Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adı 5 milyon manatlıq dələduzluq hadisəsinin ardından restoran biznesinə qarışıb.
Belə məlum olur ki, Elman Rüstəmov baş bankir postunu tutan günlərdə Bakının Nizami rayonu ərazisində özünə dəbdəbəli, nataraz şadlıq sarayı, restoran inşa etdirib, adını da “Planet” şadlıq sarayı qoydurub. Bu günlərdə isə Elman Rüstəmovun “Planet”inin ətrafında yaşayan sakinlər müxtəlif dövlət qurumlarına şikayət yazıblar. Bildirirlər ki, gecə yarısına qədər davam edən dəbdəbəli şənlik mərasimlərinin səsi onları narahat edir, yatmağa qoymur. Bu cür tədbirlər qış aylarında restoranın içərisində keçirildiyindən yüksək səs ətrafda yaşayanları bir o qədər də narahat etmir. Lakin yay aylarında açıq havada keçirilən tədbirlərin səsi insanları “səs terroru”na məruz qoyur. Məhsəti küçəsinin sakinləri restoranın səsindən gecələr gözlərinə yuxu getmədiyini deyirlər.
Digər bir problem isə baş bankirin “Planet”inin yolda tıxac yaratmasıdır. Şadlıq evi yolun düz kənarında yerləşdiyindən burada avtomobillərin hərəkətinə ciddi problem yaranır. Şadlıq evinin idarəçiliyini Elman Rüstəmovun yaxınları həyata keçirir.
Maraqldır ki, Elman Rüstəmov baş bankir postunda olduğu günlərdə Azərbaycan vətəndaşı Nizami Kərimova qarşı cinayətə bərabər addım atıb. Özünün dəbdəbəli restoranı ola-ola vətəndaş Nizami Kərimovun restoranını girov qoydurub, Mərkəzi Bankdan 2 banka olduqca aşağı faizlə istehlak krediti ötürüb. 5 milyon manatlıq kreditin tən yarısı “Deka bank”a, digər hissəsi isə “Premium Bank”a ötürülüb.
Vətəndaş Nizami Kərimov restoranının Elman Rüstəmovun göstərişinə əsasən ondan xəbərsiz girov qoyulmasından xəbər tutandan dərhal sonra məhkəməyə müraciət edib.
Elman Rüstəmov özünü bu işdən xəbərsiz aparıb, ortada Azad Nağıyev çox pis vəziyyətdə qalıb. Nizami Kərimov bu gün də məhkəmələrdə özünə məxsus olan restoranın tam qanunsuz olaraq, ən əsası isə ondan xəbərsiz girov qoyulmasını isbatlamağa çalışır. Elman Rüstəmovun şəriki olmuş Azad Nağıyev bu fırıldaqçılıq üzündən bu gün həbs həyatı yaşayır. Nizami Kərimovun başlatdığı məhkəmədə 5 milyonluq kredit maxinasiyasının arxasında Elman Rüstəmovun durmasını təsdiqləyən faktlar üzə çıxıb, buna baxmayaraq sabiq baş bankir şərikini qabağa, yaxasını kənar çəkir.
Nizami Kərimov öz restoranını Elman Rüstəmovun kredit-yeyinti maxinasiyalarına yem etmək fikrində deyil, halal gəliri ilə əldə etdiyi restoranını girovluqdan çıxarmaq üçün Azərbaycan məhkəmələrində illərdir ki, əzmlə çalışır. Bu haqda “Elman Rüstəmova qarşı ittiham- 5 milyonluq dələduzluq sxemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?” sərlöhvəli yazı dərc etmişdik.
Həmin yazıda (https://musavat.com/news/elman-rustemova-qarsi-ittiham-5-milyonluq-deleduzluq-sxemi-merkezi-bankdan-milyonlar-bele-cixarilib_1096997.html) sabiq baş bankirin qanunsuzluğu barədə ətraflı məlumat verildiyindən mahiyyətinə çox da varmırıq.
Nizami Kərimov məhkəmələrdə Elman Rüstəmova dava açdığı bir vaxtda sabiq baş bankirin özünün restoranı üzə çıxıb. Bəlkə Azərbaycan məhkəməsi ədalətli mövqe sərgiləyib Nizami Kərimovun restoranını girovdan çıxarıb Elman Rüstəmovun “Planet”ini 5 milyonun təminatı kimi girov götürməsinə qərar versin? Bu, daha ədalətli olmazmı?
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ