İnsanlara hürriyət, millətlərə istiqlal!

Düyünə düşən Brüssel anlaşması - Bakının səbri bitir

Əliyevlə Paşinyanın noyabr görüşü təxirə salına bilərmi? Ekspert: “Brüssel prosesinə ciddi zərər vurulub...”

Avqustun 31-də Brüsseldə üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərləri arasında əldə olunmuş anlaşmadan 24 gün keçir. Bu anlaşmanın ən mühüm bəndi sülh müqaviləsinin mətninin hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabr ayı ərzində bir araya gəlməsi haqda idi. Həmçinin İlham Əliyev və Nikol Paşinyanın noyabrın sonunda sülh müqaviləsi ilə bağlı təzədən Brüsseldə görüşməsi üçün ilkin razılıq əldə edilib.    

Ancaq vaxt bitmək üzrə olsa da, bu yöndə ciddi irəliləyiş yoxdur. Nazirlər - Ceyhun Bayramov və Ararat Mirzoyan sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi E.Blinkenin moderatorluğu ilə görüşsə də, heç bir nəticə olmadı, Brüssel anlaşmasına isə ümumiyyətlə, toxunulmadı. Bununla belə, Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət elədi.

Belə bir görüş baş tutacaqmı və baş tutarsa, ondan pozitiv nəticə gözləməyə dəyərmi? Sülh müqaviləsinin mətninin müzakirəsi nə vaxta qaldı?

“Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür”. Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür”, - deyə qardaş ölkənin lideri vurğulayıb.

Ərdoğanın gözləntisi üçün əsaslar ciddidirmi? Əliyevlə Paşinyanın noyabr Brüssel görüşü təxirə salına bilərmi?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

 Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə sentyabrın sonuna qədər xarici işlər nazirlərinin görüşünün keçirilməsi və sülh sazişi mətninin hazırlanması ilə bağlı tapşırıqlar verilmişdi: “Təəssüf ki, 12-13 sentyabrda Ermənistanın həyata keçirdiyi hərbi təxribat və bundan sonra da davam edən erməni təxribatları, Ermənistandan və Xankəndidəki separatçı rejim tərəfindən səsləndirilən bəyanatlar Brüssel prosesinə çox ciddi zərbə vurdu. Ona görə haqqında söhbət gedən görüşün keçirilib-keçirilməməsi ilə bağlı suallar ortaya çıxıb. Baxmayaraq ki, Nyu-Yorkda ABŞ-ın dövlət katibinin vasitəçiliyi ilə bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəticəsiz bir görüşü oldu. Dövlət katibi Blinken hər iki naziri sentyabrın sonuna qədər növbəti dəfə bir araya gəlməyə dəvət etdi. Belə bir təklif və dəvət üzrə növbəti ayın sonuna qədər görüş məncə baş tuta bilər. Çünki bilrisiniz ki, Ermənistanda son dövrlər anti-Rusiya istetikası yüksəlməkdədir və ermənilər özlərini Qərbə, ABŞ-a yaxın göstərmək üçün Amerikadan gələn təkliflərə canfəşanlıqla razılıq verə bilərlər. O baxımdan görüşün keçirilməsi ehtimalı var.

O ki qaldı görüş baş tutsa, ondan nəticə gözləməyə dəyərmi, məncə, nəticənin gözlənməsi hələ tezdir. Çünki gedən bir Brüssel prosesi var idi və normal məcrada davam edirdi. Dediyimiz hadisələrdən sonra bu proses xeyli dərəcədə öz məcrasından çıxarıldı, Brüssel prosesinə ciddi zərər vuruldu. İndi yenidən o zərərləri ortadan qaldırmaq və prosesi qaldığı yerdən davam etdirmək əlbəttə xeyli zaman alacaq.

Digər tərəfdən bu məsələdə Ermənistandan daha çox düşünürəm ki, Ermənistanı dəstəkləyən və xüsusilə də bu prosesi əngəllməklə dəstəkləyən dövlətlərin mövqeyi önəmli olacaq. Diqqət edirsinizsə, ABŞ 44 günlük savaşdan sonra Azərbaycanla Ermənistan arasında münaqişənin hələ bitmədiyini, Qarabağ məsələsinin həll olunmadığı tezisini ortaya atmaqla hansısa formada özünü iflic etmiş Minsk Qrupunun dirçəldilməsinə can atır. Amerikanın son bir neçə aydakı fəallığı da bununla bağlıdır. ABŞ həm də Rusiya ilə qlobal səviyyədə bir rəqabətdədir, Rusiyanı güney Qafqazdan çıxarmağa çalışır. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi prosesində Rusiyanın moderatorluğunun təsirini azaltmağa və özü bu yeri tutmağa çalışır. O baxımdan da Cənubi Qafqazdakı proseslərə Amerika ilə Rusiya arasındakı geopolitik savaşın nəticələrinin də təsiri olacaq. ABŞ doğrudan da bölgədə sülhün yaranmasını səmimi istəyəcəksə, proses sürətli şəkildə gedə bilər və Ermənistan 10 noyabr üçtərəfli bəyanatında öz üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Avropa Birliyinin vasitəçiliyi ilə aparılan görüşlərdə əldə olunan razılaşmaların yerinə yetirə bilər".

O ki qaldı Türkiyə Prezidentinin BMT iclasında çıxşındakı sülh gözləntisinə, politoloq qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişini imzalamaq mümkündür: “Bir şərtlə ki, Ermənistan və onu dəstəkləyən havadarları prosesin aparılmasında və məntiqi sona çatdırılmasında maraqlı olsunlar. O zaman qısa müddətdə sülh sazişi imzalana bilər. Sülh sazişinin mətninin nə zaman hazır olacağını isə indi söyləmək problematik görünür. Səbəblərini isə yuxarıda qeyd etdik. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin noyabrda görüşünün keçirilməsinin mümkün olub-olmayacağına gəlincə, bu, yenə də proseslərin inkişafından asılı olacaq. Əgər proseslər normal məcraya qayıdacaqsa, belə bir görüş keçirilə bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR