İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcnəbi diplomatlar Ağdam - Xankəndi yolunda...

Ekspertlər: “Ermənilərin bütün dünyada yaratdığı böyük yalanı darmadağın etmək üçün...”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri işğaldan azad edilmiş Ağdamda olublar. Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olublar.

 Diplomatlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olublar.

“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik. Təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X paylaşımında bildirib.

 Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının və dəmir yolunun sxematik planı ilə tanışlıq olub.

 “Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yollara bloklar və maneələr qoyurlar”, - deyə o vurğulayıb.

Bəs diplomatların indiki vaxtda Ağdam, Ağdam-Xankəndi yoluna getməsi Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb edir?

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ermənistanın və  dünya ermənilərinin "fake news" şirkəti demək olar ki, bütün istiqamətlərdə, media resurslarında, platformalarda öz yalanlarını yayıblar ki, guya Azərbaycan erməni əhalisini aclığa məhkum edir, guya onlar az qala soyqırımla üz-üzə qalıblar, onları xilas etmək lazımdır. “Soyqırım” və “etnik təmizləmə”  anlayışı artıq ermənilərin dilində bir yalan standartına çevrilib. Burada əsas məsələ ondan ibarətdir ki, bu iki cinayəti ermənilərin özləri azərbaycanlılar və türklərə qarşı  ediblər. İndi isə  çalışırlar özlərini təmizə çıxartsınlar ki, bütün bu biabırçılıqları, Xocalı, Meşəli soyqırımlarını,  digər  etnik təmizləmələrin hamısını, həmçinin 300  minə yaxın azərbaycanlıların zorla öz ata-baba yurdlarından deportasiya edilməsini “unutdursunlar” və etmədiymiz işləri adımıza yazsınlar.

Bu baxımdan, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin ora getməsinin çox böyük əhəmiyyəti var. Ermənilərin bütün dünyada yaratdığı böyük yalan massivini darmadağın etmək üçün bütün üsullardan, vasitələrdən mütləq şəkildə istifadə etməliyik. Əlbəttə ki, diplomatik korpusun özünün informasiya platformaları, kanalları var, gerçək məlumatları yayır, paylaşırlar. Bu məsələni diplomatların öz gözləri ilə görməsi son dərəcə əhəmiyyətlidir. Biri var ki, biz bunu deyirik, biri də var ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, diplomatlar bunu görür və istər-istəməz informasiya daşıyıcılarına çevrilirlər.

Xatırladım ki, bu yaxınlarda ermənilər də bu üsula əl atmışdılar, bir sıra diplomatları, hətta Ukraynanın İrəvandakı diplomatını Ermənistan tərəfindən sərhəd bölgəsinə gətirib, öz dırnaqarası həqiqətlərini çatdırmağa çalışmışdılar. 

Bir məsələni də qeyd etmək istərdim, “Vaşinqton Post”da erməni əsilli David İqnatius çalışır.  Bugünlərdə “Vaşinqton Post”da onun müəllifliyi ilə Azərbaycanla bağlı azı 4-5 yalan məqalə işıq üzü görüb. Bu həmin İqnatiusdur ki, 2009-cu ildə Davos iqtisadi forumunda moderator olarkən İsrail prezidentinə danışmaq üçün 25 dəqiqə, həmin dövrdə Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğana 5 dəqiqə vaxt vermişdi. Həmin vaxt Ərdoğan buna çox sərt reaksiya verdi, dedi ki, “dayan, mənim opponentimə 25 dəqiqə söz verdin, danışdı, mənə  isə danışmağa imkan vermirsən, deyirsən ki, camaat yemək yeməlidir.  Ona görə də mənim üçün Davos  bitdi”. İndi həmin erməni əsilli İqnatius dünyaca nüfuzlu “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə yazmaqla həm də çalışır ki, Azərbaycan-Amerika münasibətlərini pozsun, Baydenlə Prezident İlham Əliyev arasında olan münasibətlərə müdaxilə etsin.

Ona görə də səfirlərin, diplomatların bölgəyə getməsi çox önəmli və vacibdir. Orada heç bir blokadadan söhbət gedə bilməz. Əgər blokada varsa, onu separatçıların səhra komandirləri, mənfur cinayətkarlar- araiklər, balasanyanlar, balayanlar və özləri edirlər. Onlar camaatı aclığa məhkum edirlər ki, yalandan “fəvvarə” qaldırsınlar və bunu Azərbaycanın ayağına bağlasınlar. Azərbaycan da bildirir ki, “heç bir blokada yoxdur, demirsiniz ki, yük daşımaq lazımdır ki, buyurun, Ağdam yolu sərbəst işləyir, gətirin buradan keçirin, vəssalam”".

Akif Nağı Prezident Administrasiyasında Yeni Sabah

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da qeyd etdi ki, diplomatların Ağdam-Xankəndi yoluna getməsi, reallığı öz gözləri ilə görməsi Azərbaycan üçün çox vacib məsələdir: “Göründüyü kimi, ermənilər böyük hay-küylə öz yalanlarını dünyaya çatdırmağa çalışır. Bəzən biz həqiqətləri çatdırmağa ləngiyirik. Hesab edirəm ki, diplomatların Ağdam-Xankəndinə yoluna aparılmasını bir müddət əvvəldən etmək daha yaxşı olardı.  Hər halda, səfirlər bütün reallıqları görüb, bu haqda informasiyalarını öz dövlətlərinə çatdıracaqlar. Qeyd edim ki, Ağdam-Xankəndi yolu çox yaxşı yoldur, zamanında da istifadə olunub. Ötən ay öz kəndimizə gedən zaman Ağdamdan keçirdim və bu zaman həmin yolu, həmçinin dəmir yolunu da gördüm. Dəmir yolu artıq Ağdamın mərkəzinə çatıb və artıq yük qatarları fəaliyyətə başlaya bilər. Qeyd etdiyim kimi, bu yol hərtərəfli, rahat, daha çox yük aparmaq baxımından çox əlverişlidir, üstəlik, bütün fəsillərdə açıqdır. Amma Laçin yolu ilin yarısı təhlükəli olur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR