Onlayn ictimai-siyasi qəzet
İranın ali dini lideri Seyid Əli Xamenei 40 ildən çoxdur ki, təkcə İslam Respublikasının deyil, eyni zamanda regionun siyasi-ideoloji xəritəsinin formalaşmasında mühüm fiqur sayılır. Lakin Azərbaycana münasibətdə onun mövqeyi nə dini, nə də insani dəyərlərlə izah edilə bilər. Xameneinin “azərbaycanlı” kimi təqdim olunması isə böyük bir siyasi oyun, Tehran rejiminin məqsədli saxtakarlığıdır.
Əli Xameneinin əsil-nəcabəti ilə bağlı yayılan məlumatlarda onu guya Təbriz yaxınlığındakı Xamnə şəhərindən olan azərbaycanlı kimi qələmə verirlər. Lakin rəsmi bioqrafiyasında nə Xamnə, nə də Azərbaycanla bağlı real bağlantı qeyd olunur. O, 1939-cu ildə İranın Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Atası Seyid Cavadın kökü Təfreşdən – farsların üstünlük təşkil etdiyi Mərkəzi vilayətdən gəlir. Anası isə İsfahan mənşəlidir. Onun soyadında yer alan “Xamenei” ifadəsi isə sadəcə atasının bir müddət Xamnədə yaşamış olması ilə bağlıdır. Bu isə onun etnik kimliyini müəyyən etmək üçün əsas ola bilməz.
Əgər bir insanın hansısa bölgədə müvəqqəti yaşamasına görə milli kimliyi müəyyən edilirsə, bu halda, İranı təmsil edən bir çox fars da “azərbaycanlı” hesab edilə bilər. Əli Xamenei heç bir vaxt çıxışlarında azərbaycanlı kimliyinə istinad etməyib, Azərbaycan dilində danışsa da, bunu məişət səviyyəsində, simvolik xarakterdə qoruyub saxlayıb. Və heç vaxt bu dili bir kimlik ifadəsi kimi qəbul etdiyini bildirməyib.
Əslində Xameneinin siyasi fəaliyyəti onun kimliyindən daha çox danışır. İran rejiminin başında olduğu dövrdə onun Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı apardığı repressiv siyasət, milli haqların tanınmasına qarşı göstərdiyi müqavimət onun əslində paniranist ideologiyanın sadiq daşıyıcısı olduğunu sübut edir. 1979-cu il inqilabından dərhal sonra milli azadlıq tərəfdarı olan azərbaycanlı alim, Ayətullah Məhəmmədkazım Şəriətmədarinin ev dustaqlığına salınaraq, ölümə məhkum edilməsi də təsadüf deyildi. Bu, həm dini, həm də milli azadlığın boğulması üçün atılmış addım idi.
Xamenei Azərbaycanın müstəqilliyini heç vaxt qəbul etməyib. 1991-ci ildə ölkəmiz SSRİ-dən ayrılaraq müstəqil olduqda, o, bunu “kiçik bir bölgənin böyüyə birləşməməsi” kimi şərh etmişdi. Bu mövqe onu açıq şəkildə Azərbaycanın suverenliyini tanımayan və ölkəmizi İranın “ərazi parçası” kimi görən siyasətçi kimi təqdim edir.
Xamenei yalnız ideoloji təhdid deyil, eyni zamanda hərbi və siyasi təhdidlərin arxasında dayanan əsas simadır. Birinci Qarabağ müharibəsində İranın Ermənistana verdiyi dəstək – silah yardımı, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi – birbaşa onun göstərişi ilə baş verib. Bu dəstək sonrakı illərdə də davam etdirildi. 30 ilə yaxın müddətdə İran işğal altındakı Azərbaycan torpaqlarında separatizmi dəstəklədi, iqtisadi və mədəni varlığımızın məhvinə göz yumdu, hətta bu prosesə tərəfdaşlıq etdi.
İran şirkətləri tərəfindən Şuşadakı məscidin və İrəvandakı Göy məscidin bərpası da özlüyündə riyakar siyasətin bariz nümunəsidir. Bu məscidlər Azərbaycan-müsəlman irsinin təcəssümü olduğu halda, onların fars irsi kimi təqdim olunması fars şovinizminin dini maska altında necə həyata keçirildiyini göstərir.
44 günlük Vətən müharibəsində Xameneinin Azərbaycana qarşı mövqeyi bir daha ifşa olundu. İran rəhbəri “terrorçuların bölgəyə gətirilməsi” kimi əsassız ittihamlarla Azərbaycanın haqq savaşını ləkələməyə çalışdı. Halbuki bu iddiaların heç biri sübuta yetirilmədi. Eyni zamanda, İranın Ermənistan sərhədində apardığı hərbi təlimlər, kəşfiyyat dəstəyi və molla rejiminin bölgəyə daxil olmaq istəyi Xameneinin bu prosesə mane olmaq üçün hansı fəndlərdən istifadə etdiyini ortaya qoydu.
Xamenei Zəngəzur dəhlizi mövzusunda da Azərbaycana qarşı açıq təhdid dilinə keçdi. “Zəngəzur bizim üçün qırmızı xəttdir” deyərək, faktiki olaraq Ermənistanın maraqlarını müdafiə etdi. Onun müşaviri Əli Əkbər Vilayətinin “Azərbaycan xalqı gözümüzün nurudur” kimi yalançı açıqlamaları isə bu ikiüzlü siyasətin bir parçasıdır – gerçəkdə isə həmin “nur”u qaraltmaq üçün onillərdir planlar hazırlanır.
İranda Azərbaycanın əsas düşməni müvəqqəti diplomatik şəxslər və ya yerli məmurlar deyil – bir ideologiyanın mərkəzində dayanan şəxsdir. Bu şəxs Əli Xameneidir. İllərlə Azərbaycana qarşı ardıcıl informasiya savaşı, təxribatlar, ideoloji hücumlar məhz onun rəhbərlik etdiyi strukturlar tərəfindən həyata keçirilib. Onun iradəsi ilə Azərbaycana “sionistlərin aləti”, “İslam düşməni” kimi böhtanlar yağdırılıb, ölkəmiz müsəlman dünyasından təcrid edilməyə çalışılıb.
İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son təxribatçı açıqlamaları – guya Azərbaycanın ərazisindən İsrail PUA-larının İran sərhədini keçməsi – bu sistemli hücumun növbəti halqasıdır. Subhani bu sözləri özbaşına demir, o, Xameneinin planlı kampaniyasının sadiq ruporudur.
Sonda qeyd edilməlidir ki, Xamenei Azərbaycanın müasir, suveren və dünyəvi dövlət modelindən qorxur. Çünki bu model – Tehran rejiminin təbliğ etdiyi teokratik idarəçilik üçün alternativdir. Azərbaycanda din – şəxsi seçim, dövlətdə isə hüquq və qanun üstünlük təşkil edir. Bu isə Xameneinin ideoloji sisteminə qarşı ən böyük təhdiddir.
Əli Xameneinin “azərbaycanlı” olması iddiası saxtadır. Onun siyasəti, fəaliyyəti və Azərbaycana qarşı düşmənçiliklə dolu davranışları bu iddianı riyakar bir mifə çevirir. Bu mif dağıdılmadıqca, İranın Azərbaycana qarşı yürütdüyü siyasətin mahiyyətini anlamaq çətin olacaq. Real təhlükənin ünvanı isə bəllidir: Xameneinin kabineti.
Şahanə Rəhimli
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ