İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan AKP-də başqan qaldı, bəs AKP iqtidarda qalacaqmı?

Partiyanın növbədənkənar qurultayında idarəetmədə kadr dəyişiklikləri oldu-amma...

Ədalət və İnkişaf Partiyasının(AKP) bu gün Ankarada keçirilən VIII növbədənkənar qurultayında Rəcəb Tayyib Ərdoğan yenidən sədr (başqan) seçildi. Partiyanın İdarə Heyətində (MYK) isə təxminən 40 faiz kadr dəyişiklikləri olub, idarəetməyə yeni isimlər cəlb edilib. Onların sırasında məsələn, Azərbaycanın yaxın dostu Mövlud Çavuşoğlu və tanınmış türk futbolçu Məsud Özül də var. Bizim üçün də maraqlı olan daha bir fakt. AKP-də türk dövlətləri ilə əlaqələrə məsul başqan müavini postu təsis edilib.

Ərdoğan çıxışında dedi ki, 24 il əvvəl yarandığı gündən bu yana daim yenilənən, dəyişən, inkişaf edən və yüksələn siyasi təşkilatdır. Partiya başqanın dediyinə görə, ötən qurultaydan bəri yerli təşkilat rəhbərlərindən təxminən dörddə üçü dəyişib. AKP lideri deyib ki, estafeti götürənlərdən əzmkar və çalışqan iş gözləyirlər. Çıxışdan o da bəlli olub ki, üzvlüyünə görə dünyanın ən böyük 5 partiyası arasında AKP-də var.

Çıxışında “yaşamaq şərəfinə nail olacağımız yeganə dövlət Türkiyədir, oxuyacağımız yeganə himn İqtiqlal marşıdır, kölgəsində güvəndiyimiz yeganə bayraq qırmızı ulduzlu qırmızı bayrağımızdır”sözləri ilə salonu çoşdurub da. Ərdoğan Türkiyənin iki əsas probleminə diqqət çəkib: inflyasiya və terror. Türkiyə lideri vəd edib ki, iqtisadiyyatın davamlı və əhatəli inkişafın əsaslarını gücləndirəcək yeni tədbirlər həyata keçirəcəklər. O, ölkə əhalisinin daha yaxşı bir Türkiyədə yaşamaları üçün bundan sonrada əzmlə çalışacaqlarını vəd edib. Ərdoğanın açıqladığı statistika da maraqlıdır. Prezident deyib ki, Türkiyə kənd təsərrüfatı məhsullarının istehsalına görə Avropada birincidir, turizmdə Avropada 4-cü, dünyada isə 5-ci yerə yüksəlib. Ölkə turizmdən 61 milyard dollardan çox gəlir əldə edib, ixracat 262 milyard dollara çatdırılıb, Mərkəzi Bankın valyuta ehtiyatları 173 milyard dolları çatıb.

“Türkiyə böyük dəyişikliklərin, nəfəs kəsən iqtisadi sıçrayışın astanasındadır” deyə, Ərdoğan vurğulayıb.

Terrora gəlincə, o, Türkiyənin 40 ildir əziyyət çəkdiyi “terror divarılarını” yıxacaqlarını söyləyib. Maraqlıdır ki, fevral ayında terrorçubaşı Abdullah Öcalanın PKK-ya silahı yerə qoymaqla bağlı müraciəti olacağı gözlənilirdi. Amma Ərdoğan çıxışında bu məsələyə toxunmayıb, əvəzində FETÖ ilə mübarizə vədi verib.

Ərdoğan müxalifətin seçkilərdə qalib gəlmək üçün terror təşkilatları ilə işbirliyində suşlayıb, son iki seçkidə bağlı qapılar arxasında bu cür danışıqlar olduğunu deyib, bu vəziyyəti “zəhərli(toksik) demokratiya” kimi dəyərləndirib. “Demokratiyanı zəhərləyən, ona terror və oğurluq kölgəsi salan, həqiqətlə əlaqəsi hər keçən gün daha da kəsilən müxalifət problemimiz var. Bu zəhərli demokratiyanın panzehiri (yəni zəhər əleyhinə ilacı-N.S) Ədalət və İnkişaf Partiyası və Cümhur İttifaqıdır” deyib. Yeri gəlmişkən, Ərdoğan çıxışında xəstə olan MHP lideri haqda da danışıb, ona Türkiyənin güclənməsi üçün göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

İndi həm yenilənmiş AKP-nin çoxsaylı tərəfdarlarını və müxalifəti düşündürə biləcək əsas sual həm də budur ki, Ərdoğan şəriksiz lideri kimi başqanlıqda qaldı, bəs 23-cü ildir iqtidar olan partiya necə, yaxın illərdə hakimiyyətdə qalmaqda davam edə biləcəkmi?

Bəllidir ki, Türkiyədə növbəti prezident seçkisi 2028-ci ildə olmalıdır, amma əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) partiyadaxili seçimlərlə (praymerz) prezidentliyə namizədini müəyyən etmək istəməsi (apreldə bəlli olmalıdır) ölkədə mümkün erkən seçkilər müzakirələrini gündəmə gətirib.

AKP-nin başqan müavini Mustafa Şen bu gün maraqlı anket nəticəsi açıqlayıb. Deyib ki, ölkədəki problemləri kimin həll edə biləcəyi haqda sorğuda Ərdoğan və AKP yenə ilk sırada gəlib. O, anket sorğusunun hansı qurumun keçirdiyini deməyib, amma CHP-nin bələdiyyə seçkilərindən bəri 2 faiz itirdiyini iddia edib.

“Hal-hazırda biz Ədalət və İnkişaf Partiyası olaraq 3-4 aydır birinci partiyayıq və səs nisbətimiz CHP və ondan sonrakı partiyanın cəminə yaxındır” deyə, başqa müavini deyib. Hər halda, maraqlı təsbitdir.

Ərdoğan AKP-ni hakimiyyət saxlayan və hakimiyyətə götürən yeganə siyasətçi olaraq qalmaqdadır. Düzdür, Ərdoğandan sonra partiyaya liderlik edə biləcək keyfiyyətdə kadrlar olduğu deyilir. Məndən soruşsanız, Çavuşoğlunun və bu günlərdə Bakıda olan Hulusi Akarın adını çəkirdim. Amma son aylar Türkiyə prezidentinin üçüncü dəfə dövlət başçısı postuna namizəd ola biləcəyinin mümkünlüyü haqda müzakirələr də Ərdoğanın hələ də alternativsiz lider olduğuna bir mesajdır. Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman prezident konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq yenidən namizəd ola bilər. Yəni Ərdoğan AKP-ni hakimiyyət saxlayan və hakimiyyətə götürən yeganə siyasətçi olaraq qalmaqdadır.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR