İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır”

“Dövlət sirrini qorumaq və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun davranmaq hər birimizin borcudur”.

Bu fikirləri Musavat.com-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı durumunda Silahlı Qüvvələrdə gedən prosesləri çılpaqlığı ilə istər KİV-də, istərsə də sosial şəbəkələrdə yaymaq məqsədəmüvafiq deyil:

“Biz Vətən müharibəsində qalib gəldik. Amma bizim bu qələbəmizi həzm edə bilməyən qüvvələr var. Eyni zamanda düşmən də revanş hissləri ilə yaşayır. Bununla yanaşı, son zamanlar ordunun daha mükəmməl duruma gətirilməsi üçün müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Yeni komando briqadaları yaradılması və digər işlər görülür. Belə bir durumda Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək informasiyalar görülən işlərə kölgə sala bilər. Bu isə indiki durumda nə Azərbaycan dövlətinin, nə də Azərbaycan vətəndaşının maraqlarına cavab verir. Buna görə də diqqətli olmaq lazımdır”.

Emin Həsənli Azərbaycan ordusunun sağlamlaşması prosesində informasiya resurslarının rolunu yüksək qiymətləndirir:

“İstər dövlətin, istərsə də dövlətin mühüm sütunu olan ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır. Amma bu resurslardan düzgün və dövlət maraqlarına uyğun istifadə olunması çox vacibdir. Hər bir vətəndaşın, hər bir informasiya resursu ilə işləyən jurnalistin, blogerin vəzifəsidir ki, Azərbaycan ordusunun, Ali Baş Komandanın nüfuzunu yüksək tutsun. Bunun üçün əlindən gələni etsin. Hesab edirəm ki, həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlığından düzgün nəticə çıxaracaq və bundan sonra belə xoşagəlməz hallar yaşanmayacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR