İnsanlara hürriyət, millətlərə istiqlal!

Egeydən Xəzərə qədər – Azərbaycan-Türkiyə...– Şuşa Bəyannaməsinin üç ili tamam oldu

1991-ci ilin 9 noyabrından 2021-ci ilin 15 iyunu arasında 30 il 7 ay 5 gün vaxt var. Bu zaman kəsiyində Türkiyə-Azərbaycan münasibətləri sıfırdan başıayaraq öz apogeyinə qədər inkişaf edib.

1991-ci ilin həmin günü Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. 2021-ci ilin 15 iyununda isə Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb.

İkinci hadisə Türkiyənin öz qanadını xarici təhlükələrə məruz qala biləcək qardaşının üzərinə gərməsi idi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycanı zəif sayaraq üstünə yerimək istəyən istənilən dövlət Türkiyənin üzərinə gəlmiş və anındaca cavabını almış olacaqdı. Eyni zamanda bu saziş Azərbaycanın öz sinəsini qardaş dövlətə tuşlanmış təhlükəyə sipər etmək öhdəliyidir. 

493677d5-77bb-4377-89f7-73a515b5a3be.jpg (225 KB)

Əslində 1991-ci ilin noyabr ayının 1-ci ongünlüyündə Türkiyənin Azərbaycanı tanması sıradan bir qərar deyildi. Çünki SSRİ adlanan rus imperiyası çökmüş, yatalaq xəstəsinə dönsə də hələ can verməmişdi,  nəfəsi gəlib-gedirdi. Bu dövlətin bitişi 9 noyabrdan 47 gün sonra, 1991-ci ilin 26 dekabrında baş tutdu. Bunu SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov televiziya ilə çıxışında bəyan etdi.

Başqa sözlə, Türkiyənin 1991-ci ilin oktyabr ayının 18-də parlamentin plenar iclasında müstəqillik haqqında bəyannamə qəbul edərək, özünü müstəqil dövlət elan edən Azərbaycanı tanıması əslində Ankaranın Moskvaya qarşı de-marşı idi. 1923-cü ildən etibarən xarici siyasətdə həmişə ehtiyatlı mövqe tutan, düşmənlərə müdaxilə, təzyiq bəhanəsi verməyən Türkiyənin bu addımı atnası böyük cəsarət nümunəsi idi.

Ardınca 1992-ci ilin 14 yanvarında iki qardaş ölkə arasında diplomatik əlaqələr quruldu. Sonra BMT-nin üzvü olan başqa dövlətlər iki-bir, üç-bir Azərbaycan Respublikasının müstəqilliyini tanımağa başladılar. Bu xəbərlər ölkə ictimiyyətinə verilir, sonra “Koroğlu” üverturasının səsləndirilirdi.

Bu otuz il yarımda Türkiyə-Azərbaycan münasibətləri çətin mərhələlərdən, sınaqlardan keçdi, ancaq hər zaman “qardaşlıqdan əskik olmamaq” meyarı ön planda oldu.

erdoil.jpg (120 KB)

Şuşa Bəyannaməsini imzalayaraq bütün dünyaya Azərbaycan ilə Türkiyənin qardaşlığını bildirən mesajı vermək şərəfi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana nəsib oldu. Onlar bu mübarək sazişi 2021-ci il iyunun 15-də Şuşada imzaladılar. Bu gün o təqvimin 3-cü ildönümüdür.

O vaxtdan bəri dünyada çox şey dəyişib, passiv münaqişədən aktiv müharibəyə adlayan, cəbhələşən, “vur-vurum” həddinə gələn dövlətlər olub, Türkiyə və Azərbaycan isə müttəfiqlik yolunda qədim karvanlar dəstiri aram və əmin addımlarla irəliləyib.

Bu bəyannamənin imzalandığı vaxt bölgədə, imzalma mərasiminə ev sahibliyi edən şəhərin ətrafında hələ müəyyən əndişə doğuracaq durum vardı. Erməni separatçıları Xankəndidə, Şuşadan 14 (hava yoluyla - 10) kilometr aşağıdaydılar və revanş sevdasıyla alışıb-yanır, dəvədən yıxıldıqları halda “höt-höt” deməkdə davam edir, xarici havadarların dəstəyi ilə durumu dəyişilməsinə səbəb olacaq möcüzə gözləyirdilər.

Əslində Şuşa Bəyannaməsi həm də onlara mesaj idi ki, əbəs yerə möcüzəyə, havadar dəstəyinə ümid bəsləməsinlər, bölgəyə müdaxilə etməyə cəsarət edən istənilən xarici qüvvə qarşısında Türkiyə-Azərbaycan ittifaqının əsgərlərini və hərbi texnikasını görəcək. Çünki bu iki dövlətin sərhədi artıq Egeydən Xəzərə qədər uzanır.

Ötən ilin sentyabrında Azərbaycan daxili separatizm problemini yerli-dibli həll etdikdən sonra Qarabağda tam sabitlik yarandı. Ancaq bu o demək deyildi ki, Şuşa Bəyannaməsinin, Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti azalmış olur. Əksinə, yeni mərhələ başlayır. İndi bu müttəfiqliyi qısqananlarla, bu birhəliyə qarşı məkrli planlarla quranlarla mübarizə dönəmin başlayır.

Son 35 ilin acı təcrübəsi göstərir ki, heç vəchlə təklənmək olmaz. Hər bir dövlətə həmişə mütləq sadiq müttəfiqlər lazımdır. Dünyanın ən qüdrətli ölkəsi ABŞ-dir, ancaq o da heç bir dövlətlə təkbaşına savaş meydanına girmir, mütləq ətrafına müttəfiqlər toplayır, öz dominantlığı ilə hərbi-siyasi koalisiya yaradır. Son yüz ildə ABŞ-nin qatıldığı hərbi kampaniyaların tam əksərində bu dövlət müttəfiqlərinin köməyindən yararlanıb. Zatən, onun ən sadiq müttəfiqləri elə anqlo-saks soylu xalqların təsis etdiyi dövlətlərdir: İngiltərə, Kanada, Şotlandiya, Avstraliya, Yeni Zelandiya, İrlandiya...

Şuşa Bəyannaməsi heç də təkcə hərbi müttəfqiliyi nəzərdə tutmur, eləcə də bütün əməkdaşlıq sahələrini əhatə edir. Buraya siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə əməkdaşlıq daxildir.

Bu bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmağa yönəlik sənəddir, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmalı, regionda yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmalıdır. Şuşa və Şuşa ətrafının gözəl təbiəti həm qış, hm də yay turizmi üçün əlverişli olduğundan bu sektorda fəaliyyət göstərən i adamları üçün geniş imkanlar açır.

Şuşa Bəyannaməsinin böyük rəmzi mənası var. Sənəd imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Qars şəhəri təxminən 40 il işğalda qalmış, yadelli qüvvələr tərəfindən idarə edilmişdi. Şuşanın işğaldakı illəri Qarsınkına çatmasa da, uzun (28 il) çəkdi, ancaq sonda bu dumanlı, qarlı şəhərlərin ikisi də öz əzəli sahiblərinin oldular.

Ümidvarıq ki, iki dövlət bir arada olduqca, nə Şuşaya, nə Qarsa, nə də Hataya, Qazağa bir zaval gələcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR