Onlayn ictimai-siyasi qəzet
Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir.
2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkənin inkişafında yeni bir mərhələ başlandı.
Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.
Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi.
Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Ötən illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.
İlham Əliyev 2019-cu ilin 3 oktyabr tarixində Rusiya prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına tutarlı faktlarla cavab verməsi Ermənistan tərəfinə böyük zərbə oldu. Bütün dünya mediasının diqqətində olduğu bir tədbirdə Prezident İlham Əliyevin erməni baş nazirinin bəyanatının yalan olduğunu vurğulayaraq məşhur - “Qarabağ Azərbaycandır və nida” - faktını vurğulaması zəfərin uzaqda olmadığının bəyanı idi.
Bununla yanaşı, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı təşkil olunan panel müzakirəsində iştirak edən Prezident münaqişənin həm tarixi, həm də hüquqi aspektləri, eləcə də münaqişənin həlli prosesində Azərbaycanın sərgilədiyi beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə verdiyi dəqiq və dolğun məlumatla müzakirələrə qatılan baş nazir Nikol Paşinyanı çıxılmaz vəziyyətdə qoydu.
“Ermənistan rəhbərliyinin Azərbaycanı “yeni torpaqları işğal etməklə hədələməyə çalışdıqlarını” söyləməsi, “Azərbaycan xalqının səbrinin həddi var. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik” - deyən Prezident İlham Əliyevin bu təxribatların nəyə gətirib çıxara biləcəyini də açıq şəkildə səsləndirdiyi məlumdur.
Azərbaycan Prezidenti 24 sentyabr 2020-ci il tarixdə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın davam edən təxribatları ilə bağlı beynəlxalq ictimaiyyətə aydın şəkildə xəbərdarlıq etdi.
Prezident çıxışının böyük hissəsini münaqişə və onun doğurduğu nəticələrə, habelə Ermənistanın hərbi-siyasi təxribatlarına həsr edərək, BMT-nin ali kürsüsündən dünya ictimaiyyətinə müraciət etdi:
“Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.
Beləliklə, Ermənistanın qeyri-adekvat addımları və təxribatları beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası çərçivəsində cavab tədbirlərinin görülməsini qaçılmaz etdi.
44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874 və 884), BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi.
Prezident İlham Əliyev xalqımızın gözündə ən uca məqam olan müzəffər Ali Baş Komandandır. Məlum olduğu kimi, müzəffər Ali Baş Komandan statusunu, o, 44 günlük Vətən müharibəsindəki, sözün əsl mənasında, təkrarsız qəhrəmanlığı ilə qazanıb. Sərkərdəsi olduğu Azərbaycan Ordusunu hərbi cəhətdən düzgün istiqamətləndirən Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində təkbaşına apardığı “müharibə”nin də yenilməz qəhrəmanıdır. Bu mənada “dəmir yumruq” Ali Baş Komandanın həm müharibə cəbhəsindəki və həm də informasiya müharibəsindəki dəmir iradəsinin simvoludur. İlham Əliyev hər iki cəbhənin – real döyüş cəbhəsinin və həm də informasiya müharibəsinin qalibidir.
Dünya şöhrətli görkəmli qırğız yazıçısı Çingiz Aytmatov hələ XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə yüksək liderlik xüsusiyyətlərinin olduğunu aşağıdakı kimi ifadə edib:
“İlham Əliyev XXI əsrin lider etalonudur”.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ