İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok-da yuyulan “qara pullar” - nəzarət varmı?

İqtisadçıdan sərt reaksiya: “Təmizlik işçisi aldığı cüzi vəsaitdən vergi verirsə, o zaman hər kəs əldə etdiyi gəlirdən vergi verməyə borcludur”

“Miss Azərbaycan-2019"un qalibi Səmra Hüseynovanın TikTok-da atılan “qara pullar”la bağlı səsləndirdiyi fikirlər sosial mediada böyük müzakirələrə səbəb olub. Model iddia edir ki, həmin şəxslər vergidən yayınmaq üçün bunları edir. Ümumiyyətlə, son vaxtlar sosial mediada TikTok və digər platformalarda qazanılan gəlirlər geniş müzakirə olunur. Azərbaycanda sosial media və internet üzərindən gəlir əldə edən şəxslər, əgər bu fəaliyyət müntəzəmdirsə və qazanc real gəlir kimi hesablanırsa, vergi ödəməlidirlər. Dövlət Vergi Xidmətinin açıqlamasına görə, sosial şəbəkələrdə reklam, canlı yayım və ya hədiyyələr vasitəsilə gəlir qazananlar illik gəlir vergisi bəyannaməsi təqdim etməlidirlər. Bu halda gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

TikTok, İnstagram, YouTube kimi platformalarda gəlir əsasən reklam müqavilələri, canlı yayım hədiyyələri və ya izləyici dəstəyi formasında əldə edilir. Əgər bu gəlirlər rəsmi hesablarda qeydiyyata alınmırsa və vergi orqanlarına bildirilmirsə, bu, vergidən yayınma halı sayılır. Son illərdə Dövlət Vergi Xidməti bu sahəyə nəzarəti gücləndirib, sosial media hesabları üzərindən müntəzəm gəlir qazanan şəxsləri izləməyə başlayıb.

Hazırda qanunvericilikdə sosial media gəlirlərinin ayrıca kateqoriya kimi tənzimlənməsi tam formalaşmayıb. Buna görə də bəzi şəxslər xaricdən gələn ödənişləri vergi öhdəliyindən kənar saxlayır. Bəzi deputatlar və ekspertlər belə gəlirlərin vergidən azad olunması və ya sadələşdirilmiş vergi rejiminə salınması təklifi ilə çıxış ediblər. Lakin hazırda qüvvədə olan qaydalara əsasən, istənilən müntəzəm onlayn gəlir - istər ölkə daxilindən, istərsə də xaricdən əldə edilsin - bəyan edilməlidir.

Vergi orqanları gəlirlərin yoxlanması üçün müxtəlif məlumat mənbələrindən, o cümlədən bank əməliyyatlarından və elektron platformalardan istifadə edir. Bu, həm şəffaflığın artırılması, həm də “qara pulların” qarşısının alınması məqsədi daşıyır. 

TikTok-da qazanılan pullar vergidən yayındırılırmı? Bu onlayn biznesə necə nəzarət olunur?

Ekrem.jpg (92 KB)

Əkrəm Həsənov 

Məsələyə hüquqi baxımdan açıqlama verən hüquqşünas Əkrəm Həsənov açıqlamasında (Demokrat.az) deyib ki, TikTok-da qazanılan vəsait sahibkarların bank hesabına köçürülür: “Əgər bu, sahibkar hesabına köçürülürsə, aydındır ki, vergi orqanı həmin əməliyyatı avtomatik görəcək və zəruri vergiləri tətbiq edəcək. Banklar hər ay sahibkarların hesabları barədə məlumatı Vergilər Xidmətinə təqdim edirlər, buna görə də bu proses şəffaf olur”. O bildirib ki, əgər vəsait sahibkar hesabına deyil, adi fiziki şəxsin bank hesabına köçürülürsə, bu halda vəziyyət fərqlənir: "Formal olaraq, bu əməliyyat barədə vergi orqanına avtomatik məlumat getmir. Vergi orqanı yalnız xüsusi sorğu əsasında bankdan məlumat ala bilər, bu isə prosesi çətinləşdirir. 

Məsələn, vergi orqanı soruşa bilər ki, həmin vəsaitin mənbəyi nədir. Şəxs isə cavab verə bilər ki, bu, dostum və ya tanışım tərəfindən göndərilib, yaxud kiməsə borc vermişdim, o da borcunu qaytarıb. Belə halda vergi orqanı sübut edə bilmədiyi üçün həmin məbləği birbaşa biznes fəaliyyəti kimi qəbul etməkdə çətinlik çəkəcək".

Vəkil bildirib ki, yalnız o halda vergi tədbiri görülə bilər ki, şəxs özü vergi orqanına müraciət edib izahat versin və gəlirin kommersiya məqsədli olduğunu etiraf etsin: “Əks halda, vergi orqanı bu əməliyyatı sübuta yetirməkdə çətinlik yaşayacaq”.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 Eldəniz Əmirov 

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Sosial şəbəkələr üzərindən əldə edilən bütün vəsaitləri "qara pullar" kriteriyasına aid etmək doğru deyil. Bunun ümumiləşdirilmiş adı varsa, biz bunu “bəyan edilməmiş gəlir” kimi qeyd edə bilərik və bəyan edilməmiş gəlir təbii ki, vergidən yayınmaya gətirib çıxarır. Rəsmi uçotda alınarsa, bu artıq qanun çərçivəsinə daxil olur və həmin vəsaitdən verginin tutulması mümkündür. İstər TikTok-da, istərsə də digər platformalarda gəlir əldə edən şəxslər normal halda - yəni qanunvericiliyin tələblərinə uyğun olaraq - vergiyə cəlb edilməlidirlər.

Mən hər dəfə qeyd etmişəm və bu dəfə də vurğulayıram ki, əgər bu gün parklarda, küçələrdə tiktokerlərin oturub yedikləri tumları süpürən təmizlik işçisi aldığı cüzi vəsaitdən vergi verirsə, çox aşağı əmək haqqına çalışan ayrı-ayrı insanlar, o cümlədən müəllimlər əməkhaqqından vergi ödəyirsə, o zaman hər kəs əldə etdiyi gəlirdən vergi verməyə borcludur - həm qanun qarşısında, həm də mənəvi baxımdan".

İqtisadçı onu da əlavə edib ki, insanın həyat fəaliyyəti boyu müxtəlif yollarla gəlir əldə etməsi üçün imkanlar yaranır: “Bu hallar sistemli xarakter aldıqda və çoxaldıqda artıq müvafiq dövlət qurumlarının diqqətini cəlb edir. Həmin dövriyyə ilkin və təxmini şəkildə təhlil edilir və daha sonra bunun qarşısının alınması üçün praktik addımlar atılır. Məsələn, 10 il əvvəl vergiyə cəlb edilməyən bəzi fəaliyyət növləri bu gün artıq vergiyə cəlb olunur. Düşünürəm ki, bu gün də vergidən kənarda qalan fəaliyyət sahələri mövcuddur. Həmin fəaliyyətlər hazırda vergidən yayınsa da, zamanla vergi intizamının və nəzarət mexanizmlərinin güclənməsi, eləcə də qanunvericiliyə yeni müddəaların əlavə olunması ilə bu yayınmaların qarşısı alınacaq. Amma bu o demək deyil ki, proses bununla bitəcək. Qarşıdakı illərdə yeni-yeni fəaliyyət növləri ortaya çıxacaq və bu da iqtisadi cəmiyyətin daimi müzakirə olunan mövzularından biri olacaq. Bir tərəfdən gəlir əldə edənlər vergidən yayınmağa çalışır, digər tərəfdən isə müvafiq dövlət qurumları qanunvericiliyin tələbi ilə şəffaflığın təmin olunmasına və həmin gəlirlərin rəsmi uçota alınmasına çalışır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR