İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert Kərbəlada ölən zəvvarlar haqqında danışdı: “Onlara kimsə “getmə” deyə bilməz”

Xəbər verildiyi kimi, İraqda Kərbəla ziyarətinə gedən azərbaycanlı zəvvarlar vəfat ediblər.

Göyçay rayon sakini Elşən Cəfərov ürəyində ciddi problemlər olduğu üçün infarktdan dünyasını dəyişib. Rafiq Məhərrəmli isə yaşlı olduğu üçün hava şəraiti səbəbindən vəfat edib.

JURNA .png (961 KB)

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Musavat.com-a açıqlamasında bildirib ki, Kərbəla şəhidlərini ziyarət etmək səhhətində problem olan insanlar üçün böyük risk daşısa da, bu, onların Hz. Hüseyn (ə) və onunla birlikdə şəhid olanlara sevgilərinin dərinliyindən qaynaqlanır:

“Ölümün harada və nə vaxt baş verəcəyini, insanı hansı vəziyyətdə yaxalayacağını öncədən bilmək mümkün deyil. Belə bir ziyarəti seçənlər bu riskləri göz önünə alaraq, bəlkə də son səfərlərini iman və sevgi ilə həyata keçirmək istəyirlər. Avropada da anomal istilər nəticəsində çox sayda insan ölüb. Lakin bu adamların ölümünə münasibət bildiriləndə heç zaman belə bir fikrə rast gəlinməz ki, səhhətində problem olan insanlar niyə evdən bayıra çıxıb, yaxud isti havada bu insanlar niyə küçələrdə gəziblər? Elə ki məsələ müsəlmanın ziyarət mövzusuna və inancına yönəlir, o zaman ortaya fərqli mövqelər çıxır. Avropada baş verən anomal istilər nəticəsində insanların ölümü ilə bağlı olaraq belə sualların qaldırılmaması, lakin müsəlmanların dini inancları və ziyarətləri mövzusunda fərqli yanaşmaların ortaya çıxması bəzi hallarda ikili standartların mövcud olduğunu göstərir”.

R.Mirhəşimli qeyd edib ki, belə vəziyyətlərdə insanların seçdiyi yolun arxasındakı dərin inanclar və sevgilər görməzdən gəlinir, əvəzində isə tənqid və şübhə ilə yanaşılır:

“Bu isə dini inancların və ziyarətlərin mahiyyətinin doğru başa düşülməməsi ilə əlaqədar ola bilər. İslam dini insanın sağlamlığını yüksək qiymətləndirir və onun qorunmasını vacib bir məsuliyyət kimi qəbul edir. “Qurani-Kərim”də sağlamlıq haqqında bir çox dəyərli tövsiyələr mövcuddur. İslam həm bədən, həm də ruhun sağlam olmasını vacib sayır. “Qurani-Kərim”də “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın” (“Bəqərə” surəsi, ayə 195) çağırışı ilə insanların sağlamlıqlarını qoruması tövsiyə edilir. Lakin nəzərə alaq ki, insanların düşüncəsi fərqli olduğu kimi, seçimləri də müxtəlifdir. Qəlbində Kərbəla şəhidlərinə sevgini yaşadanlara, ziyarət etmək üçün təşnə olan insanlara kimsə “getmə” deyə bilməz. Yəqin ki, bu adamların ailə üzvləri və əzizləri onların ziyarətlərindən öncə səhhətlərində problem olmasını bilirdi. Əzizləri bu adamları həmin ziyarətdən saxlaya bilməyibsə, başqalarına bu barədə nəsə demək düşməz. Bu mövqe eyni zamanda etik də sayılmaz. Azərbaycanda və dünyada hər gün insanlar dünyasını dəyişir. Hər ölümün də səbəbi fərqli olur. Kərbəla ziyarətinə gedənlər də özlərini bir eşqin yolçuları sayır. Sevən qəlbə isə kənardan kimsə hökm edə bilməz”.

Qeyd edək ki, Elşən Cəfərov Kərbəla şəhərində, Rafiq Məhərrəmli isə Nəcəf şəhərində dəfn olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR