Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın qlobal tədbirə ev sahibliyi etməsinə sancılı münasibət təsdiq etdi ki, bəzi Qərb dairələri ikili standartlarla “zəhərlənib” və heç bir “yaşıl enerji” onları üzləşdikləri mənəvi-əxlaqi fəlakətdən xilas edə bilməz
Bakı mühüm, dünya miqyaslı tədbir ərəfəsindədir. COP29 müasir Azərbaycan tarixində keçiriləcək ən böyük tədbir hesab olunur. Şəhəri indi “oğlan evinin toy hazırlığına” da bənzətmək olar: hər tərəfdə son tamamlama işləri gedir, plakatlar asılır, yaddan çıxa biləcək əyər-əskiklər yoxlanılır. Kənardan olsa da, təşkilatçıların bu həyəcanını hiss etməmək mümkün deyil. Üstəlik, bu həyəcanın içərisində yaxınlaşmaqda olan Zəfər bayramımız, milli mətbuatımız üçün önəmli bir tarix- “Yeni Müsavat”ın 35 illiyi də var. Əsil əqrəb bürcü mövsümü... Yəni biz də bekar durmuruq, dövlət səviyyəsində tədbir səbəbindən bu tarixi inşallah, ayın sonunda qeyd ediləcək. Hələlik isə əsas diqqət təbii ki, noyabrın 11-dən 24-dək paytaxtımızın ev sahibliyi edəcəyi COP-a (Conference of the Partie-Tərəflərin Konfransı) yönəlib.
Dubaydakı COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə növbəti tədbirin Bakıda keçirilməsinə səs verməsi də göstərir ki, ölkəmizin bu tədbiri yüksək səviyyədə təşkil edəcəyinə böyük inam var, üstəlik bu həm də çox ciddi məsuliyyətdir ki, şübhəsiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun öhdəsindən Azərbaycan layiqincə gələcək.
Heç kim onu da inkar etmir ki, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizə regional və beynəlxalq miqyasda dividentlər qazandıracaq. Dövlət qazanacaqsa, vətəndaş da qarşılaşdığı mümkün müvəqqəti problemləri 10 gün görməzdən gələcək, bu da necə deyərlər, bizim üzərimizə düşən işdir. Vətəndaşlıqdan söz düşmüşkən, Azərbaycanda bir qisim adamlar var ki, belə müvəqqəti problemlərdən “fil düzəldib”, onları sosial şəbəkələrdə yaymağı özlərinə peşə seçib. Kimsəyə nəyisə qadağan etmək olmaz, amma məsləhətdir ki, bu tədbirin Azərbaycanımızın adına olduğunu unutmayaq. COP29-un açılış mərasiminə dünyanın bütün qitələrindən 50-dən çox dövlət və hökumət başçısı gələcək, elələri var ki, ilk dəfə ölkəmizdə olacaq, paytaxtı görəcək. Bu, Azərbaycanı daha yaxından tanımaq fürsəti deməkdir. Unutmayaq ki, COP29 ölkəmizə iqtisadiyyat, investisiya, turizm də daxil olmaqla bir çox sahələrdə də töhfələr verəcək.
Bu tədbir hazırlığı bir daha göstərdi ki, ölkəmizin bədxahları Bakıda bundan əvvəlki keçirilən miqyası tədbirlərdə olduğu kimi yenə “yuvalarından çıxıblar”, imkan olan hər tərəfdən dövlətimizin üzərinə gəlirlər. Adam hərdən düşünür ki, bizim torpaqlarımızı işğal edən cəmi bir düşmənimiz vardı, ordumuz da dərslərini verdi. Azərbaycanın şərtlərini qəbul edib, sülh sazişi imzalayacaqlarsa, lap yaxşı. Yox, yenə də məsələn, bəzi qızışdırıcı dövlətlərin ağlına uyacaqlarsa, sonda yenə onlar peşman olacaqlar. Bu, bəllidir. Bəs, digərləri bizdən verib-ala bilmədiyi nədir ki, bu qədər yalan-palan uydurur, Azərbaycanı nüfuzdan salmağa çalışır, COP29-a ev sahibliyi etdiyimiz üçün davamlı sancılı reaksiyalar verirlər.
Azərbaycan hələ bir ay əvvəl COP29 naminə birgə atəşkəs çağırışı elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və tanınmış şəxslər bu çağırışa qoşulub. Bakıda tədbir başlayanda da Olimpiya Oyunlarında olduğu kimi, Azərbaycan bütün dünyaya yenə atəşkəsə çağırış edəcək. Yəni bu tədbir təkcə iqlim məsələləri ilə məhdudlaşmayacaq, eyni zamanda dünyada sülh və təhlükəsizlik məsələləri də bu toplantıda əhəmiyyətli yer tutacaq. Dünyadakı indiki gərginlikdə, xüsusilə Yaxın Şərqdəki vəziyyət sülh çağırışının reallaşacağına ümid vermir, amma Azərbaycan bu çağırışla bir daha öz sülhpərvər missiyasının göstərir.
Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə Qərbin bəzi dairələrinin qısqanc və qərəzli münasibəti əslində, həm də anlaşılmazdır, çünki COP-un ali məqsədi qlobal iqlim problemlərinin və ekoloji fəlakətlərin qarşısını almaqdır. Fürsət düşəndə özlərini bəşəri dəyərlərin təbliğatçısı, hətta müdafiəçisi, dünyanın “xilaskarı” hesab edən bəzi dövlətlər və onun əlaltı strukturlarının (məsələn, Avropa Parlamenti, ABŞ Konqresi) Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə ağrılı münasibəti təsdiq etdi ki, ali dəyərləri, qlobal problemlərə yanaşmaları ikili standartlarla “zəhərlənib” və heç bir “yaşıl enerji” onları bu üzləşdikləri mənəvi-əxlaqi fəlakətdən xilas edə bilməz.
Azərbaycanımız üçün xeyirli-uğurlu olsun...
Nazim SABİROĞLU
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ