İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Uçarın şirkəti Naxçıvan Universitetinə Texnopark tikib: damı vurmağı unudublar - FOTOLAR

Naxçıvanda tikinti-yeyinti işləri bir deyil, iki deyil. Büdcə vəsaiti hesabına tikilən, restavrasiya, rekonstruksiya olunan hansı obyektə barmağını tuşlasan, bir xeyli uyğunsuzluq, qanunsuzluq aşkara çıxır.

Məsələn, Naxçıvanın ən böyük məktəbinin bir yox, iki deyil, 3 mərtəbəsinin foyesinin yellənib əsməsi, Tivi kəndində Su Elektrik Stansiyası üçün inşa edilən, hələ istifadəyə verilməyən su ötürücü beton konstruksiyalarda dərin çatların əmələ gəlməsi, ümumiyyətlə elektrik istehsal edən turbinlərin ortada yoxluğu, “Duz İstehsal Müəssisəsi”ndə quraşdırılmış avadanlıqların duz istehsalı üçün yararsızlığı kimi hallar bu qəbildəndir.

Naxçıvanda büdcə pullarını belə “yeyiblər”

Naxçıvana ezam edilmiş Musavat.com əməkdaşı Naxçıvan Dövlət Universitetinin sifarişi ilə inşa olunan Texnologiyalar Parkında da olub.

Naxçıvanda dövlət büdcəsi hesabına inşa olunan əksər tikintilər uzun illər Vasif Talıbovun “Gəmiqaya” Holdinqinə həvalə olunub. Bu baxımdan əksər tikintilər heç bir layihə-smeta, tikinti izni olmadan aparılıb. Bu cür yanaşma dövlət büdcəsindən ayrılan vəsaitlərin istənilən şəkildə payi-mal olunmasına, mənimsənilməsinə şərait yaradıb.

“Xan”ın kadrları yeni biçimdə

Vasif Talıbovun 27 illik “xanlığı”na son qoyulandan sonra onun dövründə formalaşan büdcəxortumlama sistemi də pillə-pillə dağıdılmaqdadır. Təbii ki, Vasif Talıbov və ətrafı dəyişiklikləri ciddi müqavimət, süngü ilə qarşılayıblar. Əllərində topladıqları resursları ciddi-cəhdlə qorumaq üçün bütün vasitələrdən istifadə edir, köhnə kadrlarını yeni biçimdə meydana çıxarmaqla yeniliklərin qarşısını almaqda israrlı görünürlər.

“Xan”ın Asəfi dönüb olub Uçarın yavəri

ASEF SON.jpeg (46 KB)

Naxçıvanda baş çəkdiyimiz əksər obyektlərdə qarşımızda Asəf Məmmədovu görməyimiz də bu məqsəddən xəbər verirdi. Bu şəxs Vasif Talıbovun dövründə baş nazirin müavini, Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sədri postlarını tutub. Onun “yüngül əli” ilə Vasif Talıbov yüz milyonlarla büdcə vəsaitini özünün Holdinqinə daxil olan şirkətlərə ötürüb.

Asəf Məmmədov bu gün Vasif Talıbovun şəriki Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edir.

ARKOZ.jpeg (150 KB)

NDU Texnologiyalar Parkında biabırçı durum – damı vurulmayan bina daxilində təmiri yağış yuyur!

Naxçıvanda büdcə pulları hesabına aparılan tikintilərin az qala 90 faizi Vasif Talıbovun şəriki Emin Uçarın rəhbərliyi altında inşa olunub. Naxçıvan Dövlət Universitetinin (NDU) Texnologiyalar Parkı da bu baxımdan istisna deyil. 2018-ci ildən bu yana inşa edilən Texnologiyalar Parkında bu gün 4 və 2 mərtəbəli binalardan başqa hər hansı bir iş diqqət çəkmir. Üstəlik, 4 mərtəbəli binanın dam örtüyü olmadığı bir halda bina daxilində elektrik xətləri çəkilib, təmir işləri aparılıb, havalandırma sistemi, kondisionerlər quraşdırılıb. Tikinti aparanların dam örtüyünü “unutduqlarından” yağan yağış və qar birbaşa binanın içinə tökülür və bina daxilində aparılan işləri də zay edir.

Ümumiyyətlə, “Arkoz”un Naxçıvanda inşa etdiyi doğum evində, hərbi hospital binalarında da durum fərqli deyil. Fərq ondandır ki, həmin binalara “Arkoz” dam örtüyü vurub, amma vurulmuş örtük yağış və əriyən qarın binanın daxilinə axmasının qarşısını almır.

Doğum evi və hərbi hospital binalarındakı acınacaqlı vəziyyəti əks etdirən videoları təqdim edirik.

Fəhlələri ayağa qaldırmaq üçün pullarını ödəmirlər!

“Texnopark”da olduğumuz zaman Asəf Məmmədov orada da peyda oldu. Onun ətrafında əyinlərində üzərində “Gəmiqaya”, “Arkoz” sözləri yazılmış formalı fəhlə və ustalar da vardı.

FEHLE.jpeg (25 KB)

Usta və fəhlələri əsasən 3 aya yaxındır ödənməyən əməkhaqları maraqlandırırdı. Asəf Məmmədov isə bütün günahı “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri İsmayıl Əhmədovun üzərinə yönəltməyə çalışırdı. İddia edirdi ki, tikinti işlərini dayandıran odur.

Texnoparkda tikintini kim dayandırıb?

İsmayıl Əhmədov isə Asəf Məmmədovun diqqətinə çatdırdı ki, tikintini o deyil, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi aşkar olunan nöqsanlara görə dayandırıb.

TİKİNTİ EN SON.jpeg (529 KB)

İsmayıl Əhmədovun istinad etdiyi qərar bu il oktyabrın 12-də verilib.

OKTYABR.jpeg (134 KB)

Tikinti obyektində aşkar olunmuş pozuntuların təsvirində elə ilk cümlədə yazılır: “Tikintiyə icazə sənədi yoxdur”. “Gəmiqaya” şirkəti” MMC (hazırda adı “Arkoz İnşaat Şirkəti” MMC ) tərəfindən layihələndirilən 1 mərtəbəli biopark binası layihə üzrə tikilsə də, sonradan həmin mərtəbənin üzərinə 1 mərtəbə də əlavə olunaraq (2 mərtəbəli) tikilib.

Qeyd edək ki, bu cür hallarda mövcud obyektin istismar vəziyyətini, yararlılığını və işlək qabiliyyətini xarakterizə edən, onun gələcək istismar və ya bərpa-gücləndirilmə imkanlarının müəyyənləşdirilməsi və dəyərləndirilməsi üçün müayinə işləri aparılmalı idi. Yəni bununla bağlı görülmüş işlər (2-ci mərtəbənin tikilməsi) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmayıb. Tikinti dövrü əlavə olunmuş mərtəbəyə çıxış üçün binanın daxilindən yeni pilləkən qəfəsəsi yaradılan zaman həmin hissədə mövcud dəmir-beton konstruksiyalı mərtəbə örtüyü kəsilərək ləğv edilib. Həmçinin 2-ci mərtəbənin sütunları ilə 1-ci mərtəbə sütunlarının armatur millərinin birləşdirilməsi (bağlantısı) layihənin konstruksiya hesabatı olmadan və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmadan yerinə yetirilib. Nəbatat bağı binasında aparılan tikinti işləri layihələndirilən layihə üzrə aparılmayıb. Yəni bu binada da layihə üzrə icra olunmuş və quraşdırılmış dəmir-beton konstruksiyaların sonradan sökülməsi halları aşkar olunub.

SENTY.jpeg (231 KB)

Araşdırmalar zamanı məlum olub ki, layihəçi təşkilat olan “Gəmiqaya” Şirkəti” MMC (hazırda adı “Arkoz İnşaat Şirkəti” MMC) tərəfindən hazırlanmış Texnologiyalar Parkının layihə sənədləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsində tələb olunan tərkibdə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydalarının 4-cü bəndinə (ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydasına) uyğun hazırlanmayıb. Baxmayaraq ki, layihəçi tikinti layihəsinin Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin etməlidir və buna görə cavabdehlik daşıyır. Tikintidə layihəçi tərəfindən müəllif nəzarəti aparılmayıb və müəllif nəzarətinin aparılması üçün məsul şəxslər təyin edilməyib (müəllif nəzarəti jurnalı olmayıb). Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin həyata keçirilməsi aparılmır. Belə ki, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının tərtib olunması və istənməsi, eləcə də sonradan üstü örtülən işlərin (özülün torpaqla doldurulması, hidroizolyasiya işləri, armaturlanmış konstruksiya elementlərinin betonlanması və s.), məsul konstruksiyaların aktlarının tərtib edilməsinə əməl olunmayıb. Həmçinin istifadə olunan materialların keyfiyyətini yoxlayacaq akkreditasıya olunmuş laboratoriyalar haqqında məlumat yoxdur.

NDU-ya tikilən Texnopark sökülə, “Arkoz” rəhbərliyi həbs oluna bilər!

Qərardan aydın olur ki, bütün pozuntuların aradan qaldırılması üçün “Arkoz İnşaat Şirkəti” MMC-yə göstəriş verib.

Həmin göstərişə görə, “Arkoz İnşaat Şirkəti” MMC Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə tikinti işləri dayandırılmış obyektində aşkar olunmuş pozuntular və tikintinin aparılmasına əsas verən sənədlər tam həcmdə hazırlanmalıdır. Layihədən kənarlaşmalar olduğu üçün müayinə işləri aparılmalı və sonra işçi layihə sənədlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunlaşdırılması, yoxlanılması, hesabatının hazırlanması və layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi üçün müvafiq işçi layihə sənədləri hazırlanmalıdır.

Tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün müəyyən edilmiş müddət 30 gün olub.

O da məlum olub ki, 12 oktyabrda verilən qərar bir gün sonra “Arkoz İnşaat Şirkəti” MMC-yə təqdim olunub. 1 aylıq müddət ötsə də, Emin Uçarın rəhbərlik etdiyi MMC-dən Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə pozuntuların aradan qaldırılması haqda hər hansı bir məlumat verməyib.

Ərazidə olanda onu da öyrəndik ki, tikinti obyektinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görülə bilər. Eyni zamanda MMC rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunma məsələsinin də diqqətdən keçirilməsi üçün əsaslar var.

1 milyon 900 min pul alıblar, işin 30 faizini görüblər!

İsmayıl Əhmədov onu da bildirdi ki, dövlət büdcəsindən layihənin icrası üçün ödənməli olan məbləğin 90 faizi – təxminən 1 milyon 900 min manatı “Arkoz”un hesabına köçürülüb. Bunun qarşılığında isə “Arkoz” işlərin təxminən 30 faizini gerçəkləşdirib. Asəf Məmmədov fəhlə və ustalara pul ödənməməsinin, binanın dam örtüyünün vurulmamasının günahını Naxçıvan hakimiyyət orqanlarının üzərinə yönəltməyə çalışırdı. İsmayıl Əhmədov isə ona dedi ki, binanın damının olmamasının günahkarı “Arkoz”dur, pulun 90 faizini alsa da, işin yarıdan azını görüb. İlk növbədə görülməli işi – dam örtüyünü vurmayıblar. Ümumilikdə dövlətin bu layihəyə görə “Arkoz”a 200 min manata yaxın borcu var, həmin məbləğ də tikinti işləri yekunlaşacağı təqdirdə şirkətin hesabına köçürülə bilər.

Beləcə, Naxçıvan Dövlət Universitetinin 5 il əvvəl tikintisinə başlanan Texnologiyalar Parkındakı əsas bina damsız, usta və fəhlələr isə əməkhaqqından məhrum vəziyyətə salınıblar. “Naxçıvanda baş verənlər kimlərin marağındadır və pullar kimlərin cibindədir” sualına isə hüquq-mühafizə orqanları cavab verməlidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Bakı-Naxçıvan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR