir. Və yalnız bu halda, PKK/PYD-ni dəstəkləyən ABŞ-ın Suriyanı tam nəzarətə almaq imkanlarını bloklamaq mümkün ola bilər.

Maraqlıdır ki, hazırda Türkiyə, Suriya, Rusiya və İraq arasında dördtərəfli müzakirələrin keçirilməsi də planlaşdırılır. Əgər, bu plan reallığa çevrilərsə, onda, Suriya və İraq ərazisində hökm sürən xaosun diktaturasını ləğv etmək mümkün ola bilər. Türkiyə ilə münasibətlərini normallaşdıran İraq xaosun ditaturasına və regional terrorizmə sponsorluq edən ABŞ-dan ölkə ərazisindəki hərbi kontingentini ən qısa zamanda çıxartmasını da artıq israrla tələb etməyə başlayıb. Və bu, Suriya üçün də olduqca pozitiv örnək rolunu oynayır.

Belə anlaşılır ki, rəsmi Ankara NATO üzrə müttəfiqi ABŞ-ın maraqlarına zidd olsa da, İraq və Suriyada sabitliyin bərpa edilməsinə çalışır. Yaxın Şərqdən sıxışdırılıb çıxarılmaq təhlükəsi qarşısında qalan Rusiya isə Türkiyəyə bu prosesdə ciddi dəstək verir. Rəsmi Ankaranın avanqard rolunu oynadığı Türkiyə, İraq, Rusiya və Suriya arasında ortaq fəaliyyət ABŞ-ın regiondan tamamilə çıxarılmasına səbəb ola bilər. Və bu, Ağ Evin məkrli geopolitik oyunlarının tədricən ABŞ-a qarşı bumeranq effekti verə biləcəyi anlamı daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR