İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev son xəbərdarlığı etdi, Bakının səbri tükənir: Qərbə güvənən İrəvan isə artıq savaşı seçib

Prezident İlham Əliyevin "Azərbaycan Ermənistanın silahlandırılmasına müşahidəçi qalmayacaq" mesajı rəsmi Bakının hər an hərəkətə keçə biləcəyi anlamı daşıyır... Ona görə də, rəsmi İrəvanın siyasi manipulyasiyaları bir kənara buraxıb, yekun sülh sazişinin imzalanması üzrə bütün şərtləri yerinə yetirməsi Ermənistan üçün yeganə doğru variant kimi görünür...

Cənubi Qafqazda sülh prosesi pozitiv inkişafdan çox-çox uzaqdır. Hər halda, indiyə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində real addımların atıldığı qətiyyən müşahidə olunmur. Düzdür, hər iki tərəfdən verilən açıqlamalarda yekun sülh sazişinin mətni üzərində kifayət qədər ciddi razılaşmaların olduğu etiraf edilir. Ancaq yekun sülh sazişinin imzalanması üçün həmin sənədin 17 maddəsindən 15-nin razılaşdırılmış olması qətiyyən yetərli deyil. Və bu prosesin daha həlledici mərhələyə yaxınlaşması indi əsasən Ermənistanın atmalı olduğu addımlara bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın sülh prosesi üzrə davranışları ümumiyyətlə real situasiya ilə ziddiyyət təşkil edir. Belə ki, Paşinyan hakimiyyəti davamlı olaraq, Azərbaycanla yekun sülh sazişini imzalamağa hazır olduğunu bəyan edir. Halbuki son iki il ərzində rəsmi İrəvanın bu bəyanatları sadəcə, siyasi manipulyasiya xarakteri daşıyıb. Nəticədə Ermənistan sülh prosesindən israrla uzaqlaşan tərəf rolunda çıxış edir. Və Paşinyan hakimiyyətinin bu qeyri-adekvat davranışları həm ölkədaxili, həm də xarici faktorlarla izah edilə bilər.

Məsələ ondadır ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün rəsmi İrəvan həm də Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəaları təmizləməlidir. Ancaq rəsmi Bakının prinsipial tələbləri sırasında yer alan bu şərtin icrası istiqamətində hər hansı addım atılmayıb. Halbuki, rəsmi Bakı bu şərt yerinə yetirilməyəcəyi təqdirdə, yekun sülh sazişi hazır olsa belə, həmin sənədin imzalanmayacağını artıq dəfələrlə vurğulayıb. Və bu baxımdan, sülh prosesi qarşısında əsas əngəlin məhz Paşinyan hakimiyyətinin zaman qazanmağa hesablanmış mövqeyi olduğu şübhə doğurmur.

1715758216.jpg (74 KB)

Maraqlıdır ki, Paşinyan hakimiyyəti beynəlxalq himayədarların dəstəyi sayəsində Ermənistanı daha sülh şərtlərinə yaxınlaşdıra biləcəyinə hələ də ümid bəsləyir. Rəsmi İrəvan ABŞ, Avropa Birliyi və Fransanın dəstəyi üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmağa cəhd göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti Fransanın ifrat ermənipərəst mövqeyinə böyük ümidlər bəsləyir. Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfərinə nail olmaqla, bu ümidlərə praktik keyfiyyət qazandırmağa can atır. Və hələlik rəsmi İrəvanın bu istiqamətdə hansısa uğurlar qazandığını iddia etmək qətiyyən mümkün deyil.

Çünki baş nazir Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfər üçün dilə tutmağı bacarmır. Halbuki, son iki ildə erməni baş nazir onu artıq beşinci dəfə İrəvana dəvət edib. Hətta Fransa prezidentinin sentyabrda Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Ermənistana gələcəyi bildirilmişdi. Ancaq erməni baş nazirin gözü hələ də yollarda qalıb. Və bu, rəsmi İrəvanın bəzi manipulyativ planlarını pozur.

Digər tərəfdən, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından əvvəl Ermənistanda yerləşdirilmiş Avropa Birliyinin mülki müşahidə missiyasının ləğvini də tələb edir. Əsas səbəbsə, bu uydurma missiyanın təyinatı üzrə fəaliyyət göstərməməsi ilə birbaşa bağlıdır. Belə ki, missiyanın tərkibi Avropa Birliyi ölkələrinin kəşfiyyat təmsilçilərindən formalaşdırılıb. Və Azərbaycanla sərhəd bölgəsində kəşfiyyat məlumatları toplamaqla məşğuldur.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Ona görə də, rəsmi Bakının irəli sürdüyü bu şərtin nə qədər əsaslı və önəmli olduğu birmənalı xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev də artıq bəyan edib ki, Avropa Birliyi müşahidəçilərinin davranışları qəbuledilməzdir. Üstəlik, Avropa Birliyinə heç bir aidiyyatı olmayan Kanadanın da müşahidə missiyasına qatılması ilə bu qurum NATO-nun regional infrastrukturuna çevrilməyə başlayıb. Və bu, onu göstərir ki, Avropa Birliyinin mülki müşahidə missiyası daha çox hərbi xarakterli hədəflər üçün Azərbaycanla sərhəd bölgəsində yerləşdirilib.

Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda sülh prosesinə bu regiona heç bir aidiyyatı olmayan kənar güclərin kobud müdaxiləsinin əngəlləyici faktor kimi neqativ təsir göstərdiyi qətiyyən şübhə doğurmur. Üstəlik, ABŞ, Avropa Birliyi və Fransa Ermənistana hərbi dəstək də verməkdə davam edir. Bununla da, siyasi manipulyasiyalarla məşğul olan rəsmi İrəvanı sülh prosesindən uzaqlaşmağa cəsarətləndirir. Və hazırda yekun sülh sazişini imzalamağa hazır olduğunu iddia edən Ermənistanın sürətlə silahlandırılması inkaredilməz reallıqdır.

Ancaq Azərbaycanla silahlanma rəqabətinə başlamış Ermənistanın çox təhlükəli istiqamətə yönəldiyi artıq qətiyyən şübhə doğurmur. Belə ki, ABŞ Avropa Birliyi və Fransanın genişmiqyaslı dəstəyinə baxmayaraq, Ermənistan yaxın və orta perspektivdə Azərbaycanla hərbi rəqabət üçün yetərli maliyyə-iqtisadi resurslara sahib deyil. Və bu proses ən yaxşı halda, Ermənistan büdcəsinin boşalmasına, iqtisadiyyatının çökməsinə səbəb ola bilər.

3f52060bfda64e898643ed7b9d64ca94.jpg (195 KB)

Eyni zamanda, Ermənistanı gözləyən daha neqativ təhlükəni təxmin etmək də qətiyyən çətin deyil. Belə ki, Prezident İlham Əliyev artıq bəyan edib ki, Azərbaycan Ermənistanın sürətlə silahlandırılmamasına kənardan müşahidəçi qalmayacaq. Azərbaycana qarşı yenidən təhlükə qaynağına çevriləcəyi təqdirdə, dərhal priventiv zərbələrlə sərt reaksiya veriləcək. Və bu halda, Ermənistan müdafiə olunmaq şansından da çox-çox uzaq qalacaq.

Məsələ ondadır ki, Azərbaycan lideri açıq mətnlə vurğulayıb ki, indi sürətlə silahlandırılan Ermənistanı beynəlxalq himayədarları da xilas edə bilməyəcək. Çünki ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda hərbi fəaliyyət üçün regional dayaqları mövcud deyil. Eyni zamanda, savaş başlayacağı təqdirdə, xarici himayədarlar dəstək mexanizmləri barədə düşünərkən, Ermənistanla məsələ sona çatmış olacaq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana artıq son xəbərdarlıq mesajını da göndərib. İndi Ermənistanın gələcək taleyi rəsmi İrəvanın bu sərt mesaja verəcəyi reaksiyadan asılıdır. Çünki rəsmi Bakının səbrinin tükənmək üzrə olduğu açıq-aşkar müşahidə olunur. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Ermənistanın silahlandırılmasına müşahidəçi qalmayacaq" mesajı rəsmi Bakının hər an hərəkətə keçə biləcəyini göstərir. Və bu səbəbdən də, rəsmi İrəvan siyasi manipulyasiyaları bir kənara buraxıb, yekun sülh sazişinin imzalanması üzrə bütün şərtləri yerinə yetirməsi Ermənistan üçün ən doğru variant kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR