İnsanlara hürriyət, millətlərə istiqlal!

“Equinor” Azərbaycandakı layihələrdən çıxışı yekunlaşdırdı

Norveçin “Equinor” şirkəti Azərbaycanın Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi layihəsində, həmçinin Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətində iştirak paylarını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC-nin törəmə şirkəti – red.) şirkətinə satış prosesini yekunlaşdırıb.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da bu alqı-satqı müqaviləsi üzrə əməliyyat başa çatıb:

“Bu əməliyyatın ümumi məbləği 720 milyon dollar təşkil edib”.

Qeyd edək ki, 2024-cü il iyulun 19-da Norveç şirkəti SOCAR və “ONGC Videsh Ltd” ilə AÇG və BTC-dəki paylarının alqı-satqısına dair yenilənmiş və yekun müqavilə imzalayıb. AÇG layihəsində “Equinor”un 7,27 faizlik payının 6,655 faizni Azərbaycan Dövlət Neft Şirkəti, 0,615 faizini “ONGC Videsh Ltd” satıb. Equinor-un BTC-dəki 8,71 faizlik payının 7,96 faizini Azərbaycan, 0,75 faizini isə Hindistan tərəfi alıb.

“ONGC Videsh Ltd” “Equinor”un AÇG və BTC-dəki səhmlərinin bir hissəsinin alınmasına investisiyasının 60 milyon dollar təşkil etdiyini açıqlayıb.

Xəbər verildiyi kimi, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb, AÇG və BTC layihələri, o cümlədən “Qarabağ” yatağının işlənməsi layihəsindəki (bu ilin aprelində bağlanıb) 50 faiz olan payı müzakirə edilib. Bundan sonra “Equinor” SOCAR və “ONGC Videsh Ltd” ilə düzəliş edilmiş və yekun müqavilə imzalayıb.

Yeni sövdələşməni nəzərə alaraq, tərəflərin AÇG-də payı indi belədir: Britaniyanın “BP plc” - 30,37 faiz, Azərbaycan Dövlət Neft Şirkəti - 31,655 faiz, Macarıstanın MOL - 9,57 faiz, Amerikanın “ExxonMobil” - 6,79 faiz, Hindistanın “ONGC Videsh” - 2,925 faiz, Yapon “Inpex Corp.” - 9,31 faiz və ITOCHU Oil - 3,65 faiz, Türkiyə TPAO - 5,73faiz.

Hazırda BTC Co-nun səhmdarları: Britaniyanın “BP plc (30,1 faiz), Azərbaycanın SOCAR (32,96 faiz), Macarıstanın MOL (8,9 faiz), Türkiyənin TPAO (6,53 faiz), İtaliyanın Eni və Fransanın “TotalEnergies” (hər biri 5 faiz), Yaponiyanın “Itochu” (3,4 faiz), Amerika “ExxonMobil” və Yapon “Inpex” (hər biri 2,5 faiz), Hindistan “ONGC Videsh” (3,11 faiz).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR