İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI

“Olimpiadada qazandığım uğur 24 illik əməyin nəticəsi idi və bu illərin yorğunluğunu bu gün ata bildim. Türkiyə Respublikasının tarixində ölkəmizə atıcılıq üzrə ilk medalı qazandırdığımız üçün çox xoşbəxtik. Bu, mənim üçün çox vacib idi. Dünya, Avropa çempionatları, İslam Həmrəyliyi Oyunları kimi bütün yarışlarda medal qazanmışam. Yalnız Olimpiada medalım yox idi. Onu da bu kolleksiyaya əlavə etdik. Təbii ki, könlümdən keçən qızıl medal idi, lakin şansın o gün bizimlə olmadığını düşünürəm. Hər şey qismətdir. Biz ora 85 milyonun duasını alaraq getdik. Bizə verilən vəzifə orada yarışmaq idi və əlimizdən gələnin ən yaxşısını göstərməyə çalışdıq. Nəticənin də çox yaxşı olduğunu düşünürəm”.

Bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç Vətənə qayıtdıqdan sonra mətbuata açıqlamasında deyib.

Olimpiya Oyunlarında qoruyucu dəbilqə və ya xüsusi eynək taxmadan, bir əli cibində yarışaraq göstərdiyi unudulmaz və dünya mediasında geniş işıqlandırılan performansı barədə sualı cavablandıran əlli bir yaşlı idmançı deyib:

“Final mərhələsində yarışarkən çəkilən şəkillərdə olduqca rahat görünürəm. Lakin bu sadəcə görünüşdə belə idi, sakit görünməyə çalışdığım üçün elə görünürdü. Fəqət qəlbimdə sözün əsl mənasında fırtınalar qopurdu. Ürəyim yerindən çıxacaq kimi atırdı, lakin bunu göstərməməyə çalışdım. Ölkəm adına medal qazanmağın məsuliyyəti çox böyük idi”.

İdmançının vaxtilə istifadə etdiyi “Əl cibdə olduğu zaman uğur gəlməz” ifadəsini xatırladan media mənsublarına cavab verən Yusuf Dikec deyib:

“Əslində bu ifadəni məcazi mənada gənc dostlarımız üçün demişəm. Yəni, bir uğur əldə edə bilmək üçün çox işləmək lazımdır. Vurğu da məhz buna idi. Əlləri cibində gəzərək böyük uğur əldə etmək mümkün deyil. Lakin indi mənə bu sözləri xatırladıb, əlim cibimdəykən belə bir uğura imza atdığımı deyirlər. Aktiv sosial media istifadəçisi deyiləm və oradakı paylaşımlardan da çox xəbərim yoxdur. Lakin o şəkilimin olduqca yayıldığını bilirəm. Burada vacib olan insanların sevgisini qazanmaqdır. Əgər buna nail ola bilmişəmsə bu mənim üçün çox böyük xoşbəxtlikdir. Dünyanın müxtəlif yerlərindən təbrik mesajları da alıram. Bütün bunlarda mənim adım keçsə də bu, Türkiyə Respublikasının uğurudur. Ölkəm adından buna nail ola bildiyim üçün xoşbəxtəm”.

Bundan sonrakı hədəfləri barədə danışan Yusuf Dikeç 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağını bildirib:

“Növbəti Olimpiya Oyunlarında iştirak edəcəyəm və qarşıdakı bu dörd ili ən gözəl şəkildə dəyərləndirərək həmin Olimpiadaya hazırlaşacam. Orada qızıl medal almağı hədəfləyirəm. Ən böyük hədəfim isə yaşım və sağlamlığım imkan verdiyi qədər ölkəmə xidmət etməkdir”.//AZƏRTAC

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR