İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov: Ümid edirəm ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

“Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri harmoniya və əminamanlıq şəraitində birgə yaşayıb. Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək və onların mehribam qonşu və bir gün ola bilsin hətta dost kimi yaşamasına yol açacaq".

Bu günlərdə Vatikanda işgüzar səfərdə olan Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov SİR- Servizo İnformazione Religiosa xəbər agentliyinə müsahibə verib. 

Musavat.com müsahibəni təqdim edir: 

Keçmiş Dağlıq Qarabağdan olan köçkünlərin "ağır" humanitar vəziyyətinə və bölgədəki monastırların və ibadət yerlərinin qorunmasına vurğu edən, eyni zamanda Cənubi Qafqazda davamlı sülhə çağıran Roma Papası Fransiskdir. SİR Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk səfiri (2005-2017) Elçin Əmirbəyovdan Roma Papasının sözlərinə şərh istəyib.

Sual: Azərbaycanla Ermənistan arasında dialoq hansı mərhələdədir? Papa danışıqların hər şeydən əvvəl humanitar böhrana son qoya biləcək “davamlı razılaşmaya” şərait yaratmasını rica edir. Bu gün hansı addımların atılması lazımdır?

Cavab: İlk olaraq, biz Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur, və o vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilmişdir. Ən son müsbət irəliləyişlər ötən sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edəndən sonra və Qarabağ regionu üzərində özünün effektiv nəzarətini bərpa edəndən sonra mümkün olmuşdur. Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.

Sual: 15 oktyabr 2023-cü il tarixli Angelus mərasimində Papa bu regionun səlahiyyətlilərinin və sakinlərinin “yerli mədəniyyətin bir hissəsi, inancın ifadəsi və fərqliliklərə baxmayaraq birlikdə yaşamağa imkan verən qardaşlığın əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcəyinə" ümidvar olduğunu bildirmişdir. Bu nöqtədə, onların evlərinə qayıtma prosesinə necə yardım etmək olar?

Cavab: Ilk əvvəl aydınlıq gətirmək istərdim ki, Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul edilmişdir. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfərlə müraciət edib ölkəni tərk etməməyə çağırmışdır. Bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiya etməyi təklif etmişdir. Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən əslində buna “israrla sövq edilib”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır.

Sual: Elə həmin Angelus mərasimi zamanı Papa həmçinin "bölgədəki monastırların və ibadət yerlərinin qorunması ilə bağlı xüsusi müraciət etmişdir". Hökumətiniz həmin torpaqlarda xristian ibadət yerlərinin qorunması üçün hansı addımları atır?

Cavab: Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılmışdır. İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədirlər, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilmişdir. Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilmişdir.

Sual: Münaqişələrdən və böhranlardan güclü şəkildə təsirlənən bir dünyada bəlkə də bu böhrana diqqəti canlı tutan yeganə insan Papa Fransiskdir. Papanın “sözü” haqqında nə düşünürsünüz və hər şeydən əvvəl xristianlar bu ölkələrdə hansı “rol” oynaya bilərlər? Orada onlar üçün yer varmı?

Cavab: Söhbətimizin əvvəlndə artıq qeyd etdiyim kimi, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əminamanlıq və dostluq şəraitində birgə yaşayıb. Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək və onların yaxşı qonşu və ola bilsin bir gün hətta dost kimi yaşamasına imkan verəcək. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR