Onlayn ictimai-siyasi qəzet
Qulaq hər gün təzə söz eşitməsə kar olarmış, biz də dünən yeni bir din haqda öyrəndik. Sən demə “Əhmədi” adında təriqət varmış, ABŞ və Britaniyada yaranıbmış, peyğəmbəri Əhməd Haşım adında, Misir əsilli amerikalıdır. Əhməd müəllimin adının baş hərfiylə təşkilatın qısa abbreviaturası da vardır, AROPL şəklində. Bu, “Əhmədinin işıq və sülh dini” sözlərinin birinci hərfindən qayırılmışdır. ( Az qala çaşıb “Əhmədlidə işıq” yazırdım).
İnternetdən öyrəndiyimə görə bu təriqət şiəliyə, yəhudiliyə, qədim Misir dinlərinə, konspirologiyaya - uzun sözün qısası, gəlib-keçmiş bir çox dinlərə aid özəllikləri özündə birləşdirirmiş. Pis çıxmasın, Haşım müəllim hərədən bir inqredient götürüb, bir dini şorba bişiribdir. Nuş olsun demək olarmı? Əlbəttə, olar, çünki adamın bir sürü tərəfdarları, Britaniya və ABŞ-da ofisləri vardır.
Dünən isə bu təriqətin üzvləri Bakıda ticarət mərkəzinin qabağında aksiya keçiriblər. Polis tutub, 10-15 sutka verib.
Güman etmək olarmı ki, bu, Azərbaycanda dini etiqad azadlığının pozulması haqda beynəlxalq hesabatlara düşəcəkdir? Yüz faiz. Məsələn, ABŞ Dövlət Departamenti hər il belə tragikomik hesabatlar yayır. Bakıda müxalifətçini it sürütməsi elə, Trampın cınqırı çıxmaz, lakin İranın dini agentlərini gözəl şəkildə müdafiə edirlər, qalırsan mat-məəttəl.
Ümumiyyətlə, bütün dünyada dini müstəvidə başıxarablıq geniş yayılıbdır, dahilərdən kiminsə dediyi kimi, bəlkə Kainatın sərhədi var, lakin cəhalətin sərhədi yoxdur. Məsələn, hazırda dünya katolikləri rütbəsi, vəzifəsi heç bir dini kitabda nəzərdə tutulmayan papanın dəfninə yığışıb ağlaşma quracaq. Hələ orda təzə papanı tüstü buraxıb seçmək ayini var, ciddi-ciddi adamlar yığışıb bunu təşkil edir, milyonlar prosesi izləyir və sairə. Əlbəttə, kim nəyə istəyir inansın. Şəxsən mən Rasselin çaynikinə inanıram və buna - inancıma hörmətlə yanaşmağı tələb edirəm.
Və Haşım müəllimin təriqətinə qarşı təzyiqlər sən demə ilk deyilmiş. Hələ 2022-ci ildə bunun 3-4 azərbaycanlı üzvü Latviyadan sığınacaq istəyibmiş.
Hərçənd, millətimizin belə rəngarəng dinlərə inanmağı bir tərəfdən də sevindiricidir. Yəqin ki, biz dələduzlar arasında seçim eləməyi xoşlayırıq. Tək bir dələduzun ardıyca getməyi özümüzə sığışdırmırıq. Əks halda dünyanın bütün gəlib-keçmiş təriqətlərinə ev sahibliyi etməzdik. Atəşpərəstlikdən məzdəkiliyə, xristianlıqdan krişnaizmə, şiəlikdən iudaizmə qədər hamısını qəbul etmişik, yeri gələndə üzv olmuşuq.
Sufizmi Türkiyə ərazisində yaradan, yayan Şəms Təbrizi olub. Çar Rusiyasında şərqşünaslıq və türkologiyanın əsaslarını qoyanlardan Mirzə Kazım bəy xristian idi. Mirzə Fətəli Axundov və Mirzə Cəlil ateist, Mirzə Ələkbər Sabir bəhai olub. Bəhailik də təxminən elə bu Haşım müəllimin təriqəti fason bir şeydir - dünyadakı bütün dinlərin hamısından bir çimdik götürüb qatıblar, həftəbecər düzəldiblər, xeyli adamı da “becərirlər”. Mərkəzi ofisi İsraildə, Hayfada olmalıydı və bir aralar onun dünya üzrə 9 liderindən biri məhz azərbaycanlıydı. Əslən Güney Azərbaycandan olan Əli Naxçıvani adlı həmin yoldaş dünya bəhai icması üçün tanınmış şəxsiyyət idi.
SSRİ dağılan ərəfədə, 1989-cu ildə az qala ənənəvi islamdan da qabağa düşüb Bakıda Krişna Mərkəzi açmışdılar. Ekstravaqant milyonçumuz, rəhmətlik Cənnət Əliyev “Qarayev” metrosu tərəfdə həmin icmaya zırpı bir məbəd bağışlamışdı. Sözgəlişi, Cənnət bəy özü sonra “İmam Əlinin dünyada ən uzun Zülfüqar qılıncını” düzəltmişdi. Narxozda kibernetika kafedrasının Akif adlı müəllimi nəinki Azərbaycan, bütün SSRİ-də krişnaitlərin tanınmış simalarından sayılırdı.
Vəhabi deyirsən - varımızdır, Taliban üzvü olan azərbaycanlını amerikalılar bir vaxt tutub Quantanamoya qədər aparmışdılar. İŞİD-in lideri hətta bir ara İraq türkməni (oxu: azərbaycanlı) qoyulmuşdu, soyadı da Qardaş idi.
İndi gözləyək, görək daha hansı təriqətlərimiz çıxacaq və “28 mall”ın qabağında piket keçirəcək. Yeri gözəl seçiblər, prinsipcə, AVM-lər bu saat dünya gəncləri üçün məbəddir.
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ