Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sədri Arif Hacılı təsisçilərindən sayıldığı “Elçibəy İnstitutu”ndan istefa verib. O, bu barədə öz feysbuk hesabında status paylaşaraq, səs-küy yaradacaq ittihamlar irəli sürüb.
Həmin statusu təqdim edirik: “Təsisçilərindən biri olduğum “Elçibəy İnstitutu” adlı qurumdan istefa verirəm. Səbəb “Elçibəy İnstitutu” aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir”.
Qeyd edək ki, “Elçibəy İnstitutu”nun təsisçiləri bu şəxslər sayılır: İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, Oqtay Qasımov və Qiyas Sadıqov.
Onlardan bəzilərinin Arif Hacılının ittihamlarına reaksiyalarını öyrəndik.
“Elçibəy İnstitutu” İctimai Birliyinin icraçı direktoru Oqtay Qasımov üçün bu istefa gözlənilməz olub:
“Nə baş verdiyini bilmirəm. Ona görə də bu istefanın səbəbləri barədə nəsə deməyə çətinlik çəkirəm. Hər halda bu məsələlərə Arif bəyin özü aydınlıq gətirsə, insanlara səbəblər məlum olardı. “Elçibəy İnstitutu” daxilində hər hansı bir ziddiyyətin olduğu barədə də nəsə deyə bilmərəm. Arif bəyin kimləri nəzərdə tutduğu ilə bağlı da hər hansı bir fikrim yoxdur. Hər halda bu məsələlərə yəqin ki, Arif bəy aydınlıq gətirəcək”.
O.Qasımov şəxsini “Elçibəy İnstitutu”nun aparıcı üzvlərindən saydığı üçün Müsavat başqanının bu ittihamına da cavab verib:
“Açığı, özüm haqqında danışmaq istəmirəm. Amma bir daha qeyd edirəm ki, bu məsələlərə Arif bəyin özü aydınlıq gətirsə, çox yaxşı olardı. Onda məlum olardı ki, o kimləri nəzərdə tutur. İstənilən halda onun ittihamlarını özümə aid etmirəm. Aparıcı üzvlər məsələsinə gəldikdə, doğrudur, institutu təsis edənlərin sayı o qədər də çox deyil. Son dövrlərdə “Elçibəy İnstitutu”nun fəaliyyətində ciddi aktivlik yoxdur. Hər kəs fərdi qaydada öz fəaliyyəti ilə məşğul olur. Arif bəylə kimlərinsə ziddiyyətinin olması barədə heç bir məlumatım yoxdur. O baxımdan bu suallara cavab vermək mənə çətinlik yaradır”.
Qiyas Sadıqov: “Mənim üçün də çox gözlənilməz bir bəyanat oldu. Bu yaxınlarda “Elçibəy İnstitutu” daxilində elə də ciddi bir hadisə baş verməyib. Arif bəyin nə üçün belə bir bəyanat verdiyini başa düşmədim. Bu barədə dostlardan soruşdum, onların da hər hansı bir fikirləri yoxdur. Yəqin ki, qısa müddətdə məsələyə aydınlıq gələr. Onsuz da hardasa il yarım olardı ki, Arif bəy institutun iclaslarında iştirak etmirdi. Əsas davamlı iştirak edənlər Pənah Hüseyn, İsa Qəmbər, Oqtay Qasımov, Arzu Səmədbəyli və mən olmuşam. Qalanlarının iştirakı olmayıb. Arif bəyin nəyi nəzərdə tutduğunu bilmirəm. Aramızda elə bir qarşıdurma olmayıb. Arif bəylə şəxsi münasibətlərdə ola bilər ki, bir az soyuqluğumuz var. Amma publik cəhətdən hər hansı bir siyasi məsələdə fikir ayrılıqlarımız olmayıb. Onun kimə görə bu bəyanatı verdiyini demək mənim üçün çətindir”.
Cavanşir ABBASLI
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ