İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-İran müharibəsinin mümkün ssenariləri: Yaxın Şərq partlayır, Azərbaycan bu oyunda nə etməlidir?

Yaxın Şərqdə tarazlıq nöqtəsi birdəfəlik pozulmaq üzrədir. İsrail və İran arasında bir neçə cəbhədə başlayan silahlı toqquşmalar artıq 4 gündür ki, fasiləsiz şəkildə davam edir. Bu dəfə vəziyyət əvvəlki lokal atışmalardan fərqli olaraq tammiqyaslı müharibəyə çevrilmək riski daşıyır. Qəzza, Livan və Suriya ilə paralel olaraq İran ərazisindən İsrailə qarşı həyata keçirilən hücumlara cavab olaraq Təl-Əviv rejimi Tehranı birbaşa hədəf alır.

İran tərəfi açıq şəkildə “müharibənin yeni mərhələsinə keçildiyini” bəyan edir. Bu isə bölgədə yalnız regional deyil, qlobal nəticələr doğuracaq proseslərin başlandığını göstərir. Beynəlxalq analitik mərkəzlər, təhlükəsizlik institutları və kəşfiyyat qurumları artıq yeni müharibənin mümkün ssenarilərini masaya qoyublar.

İSRA EN SON.jpg (67 KB)

3 əsas ssenari: dünya analitikləri nə deyir?

Ssenari 1: Kontrollu gərginlik və məhdud hava zərbələri

Bu ssenariyə əsasən, tərəflər – xüsusilə ABŞ və Avropa ölkələrinin ciddi təzyiqləri ilə – münaqişəni genişmiqyaslı müharibəyə çevirmədən, daha çox simvolik və xəbərdaredici zərbələrlə kifayətlənəcəklər. Burada əsas məqsəd qarşı tərəfə güc nümayiş etdirmək, lakin tam müharibədən qaçmaqdır. Diplomatik vasitəçilik, BMT səviyyəsində çağırışlar və müvəqqəti sakitlik bu ssenarinin tərkib hissəsidir.

Ssenari 2: Regionda tammiqyaslı müharibə

Əgər tərəflər bu mərhələni keçərsə, münaqişə İranın Livan, Suriya və İraqdakı şiə müttəfiqlərinin – Hizbullah, HƏMAS və Həşd Şabi – vasitəsilə dərinləşəcək. İsrail isə cavab olaraq birbaşa İran ərazisinə – o cümlədən Fordo, Natanz kimi nüvə obyektlərinə – genişmiqyaslı zərbələr endirə bilər. Bu halda Yaxın Şərq 1973-cü ildən sonra ilk dəfə bu ölçüdə genişmiqyaslı müharibə ilə üzləşə bilər.

Ssenari 3: ABŞ rəhbərliyində anti-İran koalisiyası

İran İsrailin daxilinə ciddi strateji zərbələr endirərsə və eyni zamanda nüvə silahı istehsalına açıq şəkildə yönəlmiş addımlar atarsa, bu, Tramp administrasiyası tərəfindən “qırmızı xətt” kimi qəbul ediləcək. Nəticədə ABŞ Böyük Britaniya və ərəb müttəfiqləri ilə birlikdə İranın hərbi və nüvə infrastrukturuna qarşı hava kampaniyasına başlaya bilər. Bu isə artıq lokal deyil, qlobal müharibə təhlükəsidir.

RESMİ SON.jpg (244 KB)

Azərbaycanın mövqeyi: balanslı neytrallıq, lakin kritik mövqe

Azərbaycan bu təhlükəli siyasi-hərbi konfiqurasiyada olduqca həssas nöqtədə dayanır. Bir tərəfdə İsraillə möhkəmlənmiş strateji münasibətlər – təhlükəsizlik, kəşfiyyat və enerji sahəsində əməkdaşlıq; digər tərəfdə isə İranla 765 kilometrlik sərhəd, tarixi və dini bağlılıqlar.

Azərbaycanın özünü bu qarşıdurmadan kənarda saxlamaq istəyi təbiidir, lakin proseslərin hərbi, diplomatik və informasiya müstəvisində dərinləşməsi fonunda Bakı dəqiq mövqe və səmərəli diplomatik strategiya formalaşdırmalıdır.

Risklər:

- İranın sərhəddə hərbi təlimləri və Naxçıvana təhdid ritorikası.

- İranın Ermənistana silah göndərməsi və onu regional ittifaqa cəlb etmək istəyi.

- Cənub sərhədində potensial qaçqın axını və iqtisadi ticarət yollarının bağlanması ehtimalı.

QACQİN.jpg (131 KB)

İmkanlar:

- İsrailin və Qərbin Azərbaycanı regional logistik mərkəz kimi dəstəkləməsi.

- İranın zəifləməsi fonunda Azərbaycanın regional güc balansında çəkisinin artması.

- Orta Dəhliz və Zəngəzur layihələrinin aktuallığının daha da yüksəlməsi.

Bakı-Təbriz xəttinə qarşı informasiya savaşı

Son günlərdə SEPAH-a yaxın İran mediasında Azərbaycana qarşı sərt ittihamlar səsləndirilir.

Guya Azərbaycanın İsrailə neft satması nəticəsində “sionist rejim” Təbrizi bombalayır. Bu absurd iddiaların arxasında təkcə informasiya müharibəsi deyil, həm də Azərbaycanla Cənubi Azərbaycan arasında psixoloji uçurum yaratmaq cəhdi dayanır.

TABRİZ.jpg (107 KB)

Bu, həm də Tehran rejiminin içəridə nəzarəti itirdikcə günahkar axtarışı və cənublu soydaşların diqqətini başqa tərəfə yönəltmək cəhdidir. Halbuki Azərbaycan dövləti İran ərazisində baş verən heç bir hadisənin iştirakçısı deyil və enerji ticarəti beynəlxalq bazar qaydalarına uyğun aparılır.

HİKMERT.jpg (178 KB)

Prezidentin köməkçisi Hikmət Hacıyevin bu haqda dediyi fikirlər son dərəcə aydındır:

“Neft gəmi ilə açıq dənizə çıxdıqdan sonra onun hara gedəcəyinə Azərbaycan nəzarət etmir və edə də bilməz. Bu, bazar iqtisadiyyatının qaydalarıdır”.

NƏTİCƏ: Azərbaycan yalnız müşahidəçi deyil – bu oyunda oyunçu və hədəf ola bilər

İsrail-İran qarşıdurması lokal gərginlik deyil – bu, qlobal güclərin və regional aktorların yeni düzən uğrunda savaşının bir hissəsidir. Bu mənzərədə Azərbaycan diqqətli, lakin passiv olmayan diplomatik mövqe tutmalıdır. Dövlətin strateji maraqları yalnız neytrallıqla deyil, həm də milli təhlükəsizlik və beynəlxalq tərəfdaşlıqların düzgün balanslaşdırılması ilə qoruna bilər.

İRANİ SON.jpg (65 KB)

Münaqişə dərinləşərsə, Azərbaycanın da oyunun qaydalarını yenidən müəyyənləşdirməsi qaçılmaz olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR