İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın 3 iqtisadi mərkəzindən bəd xəbərlər - neft bazarı təlatümdə

İqtisadçı alim: “Enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir”

Dünyanın üç ən böyük iqtisadiyyatında geriləmə prosesi müşahidə olunmaqdadır. Belə ki, iyun ayında ABŞ-da illik inflyasiya 9,1 faiz təşkil edib. Ölkənin Əmək Nazirliyinin məlumatına əsasən, inflyasiya may ayındakı 8,6 faizlik artımdan sonra daha da sürətlənərək son 41 ilin rekord səviyyəsinə çatıb. Halbuki analitiklər orta hesabla 8,8 faizlik inflyasiya gözləyirdilər.

İyunda ABŞ-da enerjidaşıyıcılarının qiyməti 41,6 faiz  bahalaşmaqla 1980-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb. O cümlədən benzin 59,9 faiz, elektrik enerjisi 13,7 faiz, təbii qaz 38,4 faiz bahalaşıb.  Ötən ay ABŞ-da ərzaq qiymətləri 1981-ci ildən bəri ən ciddi qiymət artımı yaşayıb - 10,4  faiz. Yeni nəqliyyat vasitələri 11,4 faiz, ikinci əl maşınlar 1,7 faiz, aviabiletlər 34,1 faiz bahalaşıb.

İnflyasiyanın belə sürətlənməsi ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) uçot dərəcəsini daha kəskin artırmağa vadar edəcək. Bu isə ABŞ iqtisadiyyatında resessiya təhlükəsini artıran faktordur. Bu faktoru nəzərə alan Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci il üçün ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu 2,3 faizə endirib, 2023-cü ildə isə artım tempinin 1 % səviyyəsində olacağı gözlənilir. Beləliklə, qurum ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu apreldəki məruzəsinə nisbətən bu il və gələn il üçün 1,4 faiz və 1,3 faiz aşağı salıb.

IMF-in İdarə Heyətinin üzvləri belə qənaətə gəliblər ki, ABŞ-da tənəzzüldən qaçmaq getdikcə çətin bir işə çevrilir və Rusiyanın Ukraynaya müdaxiləsi, uzun sürən COVİD-19 pandemiyası və təchizat məhdudiyyətləri əlavə problemlər yaradır.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində cari ilin ikinci rübündə iqtisadi artımın kəskin zəifləməsi qeydə alınıb. Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən, ikinci rübdə iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,4 faiz təşkil edib. Bu, 2020-ci ilin birinci rübündəki 6,8 faizlik azalmadan bəri ən aşağı göstəricidir.

Birinci rübdə Çin iqtisadiyyatında illik müqayisədə 4,8 faizlik, rüblük müqayisədə isə 1,4 faizlik artım, ikinci rübdə rüblük müqayisədə 2,6 faiz azalma qeydə alınıb. İlin birinci yarısı üzrə illik müqayisədə 2,5 faiz iqtisadi artım olub. Çin hökumətinin planı 2022-ci ildə 5,5 faiz iqtisadi artıma nail olmaqdır. Lakin ölkədə koronavirus pandemiyasının yenidən alovlanması nəticəsində tətbiq olunan sərt karantin tədbirləri bu planın reallaşmasını demək olar ki, mümkünsüz etməkdədir.

Çin Dövlət Statistika Qurumu pandemiyaya qarşı mübarizə tədbirlərinin təsiri ilə ölkədə istehlakçı tələbatının azalmasının davam edəcəyini açıqlayıb. Bundan əlavə, Çindən kənarda - əsas iqtisadi mərkəzlərdə monetar siyasətin sərtləşdirilməsi qlobal iqtisadi resessiya təhlükəsini sürətlə artırır ki, bu da xarici bazarlarda da tələbin azalmasını şərtləndirir.

Nəhayət, dünyanın 3-cü böyük iqtisadiyyatına malik Avropa Birliyində də iqtisadi artım proqnozları mənfiyə doğru dəyişib. Avropa Komissiyası 2022-ci il üçün iqtisadi artımı maydakı 2,7 faizdən 2,6 faizə, 2023-cü il üçünsə 2,3 faizdən 1,4 faizə azaldıb. Avrozonada inflyasiyanın cari ilin üçüncü rübündə pik səviyyəyə - 8,4 faizə çatacağı, yalnız 2023-cü ilin dördüncü rübündə 3 faizdən aşağı düşəcəyi gözlənilir.

Avropa Komissiyası Ukrayna ətrafındakı qeyri-müəyyənlik və onun qitənin qaz təchizatına təsirlərini Avropa iqtisadiyyatı üçün ən böyük risk formalaşdırdığını bəyan edib. Komissiya həmçinin koronavirusun yeni dalğasını da əsas risk amillərindən biri kimi qeyd edib. Avrozonadakı yüksək inflyasiya pul-kredit siyasətinin sərtləşdirilməsini məcburi edir. Bu zaman Avropa dövlətləri həm də əhalinin həssas qruplarının müdafiəsini də təmin etməlidilər.

Üç böyük iqtisadiyyatdan kənarda inkişaf etmiş ölkələrin əksəriyyəti yüksək inflyasiyanın qarşısını almaq üçün sərt monetar addımlara gedir, uçot dərəcələrini artırırlar.

FED-in qərarları dünyada dolları bahalaşdırmaqla digər iqtisadiyyatlar, həmçinin əmtəə bazarlarına mənfi təsir göstərir. Hazırda demək olar ki, bütün əmtəələrin qiymətlərində enmə müşahidə olunmaqdadır.

Qlobal səviyyədə inflyasiyanı körükləyən əsas amil enerjidaşıyıcılarının qiymətindəki bahalıq hesab olunur. Hansı ki, qlobal iqtisadi resessiya təhlükəsi bu bazarı da vurmaqdadır: iyulun əvvəlindən bəri neft qiymətləri 20 faizdən çox ucuzlaşıb. Qiymət 124-125 dollardan iyulun 14-də 95 dollara qədər enib. İyulun 15-də 100 dollar civarına qayıtsa da, analitiklər  neft qiymətlərinin iqtisadi resessiya təhlükəsi fonunda ucuzlaşmağa davam edəcəyini gözləyirlər. Buna səbəb olacaq digər amil ABŞ-ın səyləri nəticəsində OPEK ölkələrinin hasilatı artırması ola bilər. Hazırda ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə səfərdədir və onun müzakirə gündəmindəki əsas məsələlərdən biri məhz neft hasilatının artırılmasıdır. Onun Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini gündəlik hasilatın 1 milyon barel artırılmasına razı salmağa çalışdığı bildirilir.

Qeyd edək ki, iyun ayında OPEC ölkələri tərəfindən neft hasilatının həcmi sutkada 28,72 milyon barel təşkil edib. Bu isə may ayı ilə müqayisədə sutkada 234 min barel artım deməkdir.

Neft bazarı ilə bağlı proqnozlar özünü doğrultmadı -

Təşkilatın hesabatına əsasən iyun ayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və Anqolada neft hasilatı artıb, Liviya və Venesuelada hasilat həcmi azalıb. Nigeriya, Ekvatorial Qvineya, Konqo və Anqola kimi ölkələr isə texniki çətinliklərə görə hasilatı artıra bilmirlər: “May ayı üzrə ilkin məlumatlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının ümumi kommersiya ehtiyatları əvvəlki ayla müqayisədə 10,5 milyon barel artıb. Ehtiyatlar 2,68 milyard barel təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 253 milyon barel, beşillik orta göstəricidən 312 milyon barel, 2015-2019-cu illərin orta səviyyəsindən isə 276 milyon barel azdır”.

OPEC həmçinin 2022-ci ildə neftə tələbat proqnozunu saxlayıb. Hesabata əsasən, təşkilat orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir. OPEC 2023-cü ilə qədər Rusiyada neft və qaz kondensat hasilatının sutkada 0,2 milyon barel azalaraq 10,4 milyon barelə düşəcəyini proqnozlaşdırır. Bununla belə, qurum 2022-ci il üzrə hasilat proqnozunu saxlayıb: ilin yekununda neft hasilatının sutkada 10,63 milyon barel təşkil edəcəyi gözlənilir. Bu isə 2021-ci illə müqayisədə 1,6 faiz azdır.

OPEK-dən kənarda olan hasilatçılardan ABŞ, Kanada, Norveç, Meksika, Argentina kimi ölkələr də hasilatı artırmağa çalışırlar. Hətta dünyanın ən böyük neft istehlakçılarından biri olan Çin də yerli istehsalı artırmaqla dünya bazarında alışları azaldır.  Bu isə payız aylarında Rusiya neftinə qiymət tavanı mexanizmi işə salındıqda bazardan çıxması gözlənilən həcmlərə baxmayaraq, qiymətlərin bahalaşmasının qarşısını alacaq əsas faktor kimi qiymətləndirilir. Analitiklər qlobal resessiya təhlükəsinin neft bazarına təklif çatışmazlığından daha güclü təsir göstərdiyini xüsusi qeyd edirlər. Bu isə qiymət ucuzlaşmasının davamlı xarakter alması ilə nəticələnə bilər.

Fitch Ratings": Neft bazarında yüksək volatillik saxlanılacaq

Qlobal iqtisadiyyatda və onun təsiri ilə neft bazarında gedən proseslər Azərbaycan kimi resurs asılılığı olan ölkələrə ciddi problemlər vəd edir. Energetika Nazirliyinin məlumatına əsasən, bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barel olub. Bunun 523,5 min barelini xam neft, 108,9 min barelini isə kondensat təşkil edib. Dünya bazarında gedən proseslər nəticəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,2 dollar, yaxud 1,93  faiz azalaraq 111,98 dollar təşkil edib. Bu ilin yanvar-iyun aylarında neftimizin orta qiyməti 110,08 dollar olub. Lakin ilin ikinci yarısında qiymətlərin bu həddə qalması ehtimalı çox azdır.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qiymətin yenə də yüksək olmasına baxmayaraq iyul ayı hələlik neft bazarı üçün düşərli olmayıb: “Belə ki, son 1 ayda neft 20 faizə yaxın dəyər itirib. Doğrudur, mövcud qiymət də kifayət qədər yüksəkdir və enerji ölkələrinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Bununla belə, son tendensiya neft bazarında volatilliyin yüksək və istənilən zaman qiymətlərdə sıçrayışların olacağını istisna etmir. Neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.6 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.

Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter  daşıyır”

Vüqar Bayramov

Bu arada dünyada COVİD-19 virusuna yoluxma sayının artması da neftə olan tələbə təsir göstərməkdədir. Çində yaz qapanmalarından sonra yenidən bir sıra aparıcı ökələrdə yenidən sərt karantinin tətbiqi gözləntisi artmaqdadır. Bu isə neft istehlakı yüksək olan ölkələrdə, xüsusən Çində yenidən qapanmalar olacağı halda enerji qiymətlərinə ciddi təsir edəcək".

Millət vəkili bildirir ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir: “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzunmüddətli dövrdə stabil valyuta daxilolmaları vəd etmir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR