İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı azərbaycanlısı - Vahid Ələkbərova qarşı növbəti sanksiyaların MARAQLI SƏBƏBLƏRİ

“Vahid Ələkbərov Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində müharibəyə etiraz etdi və...”- Rəşad Həsənov

Rusiya hökuməti ölkənin ən böyük neft-qaz şirkətlərindən biri olan “Lukoyl” şirkətinin Baltik dənizində yerləşən “Nadejda (Ümid)” sahəsinin işlənməsi təklifinə “yox” deyib.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, Baltik dənizinin Rusiya sektorunda yeganə hasilatçı olan “Lukoyl”a yox cavabının verilməsi gözlənilməz olub. Maraqlıdır ki, hökumətdə heç kim imtina cavabının səbəblərini açıqlamayıb. Qeyd edək ki, Avropadakı aktivləri təhdid altında olan “Lukoyl”un Sibir ərazisindəki yataqlarında ehtiyatlar artıq tükənmək üzrədir. Buna görə də şirkət 2016-cı ildən “Nadejda”nın işlənməsi hüququnu əldə etməyə çalışır.

“Lukoyl” Baltikdə 2014-cü ildən neft-qaz axtarışları, geoloji-kəşfiyyat işləri həyata keçirir. Bu baxımdan, hökumətin daha bir sahədə işlərin başlanmasına etiraz etməyəcəyi gözlənilirdi.

Vahid Ələkbərova daha bir imtina Yeni Zelandiyadan gəlib. Belə ki, Yeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən “Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb. Bu barədə məlumatı BBC yayıb. Bildirilib ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Rusiya rəsmiləri Ukrayna bölgələrinin ilhaqı ilə əlaqədar sanksiyaya məruz qalıblar. Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir. Yeni Zelandiyanın ticarət naziri Damien O'Konnor bildirib ki, aprel ayından Rusiya ilə bu ölkə arasında ticarət artıq əhəmiyyətli dərəcədə azalıb.

Qeyd etmək yerinə düşər ki, “Lukoyl”un ölkəmizdə neft-qaz sektorunda bir neçə layihəsi var. Bank sektorunda “Lukoyl” Şirkətin, yəni Vahid Ələkbərova aid qrupun aktivləri də var. Bəs görəsən, bu sanksiyaların Azərbaycana nə kimi təsirləri olacaq?

Yada salaq ki, Vahid Ələkbərov bu ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bunları şərh etdi:

“Yeni Zellandiyanın sanskiyalar tətbiq etməsi başa düşüləndir. “Lukoyl” Rusiyanın ən böyük şirkətlərindən biridir. Rusiya şirkətlərinə saknsiyaların tətbiq edilməsi son dövrlərdə geniş yayılıb. Rusiya-Ukrayna konflikti fonunda. Azərbaycan əsilli olması ilə bərabər Vahid Ələkbərov Rusiya iqtisadiyyatının subyektidir, Rusiya vətəndaşıdır. Onun adının hansı formada səslənməsindən asılı olmayaraq Rusiya subyekti kimi ona sanksiyaların tətbiq edilməsi başa düşüləndir.

Rusiyanın “Lukoyl”a imtina etməsinin ola bilər ki, iki səbəbi olsun. Vahid Ələkbərov Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində müəyyən mənada müharibəyə etiraz mövqe tutan çoxsaylı adamlardan biri idi. Həmin dövrlərdə müharibənin fəsadlarına narazılığını bildirən şəxslərdəndir. Ola bilsin ki, Rusiya hökuməti bunu unutmur mesajı verir. Amma böyük ehtimalla, son “Şimal axını” layihələri istiqamətində formalaşmış konnekturdan da qaynaqlana bilər. Çünki “Şimal axını” layihələri Rusiyanın ən əhəmiyyətli layihələrindən biri idi. Eyni zamanda, görünən ondan ibarətdir ki, Rusiya həmin layihələr üzrə təhlükəsizliyini tam təmin etmək iqtidarında deyil. Və ola bilsin ki, o şirkətlərin dənizdə, suda fəaliyyət göstərməsi Rusiya hökuməti üçün hazırda arzuolunan deyil. Yəni növbəti dəfə hansısa arzuolunmaz hadisələrin təkrarlanmasına gətirib çıxara bilər. Konkret hansı faktın Vahid Ələkbərova qarşı qərar verilməsinə təsir göstərib, bunu demək çətindir”.

İqtisadçı Azərbaycanla münasibətlərinə də fikir bildirib:

“İndiki halda “Lukoyl” konflikt fonunda zərərə düşüb. Amma bu faktların birbaşa olaraq “Lukoyl”un indiki maliyyə vəziyyətinə ciddi təsiri olmayacaq. Ola bilsin ki, sonrakı dövrlərdə genişlənmə və xarici investisiya siyasətində müəyyən korrektələr edilə bilər. Amma bu, Azərbaycan istiqamətində olmayacaq. Ən azı hələlik. Çünki Rusiya şirkətləri böyük bazarlardan çıxırsa, onlar üçün nisbətən kiçik də olsa, daha münbit şəraitin olduğu yer Azərbaycandır. İndiki şəraitdə düşünmürəm ki, “Lukoyl” Azərbaycanla bağlı hər hansı bir qərarlar qəbul etsin, bazardan çıxmaqla bağlı, yaxud da fəaliyyətini məhdudlaşdırmaqla bağlı. Bu faktların birbaşa olaraq Azərbaycana ciddi təsirini gözləmirəm”.

Martın 31-nə olan məlumata görə, Ələkbərov “Lukoyl” şirkətinin səhmlərinin 3,12%-nə nəzarət edirdi. Bundan əlavə, sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-ində benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) malik idi. Qeyd edək ki, Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, sahibkar “Spartak” futbol klubuna nəzarət edir. Yada salaq ki, ilin əvvəlində Böyük Britaniya da Vahid Ələkbərova qarşı sanksiya tətbiq etmişdi. O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Məlumat üçün bildirək ki, 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “Lukoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən Lukoyl şirkətinə prezidentlik edib. Vahid Ələkbərov rəsmi olaraq dünyanın ən varlı azərbaycanlısı hesab edilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR