İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan ABŞ-da nələri razılaşdıracaq - rəylər

Vaşinqton-Ankara münasibətlərində yeni səhifə açıla bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-dan 11-dək keçiriləcək NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək. 

Türkiyə mediası yazır ki, Ərdoğan toplantıda bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək.

Hazırda ABŞ-Türkiyə münasibətləri heç də qənaətbəxş deyil və həllini gözləyən kifayət qədər məsələlər var. Ərdoğanın ABŞ səfəri zamanı hansısa razılaşmalar əldə edəcəyinə, Ankara-Vaşinqton münasibətlərində yeni səhifə açılacağına ümidlər varmı?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Zirvə görüşündə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri Ankara və Vaşinqton arasında münasibətlərin həssas dönəminə təsadüf edir: “Sirr deyil ki, Amerika Birləşmiş Ştatları Balkanlar, Kiçik Asiya və Yaxın Şərqdə əvvəlki kimi tək hakim mövqeyini qoruyub saxlaya bilməyib. Əksinə, Türkiyə regionda artan hərbi-siyasi gücü, suveren müdafiə sənayesi qabiliyyəti ilə Amerika Birləşmiş Ştatlarının bölgədən sıxışdırılmasının əsas səbəbi kimi çıxış etməkdədir. Vaşinqtonun iradəsindən kənar hərəkət edə bilməyən Türkiyə hökumətlərindən fərqli olaraq son onillikdə Ankara artıq tam müstəqil xarici siyasət kursuna malikdir, eyni zamanda suveren haqları ilə bağlı məsələlərdə heç kimlə məsləhətləşməyə ehtiyac duymur. Özlüyündə NATO-nun mühüm hərbi gücü olmasına baxmayaraq Türkiyə eyni zamanda müstəqil müdafiə qabiliyyəti formalaşdıra bilib və özünün müdafiə sənayesi məhsulları hesabına regionun yüksələn ulduzu kimi çıxış etməkdədir. Ötən dövr ərzində Türkiyəyə qonşu dövlətlərdə, xüsusən İraq və Suriyada Amerika Birləşmiş Ştatlarının Ankaranın imkanlarını məhdudlaşdırmağa çalışan addımları Türkiyə tərəfindən neytrallaşdırılmış, əksinə, Türkiyə istər Şimali İraq, istərsə də Şimali Suriyada öz təhlükəsizliyini təmin edə biləcək kordon formalaşdıra bilib. Bu isə Vaşinqtonu regionda ənənəvi siyasət kursunu dəyişməyə və Türkiyəyə münasibətdə daha fərqli rakursdan baxmağa məcbur edir. Əlbəttə, uzun müddət regionda yeganə hakimi-mütləq rolu oynamış Vaşinqton üçün bu prosesləri qəbul etmək asan deyil. Bu mənada, ötən dövr ərzində Türkiyə və Amerika Birləşmiş Ştatları arasında zamanla gərginləşən və hətta diplomatik toqquşma həddinə çatan münasibətlərə şahidlik etmişik. Amerika Birləşmiş Ştatları Türkiyəyə münasibətdə açıq ittihamlardan çəkinməmiş, müqavilə öhdəliyinə baxmayaraq müasir qırıcıların Türkiyəyə verilməsi prosesini hələ də ləngitməkdədir. Lakin gözlənilənlərə rəğmən Türkiyə bu prosesdən zəif çıxmamış, əksinə, özünün müdafiə qabiliyyətini xeyli yüksəltmiş, xüsusən insansız hava araclarının təkmilləşdirilməsi, bu istiqamətdə ən müasir standartlara cavab verən aparatların formalaşdırılması ilə nəinki regionun, bütövlükdə dünyanın aparıcı güclərindən birinə çevrilmişdi. Bu pilotsuz uçuş aparatları istər İkinci Qarabağ müharibəsi, istər Türkiyənin İraqın və Suriyanın şimalında həyata keçirdiyi antiterror tədbirləri, istərsə də Rusiya-Ukrayna münaqişəsində kifayət qədər uğurla tətbiq olunmaqla Vaşinqtona bir daha sübut olundu ki, Türkiyə özü nəinki ehtiyac duyan, artıq bu tip texnologiyaları ixrac edən qüdrətli dövlətə çevrilib. Bütün bunların fonunda, Vaşinqtonun paralel gedişləri deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları özünün regiona münasibətdə yanlış siyasətinin fərqinə varmaqdadır. Lakin eyni zamanda o da görünməkdədir ki, Amerika Birləşmiş Ştatları və bu ölkənin rəhbərlik etdiyi Qərb qütbü hələ də köhnə status-kvonun bərpası niyyətlərindən əl çəkməmiş və Türkiyə rəhbərliyinin özünün də qeyd etdiyi kimi, "parçala və hökm sür" siyasətini davam etdirmək üçün son günlər Suriya və Türkiyə sərhədlərində, habelə Türkiyənin cənub-şərq əyalətlərində müşahidə olunan gərginliklər də məhz bu prosesin nəticəsidir. Bütün bunların fonunda güclənən Türkiyə ilə bölgədə əvvəlki kimi tək hökmran mövqeyini qoruya bilməyən Amerika Birləşmiş Ştatları arasında ən yüksək səviyyədə növbəti təmaslar bu proseslərə aydınlıq gətirilməsi üçün mühüm imkan olacaq. Digər tərəfdən, hazırda dünyada qütbləşmənin dərinləşməsinə səbəb olan əsas hadisə - Rusiya-Ukrayna münaqişəsi fonunda Ankaranın Moskva ilə xüsusi isti münasibətləri fonunda Qərb qütbünün NATO-nun üzvü kimi Türkiyənin mövqeyini birinci ağızdan dinləməsi zərurətə çevrilib. Digər tərəfdən, heç şübhəsiz ki, təmaslar zamanı Azərbaycanın Ermənistan və havadarları üzərində böyük Zəfərinin ardınca Cənubi Qafqazda yaranan yeni reallıq, habelə Azərbaycan-Türkiyə tandeminin formalaşdırdığı yeni təhlükəsizlik konfiqurasiyası əsas müzakirə mövzularından biri olacaq. Habelə Azərbaycanın öndərliyində Türk dünyasının yeni birlik konfiqurasiyası, Şərq-Qərb və Şimal-Cənub dəhlizində Türk Dövlətləri Təşkilatının həlledici rolu üstlənməsi bu görüş zamanı diqqətə alınacaq məsələlərdən hesab olunmalıdır. Bu mənada, cənab Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri yalnız Türkiyə-Amerika Birləşmiş Ştatları münasibətləri fonunda yox, bütövlükdə regional məsələlərin müzakirəsi, xüsusən yaranmış yeni reallıqların NATO çərçivəsində kommunikasiyası üçün mühüm imkan sayılmalıdır".

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

 Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bütün dünyada Ərdoğan kimi liderə ehtiyacın duyulduğunu qeyd etdi: “ABŞ-Türkiyə münasibətləri nə qədər pis olsa da, hər iki dövlət NATO üzvüdür. ABŞ Yaxın Şərqdə Türkiyəsiz iş görə bilməz. Bəzən bu əməkdaşlıq vasitəçilik üçün lazımdır, bəzən də birgə fəaliyyət üçün. Dünyanın 3-cü dünya müharibəsinə girməməsi üçün Türkiyənin vasitəçiliyi lazımdır. Rusiya prezidenti Putin üçün Ərdoğan önəmli tərəfdaşdır. Ukrayna məsələsi, Fələstin-İsrail müharibəsi və digər məsələlərdə Türkiyə önəmli oyunçudur. Amerikada yeni dönəmdə nəfəsliyə ehtiyac vardır. Dünyada daha da müharibəyə yaxınlaşacaq, ya da ki, keçici status kvoda razılaşacaq. Bunun hər ikisində Ərdoğan şəxsiyyəti ilə düzgün münasibət Amerikanın da, Rusiyanın da marağındadır”.

Qerbin "ermeni karti" ehemiyyetini itirir:

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy hesab edir ki, Türkiyə ABŞ üçün həyati əhəmiyyət daşıyır: “Dünya ciddi dəyişikliklər astanasındadır. Bu dəyişikliklər, sadəcə, Şərqdə, Qərbdə deyil, dünyanın hər bir nöqtəsində hiss edilməkdədir. Belə bir məqamda ABŞ-da NATO liderlərinin toplantısı baş tutacaq. Bu toplantıya qatılacaq qardaş Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-a üstün vəziyyətdə yollanır. Belə ki, artıq NATO-a qarşı etiraz aksiyaları keçirilir, ABŞ-ın hərbi bazalarının bağlanması məsələsi gündəmə gətirilir. Burada sadəcə rəsmi Vaşinqtonun aparmış olduğu savaşlar yox, həm də bunun gətirdiyi yüklü maliyyə məsələləri rol oynayır. Təsadüfi deyil ki, ABŞ da seçkilərə hazırlaşır və Donald Trampın şansı olduqca yüksəkdir. Trampın hakimiyyətə gələcəyi təqdirdə Türkiyə ilə münasibətlər hansı istiqamətdə inkişaf edəcək sualı da aktuallaşır. Əslində bundan öncəki dönəmdə Trampla Ərdoğan arasında çox gərgin münasibətlər müşahidə edilirdi. Ancaq Türkiyə həmin dövrdə də Suriyada istədiyini həyata keçirmişdi. Bu dəfə də bu siyasət davam edə bilər. Öncəki illərə nisbətən münasibətlərin normallaşmasını müşahidə edəcəyimizi düşünürəm. Donald Tramp hər zaman bu məsələni qabardırdı ki, biz boş yerə Yaxın Şərqdə trilyonlar itirdik. Hətta Avropa ölkələrini də tənqid edirdi ki, NATO-ya veriləcək pulları vaxtında vermirlər və biz onları qorumağa borclu deyilik. Belə bir situasiyada ən çox ehtiyac duyulan, Avropanın təhlükəsizliyinin də əslində təminatçısı kimi çıxış edən Türkiyədir. Bütün bunlarla yanaşı, həm də Rusiya-Ukrayna savaşının yaratmış olduğu reallıqlar kontekstində Türkiyə vacib tərəfdaşdır. Belə ki, həm Qara dənizin təhlükəsizliyi məsələsi, həm də perspektivdə danışıqlar üçün vasitəçi missiyasını daşıya biləcək Türkiyə ABŞ üçün həyati əhəmiyyət daşıyır. O nöqteyi-nəzərdən Ankara-Vaşinqton münasibətlərinin müsbət istiqamətdə inkişafını müşahidə edə bilərik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR