İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərazi mübadiləsi nəzəri baxımdan bəlkə mümkündür, amma...” - deputat

“Bakı və İrəvan bəzi sərhəd ərazilərinin mübadiləsini apara bilər”. 

Bunu Ermənistan hökumətinin nümayəndəsi Qor Tsarukyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib. 

“Referendum keçirilə bilər və çox güman ki, keçiriləcək, əgər tərəflər bəzi ərazilərin, məsələn, Voskepar, Berkaber üçbucağı və digərlərinin mübadiləsi barədə razılığa gəlsələr”, - o deyib. 

Qeyd edək ki, Tsarukyanın haqqında danışdığı sahələr bir-birinə yaxındır. Onların mübadiləsi sərhədi məntiqli edir. Məsələn, Qazaxdan Məzəm kəndinə, sonra Quşçu Ayrıma yol daha Ermənistan ərazisindən keçməyəcək. Eyni şey Voskepardan Kirantsa gedən yola aiddir. “Turan”ın məlumatına görə, görünür Bakı və İrəvan Azərbaycan və Ermənistan SSR-in keçmiş sərhədlərini bərpa etmək və bununla da onları daha rahat və məntiqli etmək üçün ərazi mübadiləsi aparmaq qərarına gəlib. Tsarukyan həmçinin bildirib ki, Ermənistan və Azərbaycanın beynəlxalq hüquqi müqavilə əsası var və bunun əsasında demarkasiya aparmağa başlayıblar. Sərhədlərin müəyyənləşdirilməsi SSRİ Baş Qərargahının 1974-1978-ci illər üçün xəritələrinə əsasən aparılır. Onun sözlərinə görə, Kirantsda iki yaşayış evi, bir neçə tikili və bir sıra torpaq sahəsi Azərbaycan tərəfinə keçib. Eyni zamanda, 4 Azərbaycan kəndinin müəyyən əraziləri Ermənistana keçib. O bunu SSRİ dövründə kənd sovetləri sədrlərinin, kolxoz direktorlarının tez-tez ərazi mübadiləsi aparması ilə izah edib ki, bu da inzibati sərhədlərdə əks olunmayıb. Tsarukyan onu da qeyd edib ki, delimitasiya prosesində məzmunu açıqlanmayan bir çox “həssas” məsələ var. “Ancaq proses birtərəfli olmayıb, qarşılıqlı güzəştlər olub”, - o əlavə edib. 

Erməni rəsmi nümayəndəsinin dedikləri nə dərəcədə həqiqətə yaxındır? Bakı doğrudanmı ərazi mübadiləsinə hazırlaşır? 1974-1978-ci illər üçün xəritələr nə xəritələrdir?

Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir  beynəlxalq tədbirə ev sahibliyi etdi - AZƏRTAC

Hikmət Babaoğlu: “Bu prinsipial məsələdə razılıq əldə olunarsa...”

Deputat Hikmət Babaoğlu yaranan bu suallarla bağlı “Yeni Müsavat”a danışdı. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası 19 aprel 2024-cü ildən başlayan siyasi prosesin məntiqi olaraq davam edir: “Bu proses çox həssas bir proses olduğu üçün yalnız yüz faiz razılaşdırılan və heç bir mübahisə doğurmayan məsələlər ictimaiyyətə açıqlanır. Hesab edirəm ki, bu çox doğrudur. Çünki əks təqdirdə hər iki ictimai rəydə emosional reaksiyalara səbəb ola bilər. Ümumi nəzəri kontekstdə bütün hallarda dövlətlər arasında, yəni şərti A və B dövləti arasında aparılan delimitasiya və demarkasiya prosesində sadəcə xəritə materialları deyil, həm də bir siyasi iradə mühüm əhəmiyyət kəsb edən bir faktordur. Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında sərhədlər demək olar ki, tarix boyu heç vaxt dövlət sərhədləri olmayıb. Ona görə də, bu vəziyyət prosesi bir qədər də gərginləşdirir. Belə olan halda Qor Tsarukyanın dediyi siyasi iradə məsələsidir. Ərazi mübadiləsi nəzəri baxımdan bəlkə mümkündür. Amma Azərbaycan tərəfi bu barədə heç bir fikir bildirməyib. Rəsmi Bakının mövqeyi belə olub ki, eksklav kəndlər, yəni bizə aid olub, amma bizim ərazimizdə olmayan kəndlərlə bağlı danışıqlar prosesində müəyyən razılaşmalar əldə edilə bilər. Bu fikir özü-özlüyündə həmin kəndlərdə kommunikasiyaların hansı formada və hansı şəkildə yaradılması məsələsi haqqında müəyyən fikir irəli sürməyə şərait yaradır. Düşünürəm ki, danışıqlar prosesində müəyyən mərhələdən sonra artıq bu, real danışıq predmetinə çevrilə bilər. Məsələ ondadır ki, hazırda demarkasiya prosesinin başa çatmasına mane olan əsas məsələ Azərbaycanın 4, Ermənistanın isə 1 kəndinin eksklav olmasında deyil. Əsas məsələ Zəngəzur dəhlizinin açılması ya da ermənilərin dediyi kimi, ”Meğri yolunun açılması" və burada azərbaycanlıların ərazilərinin birindən digərinə, yəni Azərbaycanın qərbindən Naxçıvana doğru maneəsiz keçməsidir. Mənə elə gəlir ki, burada razılıq əldə olunarsa, digər qalan məsələlərdə razılığın əldə olunması mümkündür. Digər tərəfdən onu da qeyd edək ki, sovet dövrü xəritələrində bir sıra hallarda hüquq yaratmayan aktlar və qərarlar əsasında Azərbaycanın torpaqları güzəştə gedilib. Ona görə də, hər şeydən öncə mənə elə gəlir ki, komissiya üzvləri bunu araşdırmalıdırlar. Onu müəyyənləşdirməlidirlər ki, Azərbaycanın 4 kəndi necə eksklav olub. Nəyin və hansı qərarların əsasında? Çünki Azərbaycanın tələblərindən biri də hüquq yaradan əsaslarda sərhədlərin delimitasiya və demakrasiya edilməsidir. Ona görə də, düşünürəm ki, hazırda bu məsələləri müzakirə etmək bir qədər tezdir. Ancaq bu məsələdə optimistəm. Hesab edirəm ki, Zəngəzur yolu və yaxud dəhlizi, yaxud da ermənilərin dediyi kimi, adı nə olursa olsun, Meğri yolu və ya dəhlizi kimi bu prinsipial məsələdə razılıq əldə olunarsa, digər qalan məsələlərdə bu və ya digər şəkildə razılıq əldə etmək mümkün olar".

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı: “Ermənistan bu mübadiləni əsasən anklavlara görə istəyir, çünki...”

Siyasi analitik Asif Nərimanlı erməni tərəfin məqsədlərinə toxundu: “Qazaxın 4 kəndinin qaytarılmasından sonra Ermənistan tərəfi bu məsələləri intensiv şəkildə gündəmə gətirir. Məqsəd həm ictimai rəydəki ittihamlara cavab vermək, həm də sərhədin delimitasiyasını öz maraqlarına uyğunlaşdırmaqdır. Birincisi, Kirants istiqamətində Ermənistanın nəzarətinə keçən ”ərazilər"in 20 hektara yaxın olduğu deyilir. Rəsmi İrəvan bunu Azərbaycanın verdiyi kimi təqdim etsə də, əslində bu ərazilər daha əvvəl neytral bölgə kimi istifadə olunub və minalanmış ərazilərdir. Kirants kəndinin sakinləri də bildirir ki, bu ərazilər kəndə məxsus olub, indi Ermənistan hakimiyyəti ləğv olunan neytral ərazini Azərbaycanın “güzəşti” kimi göstərir. İkincisi, ərazilərin mübadiləsi Ermənistan tərəfindən davamlı gündəmə gətirilsə də, rəsmi Bakının bu haqda heç bir mövqeyi yoxdur. Ermənistan bu mübadiləni əsasən anklavlara görə istəyir, çünki onların iddia etdikləri Başkəndin verilməyəcəyini bilirlər, digər tərəfdən, ermənilər gəlib burada yaşamayacaq. Ermənistandakı anklavlar - Kərki və Qazaxın üç anklav kəndi qaytarılsa, bu, strateji baxımdan da Azərbaycanın xeyrinədir. Buna görə mübadilə edilməsini istəyirlər. Mübadilənin demarkasiya olunan Qazax-Tavuş sərhədində - Voskepar, Berkaber üçbucağı və digərlərində edilməsi isə presedent yaratmaq məqsədi də daşıya bilər. Yəni sərhəd xəttində mübadilə presedenti yaratmaqla bunu sonradan anklavlar məsələsində də tətbiq etməyi istəyə bilərlər. Üçüncüsü, 1974-1978-ci illər üçün xəritələri Ermənistanın sərhədin hansı prinsiplə müəyyənləşməsi planının tərkib hissəsidir. İrəvan delimitasiya-demarkasiya prosesinin siyasi sənədi kimi Alma-Ata bəyannaməsinin, praktiki olaraq da SSRİ dağılanda mövcud olan xətlərin əsas götürülməsini istəyir. SSRİ dağılanda mövcud olan xətlər sonuncu xəritələrə uyğundur, 1974-78-ci il xəritələri də son xəritələrdir. Qazax-Tavuş xəttində bu prinsiplər əsas götürülsə də, sərhədin digər hissələrində fərqli yanaşma var. Ermənistan sərhədin bütün hissələrini sonuncu olan bu xəritələrə uyğun müəyyənləşməsindən yanadır, çünki bu, onlara sərhəddə üstünlük qazandırır. Azərbaycan isə bunu qəbul etmir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR