Onlayn ictimai-siyasi qəzet
Professor: “Elmlər doktoru dərəcəsi “dünyada yoxdur” demək kökündən yanlışdır”
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə çıxışı günlərdir ki, müzakirələrə səbəb olub. O bildirib ki, dünyanın heç bir yerində - normal ölkələrdə, ümumiyyətlə, elmlər doktoru yoxdur, bizdə var.
Qeyd edək ki, təhsil camiəsində nazirlik rəsmisinin təklifini dəstəkləyənlər də olub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki, Avropada doktoranturanın ikinci pilləsi - elmlər doktoru üzrə qəbul artıq keçirilmir, bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb:
“Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır. Xırda xərcləri çıxsaq, elmlər doktoru elmi dərəcəsini almaq üçün alimə azı 10 min manat pul lazımdır. Sonra isə müdafiə prosesində sənəd işlərinə də 2 min manat. Niyə mən bu qədər pulu verib elmlər doktoru elmi dərəcəsi almalıyam ki, sonda 60 manat fəlsəfə doktoru elmi dərəcəmə +40 manat əlavə ediləcək?”
Zahid Məmmədov
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Son günlərdə elmi fəaliyyətdə bulunmayan bəzi şəxslər elmlər doktoru dərəcəsinin "dünyada mövcud olmadığını" qeyd edərək, fikirlərinin akademik məsuliyyət daşıdığını bilmirlər. Bu kimi fikir və bəyanatlar yalnız şəxsi mövqe kimi qiymətləndirilə bilməz.
İlk növbədə vurğulamaq lazımdır ki, “elmlər doktoru” elmi dərəcəsi postsovet ölkələrdən Rusiya, Belarus, Qazaxıstan və s. ölkələrdə, o cümlədən Azərbaycanda, “Elm haqqında” Qanunda “yüksəkixtisaslı elmi kadr - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs” kimi təsbit olunub, yəni elmi ixtisaslaşmanın və yüksək səviyyəli akademik fəaliyyətin rəmzidir. Bu sistem Qərb ölkələrindəki “habilitation” modelləri ilə müqayisə edilə bilən, lakin tarixi və hüquqi cəhətdən fərqli əsaslara söykənən bir yanaşmadır. Belə dərəcənin beynəlxalq sistemdə fərqli adlarla tanınması, onun heç bir şəkildə etibarsız və ya qeyri-legitim olduğu anlamına gəlmir. Əksinə, bu, müxtəlif ölkələrin elmi ənənələrinin zənginliyindən və müxtəlifliyindən xəbər verir. Odur ki, elmlər doktoru dərəcəsini “dünyada yoxdur” demək kökündən yanlışdır - o, sadəcə, fərqli adlarla və formalarda mövcuddur.
Nəticə olaraq, belə həssas məsələlərə münasibət bildirərkən, şəxsi mövqeləri deyil, dövlətin maraqlarını və qəbul olunmuş rəsmi sənədlər rəhbər tutulmalıdır. Elmi dərəcələrin nüfuzuna kölgə salmaq yox, əksinə, onları daha da möhkəmləndirmək və gücləndirmək olmalıdır".
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hazırkı sistemdən - yəni Ali Attestasiya Komissiyasının (AAK) inzibati nəzarəti altında elmi dərəcələrin verilməsindən - universitetlərin öz müstəqil elmi dərəcəvermə modelinə keçmək üçün mərhələli və idarəolunan bir plan hazırlanmalıdır: “Bu keçid birbaşa və kəskin şəkildə deyil, tədricən və nəzarətli şəkildə həyata keçirilməlidir ki, elmi keyfiyyət zəifləməsin və universitetlər bu funksiyanı effektiv daşıya bilsinlər. Birinci mərhələ olaraq, Azərbaycanın aparıcı universitetləri pilot universitetlər qismində seçilməlidir. Bu universitetlərdə "Elmi Dərəcəvermə Şuraları" qurulmalı, kadr potensialı, maddi-texniki baza və beynəlxalq əməkdaşlıq imkanları nəzərə alınaraq akkreditasiyadan keçirilməlidir. Akkreditasiyanı Elm və Təhsil Nazirliyinin nəzdində yaradılacaq “Elmi Keyfiyyət Agentliyi” həyata keçirməlidir. Bu agentlik yalnız texniki akkreditasiya funksiyası daşımalı, universitetlərin daxili elmi qərarlarına müdaxilə etməməlidir. İkinci mərhələdə, pilot universitetlərdə müdafiə prosedurları tam açıq şəkildə tətbiq olunmalıdır. Müdafiə dissertasiyaları onlayn platformalarda yerləşdirilməli, müdafiələr ictimaiyyətə açıq keçirilməli, opponet rəyləri və dissertasiya haqqında əvvəlcədən ictimai rəy toplama prosesi təmin olunmalıdır. Müdafiə edən şəxsin işində plagiat aşkarlanarsa və ya müdafiə prosesi beynəlxalq normalara uyğun olmazsa, həmin universitet müvəqqəti olaraq elmi dərəcəvermə səlahiyyətindən məhrum edilə bilər. Bu mexanizm keyfiyyəti təmin etmək üçün vacibdir".
Ekspert əlavə edib ki, üçüncü mərhələdə, pilot tətbiqin nəticələri təhlil olunaraq digər universitetlərə də bu səlahiyyət genişləndirilməlidir: “2 illik pilot dövrünün sonunda AAK tamamilə ləğv olunmalı, onun yalnız məhdudlaşdırılmış funksiyası - məsələn, milli tədqiqatların reyestrinin aparılması və ciddi qayda pozuntularına nəzarət mexanizmi - "Elmi Etika və Keyfiyyət Komitəsi" çərçivəsində saxlanılmalıdır.
Bu keçid planı zamanı universitetlər öz daxili qaydalarını dəyişməlidir: dissertasiya müdafiəsi qaydaları yenidən yazılmalı, doktorantura proqramları beynəlxalq tələblərə uyğun yenilənməli, elmi rəhbərlik institutunda keyfiyyət standartları tətbiq edilməlidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ