Onlayn ictimai-siyasi qəzet
Ekspert deyir ki, bundan sonra nəzarət mexanizmi yaranacaq və...
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.
Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:
“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”.
Bəzi ekspertlər bunun həyata keçməyəcəyini, keçərsə də, Azərbaycanda uğurla nəticələnməyəcəyini deyirdilər. Qeyd edilirdi ki, saatlıq əməkhaqqı sistemində işçilərin gəliri aylar üzrə dəyişkən ola bilər. Bu da onların uzunmüddətli plan qurmasını çətinləşdirir. Ən əsası, qeyri-sabit gəlir pensiya ödənişləri və sosial sığorta haqlarının da qeyri-müntəzəm ödənilməsinə səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi işəgötürənlər saatlıq əməkhaqqı sistemindən sui-istifadə edib işçiləri rəsmi olaraq az saat göstərib, əslində isə daha çox işlətdirə bilərlər. Bu da əmək hüquqlarının pozulması deməkdir. Əgər saatlıq əməkhaqqı aşağı müəyyənləşdirilərsə və iş saatları az verilərsə, bir çox insan faktiki olaraq yaşamaq üçün kifayət etməyən gəlirlə üzləşə bilər.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Burada yalnız hesablama mexanizminin dəyişməsindən söhbət gedir. Sadəcə olaraq, qanunvericilik bazası bu dəyişikliyə uyğunlaşdırılır. Yəni qanunvericilik toplusunun təkmilləşdirilməsindən söhbət gedir. Əvvəllər minimum aylıq əməkhaqqının hesablanması olub. Minimum sanatlıq olanda isə bunların hamısı dəyişdirilir.
İkinci məsələ də çevikliyin artırılması, nəzarətin təkmilləşdirilməsi üçün vacibdir. Bizdə minimum əməkhaqqı aşağıdır deyə çox adamın əməkhaqqı minimum əməkhaqqıdan üstündür. Amma əməkhaqqılar artırıla-artırıla davam edir, sabah elə olacaq ki, minimum əməkhaqqı doğrudan da vacib elementin instrumentinə çevriləcək.
Elə indi də minimum əməkhaqqına görə əməkhaqqı alanlar var. Xüsusən də qısamüddətli müqavilələri olan, az saatla işləyən şəxslərə minimum saatlıqdan aşağı qiymət çıxarmaq mümkün olmayacaq. Bu, imkan verir ki, vətəndaşın vergiləri, sosial ödənişləri düzgün hesablansın, ödənsin. Həm də nəzarət mexanizmi yaranacaq. Məsələn, biri o birisindən dah artıq, 12 saatlıq iş görür. Minimum aylıq əməkhaqqını tətbiq etmək olmur, bilmək olmur ki, minimum standartlara riayət olunub-olunmayıb. Bu, sırf minimum standartlarının qorunması üçündür. Həm də cəmiyyət dəyişir, iqtisadi quruluş dəyişir, işin xarakteri dəyişir. Dünyanın inkişaf etmiş ölkələrinin yaxşı praktikaları var ki, minimum aylıqdansa, minimum saatlıq işin tətbiqini daha uğurlu hesab ediblər. Bu da həm çeviklik, nəzarət, həm də hüquqların qorunmasına imkan verir”.
İqtisadçı xatırladıb ki, öncəki illərdə minimum əmək haqqının aylıq hesablanması sovet dövründən gələn təcrübə ilə həyata keçirilirdi:
“Mərkəzləşmiş iqtisadiyyatda, dövlət sektorunda fəaliyyət göstərənlərin stabil iş yerləri var idi və hər kəs aylıq maaş alırdı. Bu, sistemin tələbləri ilə əlaqədar idi. Lakin indiki dövrdə “freelance” və qısamüddətli işçilərin sayı artıb, insanlar daha çox fərdi şəkildə çalışır. Bəzən işə getmədən, evdən fəaliyyət göstərirlər. Minimum əmək haqqı isə yalnız aylıq gəlirlərə tətbiq edilir.
Bu dəyişikliklər dövlət və özəl sektorda aylıq maaş alan işçilərə təsir etməyəcək. Amma “freelance” və həftədə 40 saatdan az işləyənlər üçün dəyişikliyin təsiri olacaq.
Lakin 10 saatlıq iş üçün nə qədər əmək haqqı verilməsi barədə hələ bir standart yoxdur. Bu problemə görə, saatlıq əmək haqqı tətbiq ediləcək. Beləcə aylıq iş günləri hesablanacaq və hər bir saatın əmək haqqı müəyyənləşdiriləcək. Bu, həm işçilərin hüquqlarının qorunmasına, həm də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək. Həmçinin, şirkətlər üçün də faydalı olacaq. Çünki sezon dövründə daha çox iş saatı tələb olunduğu halda bu dəyişiklik onların fəaliyyətini tənzimləyəcək.
İnkişaf etmiş ölkələrə, xüsusilə də bazar iqtisadiyyatı ilə idarə olunan Qərb dövlətlərinə baxanda görürük ki, orada minimum əmək haqqı saatlıq əsasda müəyyən edilir. Minimum əmək haqqı tətbiqi isə daha çox köhnə sosialist dövlətlərində yayılıb”.
Afaq MİRAYİQ,
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ