İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın savaş xəritəsi – Azərbaycanın rəngi “saralır”, “bozarması” lazımdır

Müasir dünyada çoxlu münaqişə ocaqları var. Onların başlanğıc tarixləri və səbəbləri müxtəlifdir, ancaq ümumi cəhətləri odur ki, bu münaqişələr hələ də davam edir, bəzən şiddətlənir, bəzən atəşkəs rejimi bərqərar olunur, qalıcı sülh əldə etmək isə mümkün olmur.

Gördüyünüz bu sarı-narıncı-qırmızı-boz rəngli xəritəni “Dünyada münaqişə xəritəsi” adlandırmaq olar. Xəritənin rəngləri davam edən silahlı münaqişələrin şiddətindən və tələfatların böyüklüyündən xəbər verir.

Tünd qırmızı rənglə böyük müharibələr, 10.000 və daha çox insan həlak olduğu münaqişələr işarələnib.

Açıq qırmızı rəng 1000-10 000 arası insanın həyatına son qoyan adi müharibələri göstərir.

Kiçik münaqişələrin (100–999) rəngi narıncıdır.

Atışmalar və toqquşmaları (1–99) sarı rəng ifadə edir.

“Boz” ölkələr isə bəxtəvərdir, onlarda hər hansı bir silahlı münaqişə, lokal toqquşma yoxdur.

ruuus.JPG (49 KB)

Xəritədə maraqlı bir nüans var: eyni müharibədə tərəf olan Ukraynanın rəngi tünd qırmızı, Rusiyanınkı isə açıq qırmızıdır. Bu, onu ifadə edir ki, Ukrayna Rusiya ilə müharibədə daha çox itki verib. Ancaq Rusiyanın Ukrayna savaşına başqa ölkələrdən hərbi birləşmələr və muzdlu döyüşçülər cəlb etməsi ondan xəbər verir ki, onun özünün də itkiləri az deyil. Hər halda Ukraynada gedən müharibə hazırda ən çoxtələfatlı savaşdır.
Myanmada gedən vətəndaş müharibəsi də dünyanın qaynar münaqişə ocaqlarından biridir. Rohinca xalqına qarşı yeridilən genosid siyasətində minlərlə insan həyatını itirib.

Fələstin-İsrail münaqişəsi, Qəzza zolağında aparılan müharibənin qurbanları 40-50 min arasında olduğu üçün bu savaşın xəritədəki rəngi tünddür. Bunun üstünə İsraillə digər ərəb ölkələrinin (Yəmən, Suriya, Livan və s.) münaqişəsini də gəlmək olar. Hələ arada bu ölkənin İranla davam edən münaqişəsi da var.

bokko.JPG (54 KB)

Xəritədə Afrikanın böyük hissəsinin sarı-narıncı-qırmızı rəngə boyandığını görürük. Çünki bu ölkələrin hamısında mütləq nəsə bir münaqişə var. Nigeriyada “Boko Haram” üsyanı, Malidə vətəndaş müharibəsi, Niger və Burkina Fasoda cihadçılar üsyanı, Çadda üsyançı hərəkatın apardığı savaş, Benin, Əlcəzair, Tunis , Kot-d'İvuar, Mavritaniya, Qana, Kamerun, Mərakeş, Liviya, Sudan, Efiopiya. Somali, Keniya Konqo DR, Ruanda, Burundi, Uqanda, MAR və digər Afrika ölkələrində hakimiyyət uğurunda və milli-azadlıq motivli münaqişələr mövcuddur. Ümumiyyətlə, Afrikada cəmi bir neçə ölkədə silahlı münaqişə yoxdur. Qalan hamısında vaxtaşırı qırğın gedir.

Ötən il Kolumbiyada gedən vətəndaş müharibəsində, daha dəqiqi, hökumət qüvvələri ilə narkokartel döyüşçüləri arasında aparılan savaşda 2273, bu ilin 4 ayı ərzində isə 899 adam ölüb. Silahlı münaqişənin başlanğıcından bəri yarım milyon kolumbiyalı bu “daxili müharibə”nin qurbanı olub.

narrrrk.JPG (78 KB)

20-ci əsr boyunca dəfələrlə şiddətli müharibələrə, lokal toqquşmalara səhnə olmuş Əfqanıstanda savaş bir neçə il öncə rəsmən başa çatmış olsa da, ötən il bu ölkədə 3208, bu il isə 991 nəfər atışmalarda həlak olub.
2008-ci ildən bəri Meksikada davam edən narkotik müharibəsində indiyə qədər ən azl 127 min insan həlak olub. Bəzi mənbələr bu savaşda ölənlərin sayının 400 mini keçdiyini bildirirlər.

Kürd millətindən olan terrorçu partizanların və İŞİD terror qruplaşmasının Suriya, Livan, İraq, Türkiyə və qismən də İran ərazisində apardıqları terrorçu savaşda bu günə qədər ölənlərin sayının 655 min nəfərdən çox olduğu bildirilir.

Hindistanın ayrı-ayrı əyalətlərində milli-azadlıq və hüquq bərabərliyi motivi ilə başlanan üsyanlarda vaxtaşırı tələfatlar qeydə alınır. Keçən il 850, bu il isə 300 insan o cür toqquşmalarda həyatını itirib.
Filippində lokal vətəndaş müharibəsində , İŞİD-in yeli qanadının başlatdığı savaşda və narkotik ticarəti ilə bağlı toqquşmalarda ötən il 647, bu il 142 insan həlak olub.

Bunlardan başqa, Honduras, Mozambik, Liviya, Peru, Paraqvay, Tayland, Seneqal, Ekvador və başqa ölkələrdə davam edən və həm ötən il, həm də bu il çoxsaylı insan tələfatına səbəb olan münaqişələr mövcuddur.

pakinddd.jpg (175 KB)

İndi bu savaşlara yeniləri də əlavə olunur. Hindistan və Pakistan arasında 78 il öncədən başlanmış Kəşmir savaşı yeni mərhələyə adlamaqdadır.

Bununla paralel, Pakistanın daxilində uzun müddətdir terrorçu qrupların apardığı müharibə də var. Onlar vaxtaşırı öz müsəlman qardaşlarının toplaşdığı məscidlərə silahlı hücumlar edir, kütləvi insan tələfatı törədirlər. Elə Hindistan və Pakistanı da müharibə həddinə məhz həmin qruplar gətiriblər.

ABŞ, Kanada, Braziliya, Argentina, Avstraliya, Yeni Zelandiya, Çin, Monqolustan, Yaponiya (uyğurlarla bağlı “məxməri münaqişə” nəzərə alınmasa) və Avropa ölkələri hələlik böyük müharibələrdən və lokal toqquşmalardan kənardadırlar. Şimali Koreya və Cənubi Koreyanın münaqişəsi isə sarı rənglidir, gərgin intriqa xarakterlidir.

Şükür ki, 2020-ci ildəki 44 günlük və 2023-dəki 23 saatlıq savaşdan sonra ölkəmiz, eləcə də Ermənistan “dünyada davam edən münaqişələr”in cədvəlindən çıxmaq üzrədir. Cənubi Qafqazın yerinin məlum xəritədə “bozarması” bölgədə əmin-amanlığın bərqərarı olacaq və dirçəlişə gətirəcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR