Onlayn ictimai-siyasi qəzet
“Taliban” xüsusi xidmət orqanları Rusiyadan Əfqanıstana casus axını gözləyir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin kəşfiyyat xidmətinin fikrincə, Moskvanın bu yaxınlarda “qəzəbli mollalar” rejimini rəsmi şəkildə tanıdıqdan sonra belə bir perspektiv açılacaq.
Əfqanıstan əmirliyinin kəşfiyyat idarəsinin 0376 saylı (əks-kəşfiyyat) şöbəsi tərəfindən bu il iyulun 7-də hazırlanmış “Əfqanıstanda rusiyalı turistlər tərəfindən kəşfiyyat məlumatlarının toplanması” adlı sənəddə göstərilir ki, Rusiya xüsusi xidmət orqanlarının Əfqanıstanda fəaliyyəti artacaq.
“Taliban” əks-kəşfiyyatının sənədində deyilir: "İslam əmirliyi bu yaxınlarda Rusiya tərəfindən tanındıqdan sonra ölkəyə gələn Rusiya vətəndaşlarının sayı artıb. Bu qruplar ölkəyə turist, mədəniyyət missiyası və ya jurnalist adı altında daxil olsalar da, kəşfiyyat məqsədi güdürlər. Son günlər bu vətəndaşların bəziləri tarixi abidələrə baş çəkib və onların fəaliyyəti şübhəli hesab olunur. Bu şəxslərin hərəkatına xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarət olunmalı, əks-kəşfiyyat orqanları tərəfindən müvafiq qiymət verilməlidir".
“Taliban” əks-kəşfiyyatının rəhbəri Mövləvi Əsədullah Baryalay təhlükəsizlik və kəşfiyyat xidmətinin analitiklərindən bu məlumatı və casus təhdidlərinin qiymətləndirilməsini əmirliyin digər əks-kəşfiyyat və hüquq-mühafizə orqanları ilə paylaşmağı xahiş edib.
Bu sənəddən görünür ki, Moskvanın “Taliban” hökumətini tanıması mollaların xüsusi xidmət orqanlarının rəhbərliyinin xüsusi müsbət reaksiyaya səbəb olmayıb. Əksinə, “Taliban” Rusiyanın siyasi jestini potensial təhlükə faktoru kimi qəbul edir.
İndi Rusiyada belə bir rəy var ki, Əfqanıstana səyahət etmək istəyən vətəndaşlar bu sənədlərdə yazılanları nəzərə almalıdırlar. Çünki “Taliban” Rusiyadan gələn turistləri əziz qonaq kimi qəbul etməyə bilər.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ