İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər Kiyev bu razılaşmanı təsdiqləsə, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq”- ŞƏRH  

 

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlamamışdan 5 gün öncə, 2022-ci il fevralın 19-da Rusiya Prezidenti Vladimir Putinə görüşməyi təklif etdi. Putin bu istəyə məhəl qoymadı və 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı.

Musavat.com xəbər verir ki, bunu siyasi təhlilçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov Rusiya-Ukrayna müharibəsinin başlanmasının 3 ili ilə bağlı şərhində qeyd edib.

Onun sözlərinə görə, Zelenski 2022-ci ilin martında Putini “istənilən formatda” birbaşa danışıqlara çağırıb və Ukraynanın NATO-ya daxil olması məsələsində güzəştə getməyi təklif edib. Rusiya isə Ukraynanın tam təslim olmasını və demilitarizasiyasını tələb edirdi.

Ukrayna ərazilərinin 20 faizi işğal altındadır. ABŞ Müharibə Tədqiqatlar İnstitutunun hesablamalarına əsasən, Rusiyanın Ukrayna ərazilərində mövcud irəliləyiş sürəti Ukraynanın qalan 80 faizini ələ keçirmək üçün 83 ildən çox vaxt tələb edir.  Ehtimal ki, həmin hesablama, Rusiya qüvvələrinin cəbhə xəttində irəliləmə sürətinin son üç ayda əhəmiyyətli dərəcədə azalması hesablamasına istinad edir. Avropa İttifaqı üzvləri və Aİ təsisatları üstəgəl, Norveç və Böyük Britaniya Ukraynaya birbaşa yardımın məcmu ayırmalarına görə ABŞ-ni geridə qoyub. Belə ki: Avropa Ukraynaya cəmi 166 milyard dollar məcmu yardım ayırıb və 2030-cu ilə qədər əlavə olaraq 34,7 milyard dollar ayrılacağını vəd edib. Avropa ümumilikdə təqribən 204,1 milyard dollar təmin edib və öhdəlik götürüb. Bu rəqəmlərə Aİ və G7-nin Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən kreditlərin verilməsi üzrə öhdəlikləri daxil deyil. Avropanın Ukraynaya verdiyi kreditlər Ukraynadan deyil, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilir. Bununla belə, ABŞ-nin Ukraynaya hərbi yardım kampaniyası daha səmərəlidir. Çünki Avropa İttifaqı ilə ABŞ arasındakı müqayisədə Şərqi Avropada yerləşdirilən ABŞ qüvvələrinin xərcləri nəzərə alınmır. Ukrayna məhz ABŞ istehsalı silahlarla Rusiyanın cəbhə xəttini əhəmiyyətli olmasa da, dəyişdirməyə nail oldu və Ukrayna üçün taktiki çəkindirmə faktına çevrildi”.

Fransa daha bir total hücuma başlamaq istəyir-Aqşin Kərimov » www.Bia.Az

Siyasi təhlilçi əlavə edib ki, Birləşmiş Ştatların Ukrayna üçün ayırdığı vəsaitlərin əksəriyyəti daxili müdafiə sənayesi bazasını maliyyələşdirməyə yönəlib: “Rusiya ilə ABŞ arasındakı sövdələşmə üçün elan edilmiş qarşılıqlı niyyət bəzi kartları açır. Ortada isə daha çox iqtisadi-ticari və qarşılıqlı investisiya imkanları ilə əməkdaşlıq modelinin müzakirə predmetinə gətirildiyini görmək olur. ABŞ ilə Rusiya bu məsələdə bir-birlərinə müəyyən formada güzəşt sahəsi tanıyırlar. Bunu son açıqlamalar və bir təyinat fonundakı tendensiyalarla əlaqələndirək. Belə ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff 2022-ci ilin əvvəlində İstanbul protokollarına istinad edərək, Rusiya və Ukrayna arasında fevralın 23-də danışıqlar üçün təklif etdi. Əgər Kiyev bu protokollara əsaslanan razılaşmanı təsdiqləsə, bu, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq. Burada fokuslanacaq başqa bir məqam odur ki, ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Səudiyyə Ərəbistanında keçirilən görüşün əsas iştirakçılarından biri idi. Ehtimalla Rusiya Yaxın Şərqdə ABŞ-yə güzəşt sahəsi tanımağa hazır olmağın müqabilində Vaşinqtonu Ukrayna məsələsində əlini çəkməyin faydalarına inandırır. Rusiya Prezidenti Vladimir Putin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevi Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi təyin etməsi diqqət çəkir. Nəzərə alaq ki, Dmitriyev fevralın 17-də Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşən Rusiya nümayəndə heyətinin tərkibində olub. Dmitriyevin ABŞ-nin Standford Universitetində və Harvard Universitetlərində təhsil alması və ABŞ şirkətlərində işləyib. Bu, Rusiyanın ABŞ-ni “anlayacaq” birini təyin etməsi ilə bağlı ABŞ-ın tələblərinə cavab olaraq ortaya çıxmış bir təyinatdır. Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıtdı, Kremlin üzləşdiyi kəşfiyyat və təhlükəsizlik çətinliklərinin düşünüldüyündən də daha dərin olduğunu meydana çıxardı. Burada ən böyük hadisə Ukraynanın Kursk regionuna hərbi müdaxiləsi idi, lakin bu, cəsarətli plan olsa da, taktiki və strateji baxımdan səmərəsiz idi. Çünki Kurskdakı hərbi əməliyyatlar nə Rusiya qoşunlarının irəliləyişinin qarşısını ala bildi, nə də ABŞ Ukraynanın bundan sonrakı qələbə planına inam bəslədi.

Eyni zamanda Ukraynadakı müharibə Transatlantik fırtınaları da qızışdırdı. İndi bunun daha aşkar əlamətləri ABŞ ilə Avropa İttifaqı, ümumilikdə NATO daxilindəki fikir ayrılıqlarının dərinləşməsi faktı ilə görünür. Donald Tramp və Putin hakimiyyəti indi hazırkı durumu ABŞ ilə Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar. Bunun üçün, Kremllə Ağ Ev Ukrayna üçün “sülh üsulları” axtarır, Tramp bunun üçün İkinci Dünya Müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır. Rusiyanın isə hələlik sensasion dönüş etdiyi görünmür, hərçənd ki, böyük ölçüdə Moskva Vaşinqtona Arktika regionu və Hind-Sakit Okeanı regionunda “azad hərəkət” imkanları tanıya bilər.  Bütün bunlar baş verərkən Çinin Rusiya və Ukrayna arasında atəşkəsin bir hissəsi olaraq öz əsgərlərini sülhməramlı rolda yerləşdirməyi əldə etmək üçün münasib şərait axtardığı fikri yaranır. Bu, Çinin Avropada yaranan təhlükəsizlik boşluqlarına sızmasına görünməmiş şərait yarada bilər. Qısası, hələlik, konseptual şəkildə beynəlxalq sistem üzrə mümkün Rusiya-ABŞ-Çin bölgüsü belə təsvir edilə bilər...”

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR