Onlayn ictimai-siyasi qəzet
Bütün hamının ölüsü olasan. Ölümsüz olasan. Adına Şəhid deyələr.
Elə bir öləsən ki, dəfninə milyonlar axışa. Heç səni tanımayalar da.
İnsanların övladlarına sənin məzarını göstərib "Azadlığımız, suverenliyimiz, müstəqilliyimiz uğrunda canını verərək Vətən olan qəhrəman” deyə tanıdılasan.
Məzarın üstündə səni tanıyan tanımayan hər kəs sayğı duruşuna dayana... Hörmətlə baş əyə...
Heç kim və heç nə unudulmur.
Bəli, sən artıq unudulmuyacaqsan. Etdiklərinlə, verdiyin anlam dolu son nəfəsinlə tarixlərə yazılıb hər kəsin ölüsünə çevriləcəksən. Şanlı tarixin özü olacaqsan.
İllər keçib gedə...Nəsil dəyişə...
Balaca məktəbli fidanlar əllərində al qərənfillərlə məzarın başına toplana ...Adına mahnılar, şerlər oxuna. Əsərlər yazılıb, hekayələr səslənə...
Milyonlar ziyarətinə gələ... Dəfnində olduğu kimi illər sonra məzarın başında da insan izdihamı yaşana...İnsanlar məzarın başında xatirə şəkilləri çəkdirə...
Sən artıq hər kəsin ölüsüsən. Ölümsüzsən.
Azadlıq, istiqlaliyyət fədaisinə çevrilmisən. Adına Şəhid deyirik. Şanlı tariximizin özüsən.
Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, sən daim xatırlanacaq, hörmət və ehtiramla yad olunacaqsan.
Hətta sənə paxıllıq edənlərimiz də az deyil. Axı sən olduğun məqama biz sadəcə baxa bilirik. Aşağıda dayanıb yuxarıdakı sənin qarşında sadəcə baş əyə bilirik. Və bundan sadəcə qürur duyuruq.
Vətənimiz sənə minnətdardır. Elə bizlər də.
Silahlı Qüvvələrin zabiti,
Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ