Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bir neçə gün əvvəl Vaşinqtonda baş tutan danışıqlardan sonra Ermənistanla sülh müqaviləsinin hansı şərtlərlə imzalana biləcəyi ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb.
“Azadlıq” radiosunun bölgə müxbiri Coşua Kuçerə müsahibəsində Elçin Əmirbəyov bildirib ki, "Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil".
“Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə maneədir. Əmin olmaq istəyirik ki, Ermənistanla sülh sazişi gələcəkdə onun revanşizmə qayıdışını və ya Azərbaycana qarşı ərazi iddialarını mümkünsüz edəcək. Ermənistanın sülh danışıqlarını, müqavilənin imzalanmasını öz hərbi potensialını gücləndirmə, tarixi yeni başlanğıc fürsətinə qarşı pozuculuq taktikası yürütmə fürsəti kimi baxması bizim üçün qəbuledilməzdir”, - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtona səfər edən Əmirbəyov orada ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayn da daxil olmaqla yüksəkvəzifəli amerikalı rəsmilərlə danışıqlar aparıb. Ehtimal edilir ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparılması idi.
Məlum olduğu kimi, ABŞ rəsmiləri tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırırlar. Elçin Əmirbəyovun müsahibəsindən isə aydın olur ki, rəsmi Bakının mövqeyi dəyişməyib və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəanı öz Konstitusiyasından çıxarmayana qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu isə o deməkdir ki, Qərbin ümid etdiyi kimi, COP29 çərçivəsində sülh müqaviləsi imzalanmayacaq. Üstəlik, bunun 2027-ci ildən əvvəl baş verəcəyi də inandırıcı görünmür. Çünki Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması və qəbulu yalnız 2027-ci ilə planlaşdırılır.
- Sülh danışıqlarını mümkün qədər tez başa çatdırmağın və ola bilsin ki, noyabrda COP29-da saziş layihəsinin imzalanmasının vacibliyi ilə bağlı geniş yayılmış fikir var. Hesab edirik ki, Ermənistan Konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarına istinad etmədən bunun mənası olmayacaq. Üstəlik, düşünürəm ki, bu, əks-məhsuldar addım ola bilər. Çünki saziş layihəsi tələsik imzalansa, hüquqi maneələr qalsa və gələcəkdə regionda qüvvələr nisbəti onların xeyrinə dəyişərsə, bu, Ermənistana ərazi iddialarını canlandırmaq imkanı verə bilər”, - Elçin Əmirbəyov vurğulayıb.
Qeyd edək ki, Ermənistanın indiki Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var. Müstəqillik Bəyannaməsi Ermənistan parlamenti və Bakının ləğv etdiyi Dağlıq Qarabağ Muxtar vilayətinin (DQMV) separatçı "parlamenti" tərəfindən Azərbaycanın bu bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı qərarları ehtiva edir.
Rəsmi Bakı sözügedən müddəanın sülh müqaviləsinin imzalanmasına əsas maneə olduğunu dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib. Həqiqətən də, hazırda müzakirə olunan sülh müqaviləsi layihəsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmaması ilə bağlı bənd var. Tərəflər həmçinin razılaşırlar ki, sülh müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən öz daxili qanunvericiliklərinə istinad etməyəcəklər. Azərbaycan tərəfi bununla kifayətlənmir və müddəanın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir.
“Azadlıq radiosu”na müsahibəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi rəsmi Bakının mövqeyini belə əsaslandırıb:
“Mövcud Konstitusiyanı dəyişməz saxlasaq və ya ona məhəl qoymasaq, bu o deməkdir ki, sülh müqaviləsi bağlasaq belə, bu sənəd texniki cəhətdən mövcud Konstitusiyaya zidd olduğu üçün gələn yeni hökumət tərəfindən ləğv edilə bilər. Ermənistanın Konstitusiya Məhkəməsi də sülh sazişinin qeyri-qanuni olduğuna qərar verə bilər, çünki ölkənin əsas qanununda başqa müddəalar təsbit olunub”, - Elçin Əmirbəyov diqqətə çatdırıb.
İrəvan isə, bir neçə aydır ki, Konstitusiyanın dəyişdirilməsinin Ermənistanın daxili işi olduğunu təkid edir. Bununla belə, Baş nazir Nikol Paşinyan bu ilin əvvəlində ölkənin tamamilə fərqli Konstitusiyaya ehtiyacı olduğunu bildirib. İki ay əvvəl Ermənistan hökumətinin başçısı 2026-cı ilin sonuna kimi bu sənədin layihəsinin işlənib hazırlanması və təsdiq edilməsi barədə göstəriş verib.
Əmirbəyovun sözlərinə görə, Paşinyan bu məsələni Azərbaycan hökumətinin nümayəndələri ilə də müzakirə edib.
- İndi isə o belə arqument irəli sürmək istəyir ki, belə bir dəyişiklik siyasi baxımdan çox çətin prosesdir və ya Konstitusiya layihəsi yalnız 2027-ci ildə hazır ola bilər. Çox yaxşı, bu da variantdır, amma dünya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalananadək bu qədər gözləməyə hazırdırmı? Çünki yeni hökumətin ləğv edə biləcəyi bir kağız parçasına tələsərək imza atmağa ehtiyac olmadığı göz önündədir”, - Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Əmirbəyov qeyd edib ki, Ermənistan yeni Konstitusiya hazırlamaq istəyirsə, bu onun daxili işi və hüququdur. Azərbaycan isə Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsindən danışır və bunun üçün illərlə müzakirəyə ehtiyac yoxdur.
Onun fikrincə, ermənilərə “Azərbaycanla sülh əldə etmək, yoxsa yeni müharibə imkanını saxlamaq istəyirsiniz?” sualını versələr, əksəriyyəti sülhün tərəfdarı olacaq. Çünki Qarabağ müharibəsində ağır məğlubiyyətindən sonra 2021-ci ildə Paşinyanın partiyası növbədənkənar seçkilərdə qalib gəldi. Normal şəraitdə belə müharibədə uduzan istənilən lider seçkilərdə sarsıdıcı məğlubiyyətə düçar olardı, lakin o, qalib gəldi.
Digər problemli məsələ “ləğv edilməli olan ATƏT-in Minsk Qrupu”, o cümlədən Ermənistanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardır ki, Azərbaycan burada da özünə qarşı ərazi iddiaları görür. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ermənistan yalnız sülh müqaviləsi imzalandıqdan sonra həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Tərəflər, eyni zamanda, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yol və ya “Zəngəzur dəhlizi” ilə bağlı qarşılıqlı məqbul variant tapıblar.
- Başa düşdük ki, Konstitusiya məsələsindən əlavə daha bir fikir ayrılığını - nəqliyyat kommunikasiyalarının açılması məsələsini kənara qoysaq, yaxın gələcəkdə sülh müqaviləsi bağlaya bilməyəcəyik. Ona görə də qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və sonrakı mərhələdə ona qayıtmaq qərarına gəldik. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Azərbaycanla Naxçıvan arasında əlaqənin bərpası üçün məqbul formul tapmaq yönündə danışıqları bərpa edə bilərlər”, - Elçin Əmirbəyov deyib.
Əmirbəyov onu da diqqətə çatdırıb ki, Azərbaycanla sülh Ermənistana Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün dərhal imkanlar açacaq. Bu kontekstdə o, ötən həftə sərhəddə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü xatırladıb:
“Ankara bir daha nümayiş etdirdi ki, Bakıdan yan keçməklə onunla münasibətləri tənzimləyə biləcəyini düşünən İrəvan vaxt itirir”./azvision.az/
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ