Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması və razılaşmaların icrası istiqamətində hərəkətlilik erməni lobbisinin və diasporunun yenidən hərəkətə keçməsinə səbəb olub. Amerika Erməni Assambeleyası bəyanatla çıxış edib.
“Yeni Müsavat”ın məlumatına görə, bəyanatda deyilir ki, “Prezident Trampın avqustun 8-də Ağ Evdə Ermənistan və Azərbaycan liderləri ilə görüşü və iki ölkə arasında çərçivə sülh sazişinin imzalanması zamanı Ağ Ev lideri Azərbaycan Prezidenti ilə girovların azad edilməsi məsələsini müzakirə edəcəyini vəd edib. Tramp Ermənistanın baş naziri ilə söhbətində Bakının erməni girovlarını saxlaması faktını xatırladıb. "Yəni siz dediniz ki, 23 xristianın azadlığa buraxıldığını görmək istərdinizmi? 23 var, hə? Çünki mən ondan bunu etməyi xahiş edəcəm. Düşünürəm ki, o, mənim üçün də edəcək".
Ermənistan Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan deyib: “Biz Prezident Trampı Bakıda saxlanılan erməni xristian girovlarının dərhal azad edilməsini təmin etməyə çağırırıq, o, Qəzzada HƏMAS tərəfindən saxlanılan girovları azad etməklə uğurla edə biləcəyini göstərdi”.
Qeyd edək ki, Vaşinqton görüşü və BMT Baş Assambleyasında olduğu kimi, Qəzza ilə bağlı sammitdə də ABŞ lideri Azərbaycan Prezidentinə yüksək diqqət və etimadını nümayiş etdirdi. ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində çıxış edərkən “Biz daha bir müharibəni həll etdik - Ermənistanla Azərbaycan arasında” deyə bildirdi. Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq bildirdi: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.
Sülh sazişinin imzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirdi: “Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 32 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun”.
Qəzza sammitində ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevlə dialoqu Ermənistanda da müzakirələrə səbəb olub. Tramp masa ətrafında söhbət zamanı Prezident İlham Əliyevə müraciət edib. “İlham Əliyev çox güclü liderdir, o, əla iş görür”, - Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib: “Burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Azərbaycan üçün mən münaqişəni həll etdim. Siz bir-birinizi başa düşürsünüz indi, düzdür? 32 il mübarizə oldu, amma biz bunu təxminən bir saata həll etdik, elə deyilmi? Onların indi yaxşı münasibəti var. O, çox güclü liderdir, əla iş görür”.
Azərbaycan liderini tərifləyən Trampın Ermənistanın baş naziri Nikol Paşinyan haqqında “İlham Əliyevin həmyerlisi” ifadəsini işlətməsi erməni informasiya resurslarında xüsusilə tirajlanıb.
Publika.az-ın məlumatına görə, erməni jurnalist Aza Babayan yazıb ki, Tramp Əliyevdən “həmyerlisinin” harada olduğunu soruşur, çünki o, Paşinyanı tanımır: “Tramp Əliyevi yaxşı tanıyır, Paşinyanı isə yox: nə üzünü, nə soyadını xatırlayır. Hətta sammitdə Paşinyan Trampa özünü tanıdaraq, Ermənistanın baş naziri olduğunu xatırlatmalı oldu. Trampın Paşinyanla bağlı xatırladığı cəmi bir şey var: "Bu oğlan Əliyevin həmyerlisidir". Nəticəni özünüz çıxarın".
Bəs erməni təşkilatının Trampla Əliyev arasında Misirdə görüşün baş tutduğu bir vaxtda bəyanatla çıxış etməsində məqsəd nədir?
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Amerika Erməni Assambleyası (ANCA) bu ölkədəki ən güclü erməni quruluşudur və bəlli zaman içərisində bütün erməni diasporunun vahid mərkəzdən çıxış etməsinə və yerli dövlət orqanlarına təsir etmək imkanına sahib olub: “Düzdür, Paşinyan hakimiyyətə gələndən sonra ANCA -nın rolu müəyyən dərəcədə azalıb. Amma bəlli erməni metodlarıdır, Ermənistan dövlətinin dilə gətirə bilmədiklərini bu qurum vasitəsilə edirlər. Ermənistan dövlət olaraq Azərbaycanda mühakimə olunan canilər məsələsini gündəmə gətirə bilmir, onların azad olunması məsələsində ehtiyatlı davranır, bilir ki, bu adamlar Azərbaycan ərazisində çoxsaylı cinayətlər törədiblər. Bu səbəbdən Trampa müraciəti məhz bir Amerika təşkilatının adı ilə edirlər”.
Q.Çaxmaqlı qeyd etdi ki, ermənilərin münasib bir məqamı seçmələri də təsadüfi deyil: “Onlar Qəzzada İsraillə HƏMAS arasında əsir dəyişikliyi günlərində, həm Trampın, həm də dünyanın diqqətini bu məsələyə yönəltmək məqsədi güdürlər. Üstəlik "xristian" ifadəsini xüsusi vurğulayırlar. Halbuki Qəzzadakı əsirlərin Qarabağ caniləri ilə heç bir eyniyyəti yoxdur. Bakıda mühakimə olunanlar Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədiblər, təkzibolunmaz ittihamlar, dəlillər məhkəmə predmeti kimi sübut olunub. İnanmıram ki, hər hansı ölkənin ciddi rəhbəri, konkret halda Tramp bu məsələyə müdaxilə etsin. Belə olarsa, bu, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də bu, xahişlik məsələ deyil".
Ermənişünas alimin fikrincə, Erməni Milli Assambleyasının bu müraciəti göstərir ki, Azərbaycana qarşı belə əsassız hərəkətlər bundan sonra da olacaq: “Ermənilər Qarabağa erməni əhalinin geri qaytarılması ilə bağlı da xarici ölkələrdə belə fəaliyyətlərə start veriblər. Sanki rəsmi Ermənistanın bundan xəbəri yoxdur, halbuki belə şeylər adətən bir mərkəzdən idarə olunur. Erməni diasporu və Ermənistan dövləti anti-Azərbaycan, anti-Türkiyə fəaliyyətlərini bundan sonra da birgə aparacaq. Çünki erməni düşüncə sistemi və bizə yaxşı məlum olan irqçi ideologiyadan nə ölkə içində, nə də kənarda imtina olunmayıb”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Amerika Erməni Assambleyası daima Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı mövqe ortaya qoyub: “8 avqustda da çalışdılar ki, paraflanma baş tutmasın. Xristian dini adından istifadə edilməsi Trampın dini dəyərlərə üstünlük verməsindən istifadə cəhdi idi. Göründüyü kimi, Donald Tramp buna getmədi. Hazırda da Erməni Assambleyası çalışır ki, prosesi pozsun. Misirdə keçirilən sülh sammitində prezident İlham Əliyevlə Donald Trampın görüşü oldu.
Amma ermənilər məqsədlərinə çata bilmədilər. Bəyanat verirlər. Lakin artıq Ağ Ev də bilir ki, Amerika Erməni Assambleyasının hazırkı mövqeyi ABŞ-nin Cənubi Qafqaz siyasətinə ziddir. Co Bayden administrasiyasından fərqli olaraq, indiki administrasiya ABŞ-nin geosiyasi maraqlarına daha üstün tutur. Donald Trampla cənab prezident İlham Əliyevin yüksək səviyyədə əlaqələrinə kölgə salmaq və prosesi pozmaq niyyəti daşıyır. Azərbaycan separatçı cinayətkarları azad etməyəcək. Bunu yaxşı bilirlər. Məhz Erməni Assambleyası Trampı məcbur etməyə çalışır ki, separatçıların azadlığını tələb etsin, Azərbaycan onları sərbəst buraxsın". M.Əsədullazadənin fikrincə, ermənilər “Azərbaycan Trampı eşitmədi” iddiası ilə yeni kampaniyaya başlamaq istəyində olublar: “Bununla da Trampın Azərbaycana qarşı mənfi mövqeyinin formalaşmasına nail olacaqlarını düşünürdülər. Bu, erməni diasporunun növbəti hiyləsidir. Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı separatçıları istəmir. Erməni diasporu da onların Ermənistana verilməsi və seçkidə Paşinyana qarşı müxalifət formalaşmasına çalışır. Bu isə Rusiyanın maraqlarına xidmət edir. Bu da erməni diasporu ilə Rusiyanın eyni işbirliyinin sübutudur. Azərbaycan separatçıları verə bilməz. Onlar cinayətkardir. Bunu Donald Tramp da bilir. ABŞ lideri erməni diasporunun planını bildiyi üçün buna getməyəcək”.
E.PAŞASOY,
“Yeni Müsavat”
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ