Onlayn ictimai-siyasi qəzet
Ekspert hesab edir ki, təhsilə diqqət artırılmasa, bir çox sahədə geri qalacağıq; “Testləri əzbərlədirlər, uşaqlarda düşünmə qabiliyyəti yoxdur”
İnsanın zehni qabiliyyətinin ölçüsü olaraq tanınan İQ (İntellektual Quotient), həyatımızda əhəmiyyətli bir yer tutur. İQ insanların zehni qabiliyyətlərini və düşünmə bacarıqlarını ölçmək üçün istifadə edilən rəqəmsal dəyərdir. Bu rəqəm insanın yaşına görə nisbi zehni qabiliyyətini göstərir. İQ testləri, müxtəlif məntiqi və məntiqi olmayan sualları əhatə edərək, şəxsin yaddaş, analitik düşüncə, məntiqi qurma və qavrayış kimi bacarıqları ölçür. İQ səviyyəsi, həm şəxsi həyatda, həm də peşəkar fəaliyyətdə mühüm rol oynayır. Yüksək İQ səviyyəsinə sahib insanlar tez-tez daha yaxşı problem həll edə bilirlər, mürəkkəb məsələləri daha asan anlayır və yeni məlumatları tez öyrənirlər.
Azərbaycan IQ səviyyəsinə görə dünyada 51-ci yerdədir (Litva və Norveç arasında). Beynəlxalq IQ Reyestrinə əsasən, Çin lider, İran ikinci, Cənubi Koreya isə üçüncü yeri tutub.
Siyahını Benin, Anqola və Qabon tamamlayır.
Rusiya 6-cı, Gürcüstan 21-ci, Türkiyə 46-cı yerdədir. Ümumilikdə reytinqdə 127 ölkə yer alıb.
Tədqiqat 2024-cü ildə bu saytda eyni testdən keçən dünya üzrə 1.393.066 nəfərin məlumatlarına əsaslanır.
Əsas diqqət çəkən məqam isə İranın ikinci yerdə qərar tutmasıdır. Halbuki bəzi ekspertlər israrla bildirirdilər ki, din amilinə görə müsəlman ölkələri İQ səviyyəsinə görə geridə qalır.
Azərbaycan niyə İQ səviyyəsinə görə geridədir? İQ səviyyəsini artırmaq üçün nələrə diqqət edilməlidir?
Bəzi mənbələrdə qeyd edilir ki, İQ səviyyəsini artırmaq, müxtəlif yanaşmalar və fəaliyyətlər vasitəsilə mümkündür. Düzgün qidalanma, fiziki və zehni fəaliyyətlər, yaxşı yuxu, daimi öyrənmə, sosial əlaqələr, stressi idarə etmək və İQ-ni düzgün ölçmək və izləmək, İQ səviyyəsinin yüksək qalmasına və ya artmasına kömək edə bilər. Özünüzü inkişaf etdirmək və zehni qabiliyyətlərinizi artırmaq üçün bu tövsiyələrə əməl etmək mühümdür. İQ səviyyəsi, sadəcə, zehni qabiliyyətlərinizin bir ölçüsü deyil, həm də öyrənmə və inkişaf potensialınızın bir göstəricisidir.
Ekspertlərə görə, Azərbaycanda İQ səviyyəsinin aşağı olmasının bir neçə səbəbi var. Əsasən 1-5 yaşlı uşaqların cəmi 14%-nin məktəbəqədər təhsillə əhatə olunması amil olaraq qeyd olunur. Belə ki, məktəbəqədər təhsil uşaqların erkən yaşlarda zehni və sosial inkişafı üçün vacibdir. Aşağı əhatə səviyyəsi gələcəkdə intellektual qabiliyyətlərin tam inkişaf etməməsinə səbəb ola bilər. Təhsil sistemində şəhər və kənd bölgələri arasında fərqin olması da mənfi qiymətləndirilir. Müasir təlim metodlarının və texnologiyalarının tətbiqində çatışmazlıqlar müşahidə edilir. Keyfiyyətli və bərabər təhsil imkanlarının olmaması analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişafını məhdudlaşdırır. Yetərli qidalanma və sağlamlıq xidmətlərinin olmaması uşaqların beyin inkişafını ləngidə bilər. Mikronutriyent çatışmazlığı (məsələn, yod, dəmir) sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Eyni zamanda mədəniyyətin intellektual fəaliyyətlərə daha az əhəmiyyət verməsi, oxumaq və elmi fəaliyyətlərə marağın az olması zehni inkişafı məhdudlaşdıra bilər. Zehni fəaliyyətlər üçün əlverişli mühitin olmaması intellektual qabiliyyətlərin tam inkişaf etməməsinə gətirib çıxarır.
Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu məsələnin kökündə əsasən təhsil dayanır: “Təhsilimiz son 30 ildə tənəzzülə doğru gedir. Hazırda elə bir ailə yoxdur ki, məktəblərdən razı olsun. İnsanın formalaşması, təfəkkürü, şəxsiyyəti, intellekti məktəbdə formalaşır. Məktəb sistemi də belə qurulub ki, bütün fənlər bir-birinə inteqrasiya olub, öyrənmə prosesi kollektiv şəkildə təşkil olunub, ənənələr bu metodika əsasında qurulur. Hər şey repetitorluğun ixtiyarına keçib. Onlar da ancaq testləri əzbərlədirlər, nəticədə uşaqlarda düşünmə qabiliyyəti yoxdur. Bir sözlə, orta məktəbin fəaliyyətinin pozulması, repetitorluq fəaliyyətinin kütləvi hal alması, testlərin həlledici rol alması hazırkı nəticənin yaranmasına səbəb olub. Dərsliklərin səviyyəsi də dəhşətli dərəcədədir. Kurrikulumlara keçid oldu, amma bu keçid çox səmərəsiz oldu. Müəllimlər kifayət qədər hazırlaşmadı. Yəni məktəblərdə problemlər həddən artıq çoxdur. Məktəb təhsili demək olar ki, dağılıb. İQ səviyyəsinin də formalaşması əsasən məktəb bazasında olan biliklər əsasında yaranır. Başqa səbəblər də var. Ümumiyyətlə, cəmiyyətdə maariflənmə də aşağı səviyyədədir. Elmin populyarlaşması yoxdur. Uşaqlar mütaliə etmir”.
Dosent İranın ikinci yerdə olmasına diqqət çəkib: “Bir çoxları kimi mənim üçün də İranın İQ səviyyəsinə görə ikinci yerdə olması gözlənilməz oldu. Amma biz nəzərə almalıyıq ki, İranda elm və təhsil qəribə də olsa "molla" rejimi yaranandan sonra inkişaf edib, özü də sanksiyalar dövründə. 80-ci illərdə İranda 20 universitet var idi, 2000-ci ildə 200 universitet oldu, bu gün 236 universitet var. İranda innovasiyaların inkişafına milyardlarla investisiyalar qoyulub. Universitetləri heç də Türkiyə universitetlərindən geridə qalmır".
Azərbaycanda İQ səviyyənin aşağı olmasının bir səbəbi də məktəbəqədər təhsilin zəif təşkili ilə bağlı olduğunu deyən İlham Əhmədov qeyd edib ki, uşağın əsas inkişafı, şəxsiyyətin formalaşması 6-7 yaşına qədər yaranır: “Təhsil sistemi dağıdıldı, özəlləşməyə verildi. İndi-indi uşaq bağçaları şəbəkəsini genişləndirmək istəyirlər. Uşaqların məktəbəqədər təhsilinin əlçatanlığı aşağı səviyyədədir. Bu, uzun müddət ölkədə təhsil sistemində olan sistemsizlik, strategiyasında təhsil fəlsəfəsinin bu günə kimi müəyyən olunmaması, təhsil tədqiqatlarının aparılmamasının nəticəsidir. Təsəvvür edin, təhsil büdcəsinin 0.001 faizi təhsil tədqiqatlarına ayrılıb. Bu heç nə deməkdir. Bu məbləği də biz araşdırsaq, görəcəyik ki, bunun içində də tədqiqat azdır. Təhsilin tədqiqatlarının araşdırmaları olmasa, problemlərin monitorinqi olmasa, həll yolları tapılmasa təhsil inkişaf edə bilməz. Bu məsələdə kompleks yanaşma lazımdır. Hərbi sahədə olduğu kimi, təhsilə də diqqət artırılmalıdır. Büdcəni artırmaqla təhsilin problemləri həll olunmur. Elm və Təhsil Nazirliyinin potensialını gücləndirmək lazımdır, peşəkar insanlarla, alimlərlə. Təhsildə təcrübəsi olmayan insanlar illərdir ki, təhsil sistemində rəhbərlik edirlər. Onların da heç bir proqramı, planı, strategiyası yoxdur. Ancaq pullar xərclənir, irəliləyiş isə yoxdur. Bunların nəticəsində də ölkəmizdə innovasiyalar yoxdur, innovasiya indeksində də aşağı yerdəyik. Digər tərəfdən, neftimiz tükənməyə doğru gedir, internet sektoru inkişaf etməlidir. Bilik iqtisadiyyatı yaradılmalıdır, amma təhsil olmayanda bunlar da mümkün deyil”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ