İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan “Putinin kirvəsi”ni xilas edəcəkmi? - İki ekspert rəyi

Xəbər verildiyi kimi, ukraynalı deputat, “Müxalifət Platforması-Həyat Naminə” partiyasının Siyasi Şurasının rəhbəri, “Putinin kirvəsi” (qızının “xaç atası”) Viktor Medvedçuk Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində saxlanılıb. Ona qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi açılıb.

Prezident Vladimir Zelenski onun ukraynalı əsirlərlə dəyişdirilə biləcəyini mümkün sayıb. Rusiya tərəfi isə onun Rusiya vətəndaşı olmadığını bilidirərək, bir növ laqeydlik göstərib.

Bu arada Medvedçukun arvadı Oksana Marçenko Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana video-müraciət ünvanlayaraq ərinin azad edilməsində köməklik göstərməyi xahiş edib.

Zelenski yakalandığını dünyaya bizzat duyurmuştu! İşte 'Gri Kardinal'den  'Karanlıklar Prensi'ne Putin'in yakın dostu Viktor Medvedçuk... - Dünyadan  Haberler

Bəllidir ki, Moskvanın Ukraynada hakimiyyət başına gətirmək istədiyi marionet siyasi fiqurlardan bir də Medvedçuk idi.

Bəs Ərdoğanın müraciətə reaksiyası nə olacaq, “Putinin kirvəsi”ni o xilas edəcəkmi?

Ukrayna'da tutuklanan Viktor Medvedçuk'un eşi Erdoğan'dan yardım istedi -  Dünyadan Haberler

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ərdoğanın bu məsələni müzakirə edəcəyini zənn edir: “Medvedçuka qarşı rusların laqeyd yanaşmasının iki səbəbi ola bilər. Birincisi, belə görüntü vermək istəməyə bilərlər. İkincisi, ola bilər ki, onun ”istifadə müddəti" bitib. Prezident Ərdoğan bu məsələni böyük ehtimal öz fikir çevrəsi ilə müzakirə edəcək.

Qərb Ərdoğanı Rusiya və Ukraynanı barışdırmağa qoyacaqmı?

Azər Hüseynov

Əgər bu bir sirr küpüdürsə, ruslar istəməz ki, o Zelenskidə qalsın. Zelenskiyə də onu təhvil verib əsirləri geri almaq lazımdır. Çünki eyforiya bitəndən sonra, əgər atəşkəs davamlı olarsa, Mariupolda çoxlu sayda ukraynalının əsir düşməsi araşdırılacaq. Zelenski onu verib əsirləri almaqla siyasi avantaj əldə edə bilər. Gələcəkdə bu avantajlar lazım olacaq. Türkiyə də burada öz maraqlarından çıxış edəcək ki, bu da təbiidir. Qardaş Türkiyə tərəfdaş, rəqib və düşmənlərinin ziddiyyətləri üzərində yeni dünyanın xəritəsini hörür".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Putinin Medvedçukun öldürülməyəcəyindən əmin olduğunu bildirdi: “Qərb mediasında ”qara şahzadə" adlandırılan Medvedçuku həm də Putinin ən yaxın dostu kimi təqdim edirlər. O, artıq 20 ildir ki, Ukraynanın Rusiya meylli siyasətinin aparıcı fiqurlarındandır və bu mövqeyini hətta 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı, o cümlədən Donbasdakı müharibə belə dəyişə bilməyib. Putinlə Medvedçukun münasibətləri siyasi müttəfiqlikdən daha dərin hesab edilir. Belə ki, onlar Qara Dəniz sahilində Putinin Soçidəki rezidensiyasında və Medvedçukun Krımdakı villasında dəfələrlə birlikdə istirahət edərək tətil keçiriblər. Buna baxmayaraq rəsmi Kreml sadəcə olaraq Medvedçukun sonrakı taleyi ilə maraqlanacağını bildirib və bu məsələyə Avropa siyasətçilərinin də diqqət göstərməsinə çağırış edib.

Sabah Fransada prezident seçkisidir - Makrona əsas rəqib o ola bilər

Şəhla Cəlilzadə

Putinin qızının “xaç atası” olan bu şəxsin taleyi ilə bağlı rəsmi Kremlin bu qədər soyuqqanlı açıqlama verib laqeyd münasibət göstərməsi Putinin hazırda heç bir şəxsi maraqlarla deyil, tamamilə müharibə məntiqi ilə hərəkət etdiyini göstərir. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bu günlərdə qeyd edib ki, Medvedçuku sorğuya çəkirlər, bəlkə də işgəncə verirlər, amma öldürməyəcəklər. Putin də yəqin ki, onun öldürülməyəcəyindən əmindir. Azarov, həmçinin, yaranmış vəziyyətdə dünya liderlərinə müraciət etməyin lazım olduğunu bildirib və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Medvedçuka kömək edə biləcəyindən, eyni zamanda, onun azad edilməsinin yalnız Amerika Administrasiyasının əmri ilə ola biləcəyindən əminliyini ifadə edib. Azarovdan sitat gətirmək istəyirəm: “Şoltsa da müraciət etmək olar, lakin yəqin ki, bu faydasız olacaq. Baydenə də müraciət etmək olar. Consona da həmçinin. Lakin bunlar da faydasız olacaq. Bəlkə Makron...Bilmirəm”.

Ekspert Ərdoğan faktorunu xüsusi qabartdı: “Medvedçukun azad edilməsində həm amerikan, həm də rus liderləri ilə isti münasibətləri olan birinin rolu faydalı ola bilər ki, bu rola da hələlik yeganə namizəd Ərdoğandır. Təsadüfi deyil ki, Rusiya və Ukrayna arasında danışıqlar da Belarusdan sonra məhz Türkiyədə baş tutub. Halbuki görüş və vasitəçilik təklifi ilə çıxış edən çoxlu sayda digər dövlətlər də var. Təbii ki, bu, Türkiyənin və şəxs olaraq Ərdoğanın yüksək nüfuzunun göstəricisidir. Rəsmi Ankaradan isə hələ ki, Medvedçukun xanımının müraciətinə hər hansı cavab gəlməyib. Ümumiyyətlə, Ərdoğana yardım xahişi ilə müraciət edən ilk ukraynalı o deyil. Müharibə başlayandan bir gün sonra Türkiyədəki Ukrayna vətəndaşları bir sıra şəhərlərdə ”Yardım et Erdoğan" pankartı ilə bələdiyyə və şəhər meydanlarına gələrək müharibəyə etirazlarını bildiriblər. Türkiyə müxtəlif vasitələrlə və bacardığı qədər müharibənin sonlandırılmasına, humanitar fəlakətin nəticələrinin azaldılmasına yardım etməyə çalışır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR