İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlu arzusuna çatdı, tam istədiyi oldu! - Zaur Bayramlı ABŞ-dən yazır

ABŞ-də yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlı maraqlı bir yazı qələmə alıb. Uzun müddət Türkiyədə yaşayıb fəaliyyət göstərməsi səbəbindən qardaş ölkənin daxili siyasətini yaxşı bilən Z. Bayramlının bu yazısı son günlər baş verənlərə güzgü tuta biləcək səviyyədədir.

Musavat.com həmin yazını olduğu kimi təqdim edir.

*****

Sakit olun, çox həyəcanlanmayın, bu yaşananlar tam da Əkrəm İmamoğlunun istədiyi mənzərədir.

Niyəsini izah edim:

Türkiyədə seçkilərə (prezident və parlament seçkiləri eyni vaxtda keçirilir) hələ 3 ildən çox müddət var. Erkən seçki də dilə gətirilmir. Türkiyə siyasətini izləyənlər bilirlər ki, 25 ildir Türkiyədə erkən seçkiləri sadəcə Devlet Bahçeli təyin edir - yəni, o, dilə gətirməyincə, Türkiyədə erkən seçkilərin keçirilməsi real görünmür.

Belə olduğu halda, Əkrəm İmamoğlu CHP-nin başına gətirdiyi kukla sədr Özgür Özelin əli ilə "aday belirleme süreci" başlatdı və bunun üçün "İmamoğlu listəsindən" Türkiyə Böyük Millət Məclisinə girən millət vəkillərinin imzası ilə bir müraciət hazırladı. (Prezidentliyə namizəd olmaq üçün ya xalqdan 100 min imza toplamaq lazımdır, ya da ən az 50 millət vəkilinin imzasını).
Məsələni müzakirə etmək üçün Özgür Özel, Əkrəm İmamoğlu və Mansur Yavaşın iştirakı ilə üçlü görüş keçirildi.

910b8cf1-bf8d-4417-800e-86d52c628b5b.jpeg (59 KB)

Mansur Yavaş başladılan bu sürəcin (prosesin) doğru olmadığını, seçkiyə hələ 3 ildən çox vaxt qaldığını söyləyərək dedi ki, biz hələ ki, öz işimizlə, yəni bələdiyyəçiliklə məşğul olaraq, xalqımızın könlündə daha çox yer etməli, öz xidmətlərimizlə millətimizin sevgisini daha çox qazanmalıyıq ki, cumhurbaşqanlığına namizəd olacağımız vaxt bizi tərəddüdsüz seçsinlər. Təklif etdi ki, bu məsələni indilik arxa plana ataraq, xalqımızın bizə verdiyi vəzifəni layiqincə yerinə yetirməyə baxaq, zamanı gələndə namizədlik məsələsini müzakirə edərik.

Mansur bəy haqlı olaraq deyirdi ki, indidən namizədin müəyyən edilməsi həm namizədin özünə, həm partiyaya, həm də bütövlükdə Türkiyəyə zərər verəcək.

Təəssüf Mansur Yavaşın bu hüquqi və əxlaqi təklifi Əkrəm və onun CHP-nin başına təyin etdiyi (!) Özgür əfəndi tərəfindən qəbul edilmədi və onlar CHP-lilərin səsverməsi ilə partiyanın prezidentliyə namizədini müəyyən etmək seçkisinə qərar verdilər.

Anlamadılar ki, seçiləcək olan prezident CHP-lilərin yox, bütün Türkiyənin prezidenti olmalıdır.

Əslində, keçirilən əksər rəy sorğularında Mansur Yavaş Əkrəm İmamoğludan 10-12 % öndə idi və müxalifət Mansur bəyin namizədliyi ilə seçkiyə girəcəyi halda, tərəddüdsüz qazanacaq kimi görünürdü.

Əgər Əkrəm İmamoğlu doğrudan da iddia etdiyi kimi mənəvi dəyərlərə dayalı siyasətlə məşğul olan əxlaqlı bir siyasətçi olsaydı, özü Mansur Yavaşa təklif edərdi ki, "abi, sən həm xalq nəzdində məndən çox öndəsən, həm də yaşlısan, mən gəncəm, bu dəfə sənin namizədliyinin ətrafında birləşək, mən də Cumhurbaşkanı Yardımçısı olaraq sənə dəstək olum, növbəti seçkidə də sən mənə dəstək olarsan, mən seçilərəm".

Əslində, doğru olan və Türkiyənin ehtiyacı olan da bu idi.

Amma bu təklifi edə bilmək üçün yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olmaq lazımdır.
Sizcə bu gün yaranan tablonu İmamoğlu görmürdümü? Əlbəttə ki, görürdü. Ona tam da elə bu lazım idi - "mağdur" olmaq, həbsə girmək və çıxdıqdan sonra da "mağdurum da, mağdurum" ədəbiyyatına sığınmaq.

Gözünün önündə bunun Ərdoğan kimi bir örnəyi var.

Siz zənn edirisniz ki, polislər tərəfindən gözaltına alınarkən 2 milyon TL-lik saatını göstərə-göstərə taxan Əkrəmin əsas rəqibi Tayyip Ərdoğandır?

Xeyr!

İmamoğlunun nəzərində onun ən böyük rəqibi hər kəs tərəfindən sevilən, özünü günlük siyasi oyunlara yox, xalqa xidmətə həsr edən Mansur Yavaşdır.

Son tamaşa ilə isə Mansur Yavaş kimi əxlaqlı və dürüst bir siyasətçi nə yazıq ki, oyundankənar vəziyyətə salınmış oldu - İmamoğlu-Özel cütlüyünün arzuladıqları və planladıqları kimi.

Sadəcə onlar bunu iqtidarın əli ilə etdilər...

İyi seyrlər, sayın seyrçilər!

Zaur Bayramlı, ABŞ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR