İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: "Ordumuzun təhlükəsizliyi ilə bağlı dövlətimizin maraqları hər şeydən önəmlidir"

"Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. Təxribat xarakterli addımlar atmaq istəyən qüvvələrin maraqlarına uyğun informasiyaların yayılması Azərbaycan dövlətinin yürütdüyü siyasətə, o cümlədən də ordumuzun fəaliyyətinə ciddi xələl gətirir".

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

O bildirib ki, bu məsələdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır:

"Xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl - 2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra, avqust ayında diversiya qrupunun Azərbaycana daxil olması və bundan sonra da 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması dönəmində Azərbaycan rəsmilərinin, xüsusilə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətə müraciəti oldu ki, biz informasiya təhlükəsizliyi məsələsində də çox diqqətli olmalıyıq. Çünki informasiya cəbhəsində bizə hansı istiqamətdən hücumların olacağını bilmirik. Təbii ki, "erməni maşını" dünyada çox güclü fəaliyyət göstərir və bu gün də o fəaliyyət davam etməkdədir. Düşünürəm ki, bizim informasiya siyasətində nə qədər ehtiyatlı olmağımız məqamı indiki dönəmdə daha ciddi əhəmiyyətə malikdir. Çünki biz artıq döyüş meydanında düşməni darmadağın etmişik, ondan güclü olduğumuzu sübuta yetirmişik, onu kapitulyasiyaya məcbur etmişik. Necə ki, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi, indi ondan daha çox diqqətli olmalıyıq. Çünki artıq döyüş mərhələsi geridə qalıb və biz indi düşmənlə siyasi-diplomatik müstəvidə apardığımız mübarizə ilə paralel olaraq, həm də informasiya cəbhəsində ciddi mübarizə aparırıq. Bu cəbhədə apardığımız mübarizə bizim üçün çox önəmlidir. Döyüşdə əldə etdiyimiz qələbəni tam rəsmiləşdirmək, düşməni paralel platformlarda da məğlub etmək bizim üçün çox ciddi önəm daşıyır.

İkinci Qarabağ müharibəsi dönəmində bu məsələ ilə bağlı KİV haqqında qanuna dəyişiklik edildi. Həmin zaman dezinformasiyaların yayılması, yaxud bunun yayılmasına səbəb olmaq, rəsmi qurumların yaydığı informasiyalardan kənar hər hansı bir məlumatın yayılması ilə bağlı məsuliyyəti nəzərdə tutan müddəa qanunverciliyə daxil edildi. Bu da insanlarımızı bu prosesdən yayındırmaq və qanun pozuntularına gətirib çıxaracaq informasiyaların yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Təbii ki, dövlətimiz insanlarımızın məsuliyyətə cəlb olunmasını istəmir. Amma bir insanımızın həyatından, azadlığından daha çox dövlətimizin maraqları var. Ordumuzun təhlükəsizliyi ilə bağlı maraqlarımız var ki, bunlar bizim üçün hər şeydən önəmlidir. Heç kəs istəməz ki, əsgərlərimizin həyatı üçün təhlükə yaransın. Düşünürəm ki, hər bir vətəndaşımız hüquqi statusundan, cinsindən, cəmiyyətdə tutduğu mövqeyindən, etnik mənsubiyyətindən, yaxud digər amillərdən asılı olmayaraq bu məsələlərə ciddi yanaşmalıdır. Qanunvericiliyin, o cümlədən də rəsmi qurumlarımızın tələblərinə riayət etməyə çalışmalıdır ki, bu kimi hallar baş verməsin. Bizim əldə etdiyimiz qələbəyə gələcəkdə xələl gətirə biləcək hər hansı bir addımın atılmasına səbəb olmasın".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR