İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçından Trampa sərt ultimatum: “Xameneini təhqir etmə, yoxsa...”

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Trampa sərt şəkildə xəbərdarlıq edib. O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazaraq bəyan edib ki, əgər Tramp doğrudan da İranla yeni saziş bağlamağa həqiqətən maraqlıdırsa, “böyük ayətullah Xamenei və onun milyonlarla sadiq tərəfdarını təhqir etməkdən əl çəkməli və hörmətsiz, yersiz tonunu dəyişməlidir”.

Əraqçi paylaşımında ABŞ prezidentinin NATO-nun Haaqa sammitindən sonra özünə “papoçka” (ata) ləqəbi qazanmasına da eyham vuraraq bildirib: “İsrailin indi başqa yolu qalmayıb, yalnız "papoçka"ya qaçmaqla xilas olmağa çalışır ki, İran raketləri tərəfindən yer üzündən silinməsin.” O əlavə edib ki, İran heç vaxt təhdidlərə və təhqirlərə boyun əyməyəcək: “Hörmət hörmət yaradar.”

Bu sərt mövqe əslində Trampın bir neçə gün öncə Truth Social-da yaydığı sarsıdıcı açıqlamaya cavab idi. ABŞ prezidenti paylaşımında İranın ali lideri Xameneini “saxta rəhbər” adlandıraraq, onun İsrail üzərində qələbə iddiasını “axmaqlıq” kimi qiymətləndirmişdi. Tramp bildirib ki, İranın üç nüvə obyekti artıq məhv edilib, ölkə iqtisadi və hərbi baxımdan tamamilə çöküb və əgər o istəsəydi, Xameneini “çox dəhşətli və alçaldıcı ölümə” məruz qoyardı: “Mən onu İsrailə və ya ABŞ ordusuna öldürtməyə icazə vermədim. Beləcə, onu rüsvayçı bir ölümdən xilas etdim.”

Tramp həmçinin deyib ki, müharibənin son mərhələsində İsrailin Tehrana qarşı ən böyük hərbi hücumunu şəxsən dayandırıb. O qeyd edib ki, son günlər İranın iqtisadi dirçəlişi üçün sanksiyaların yumşaldılması barədə düşünürdü, lakin Tehrandan gələn “qəzəb, nifrət və ikrah dolu bəyanatlar” səbəbindən bütün bu planları ləğv edib.

Trampın sözlərinə görə, əgər İran qlobal qaydalara qayıtmasa, vəziyyəti yalnız daha da pisləşəcək: “Onlar həmişə pis, düşmən və bədbəxtdirlər. Bunun nəticəsi isə yanıb kül olmuş, dağıdılmış ölkə, çökən ordu, dəhşətli iqtisadiyyat və saysız-hesabsız ölümdür.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR