İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada qızıla tələbat azalır, qiyməti isə artır - səbəb

ABŞ-da Trampın prezidentliyə qayıtması qızıl üçün həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər

Birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, 2024-cü ilin ikinci rübündə dünyada qızıla tələb ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 929 ton təşkil edib. “Yeni Müsavat” Dünya Qızıl Şurasının (WGC) hesabatına istinadən xəbər verir ki, qızılın qiymətinin yüksək olması səbəbindən zərgərlik məmulatlarına tələbat 19 faiz azalaraq 391 tona, zərgərlik sənayesindən qızıla tələb isə müvafiq olaraq 17 faiz azalaraq 411 tona düşüb.

Zərgərlik bazarındakı azalma digər sənaye sahələrində qızıla tələbatın artması ilə qismən kompensasiya edilib. Xüsusilə texnologiya sektorunda qızılın elektronikada, ilk növbədə süni intellektin getdikcə populyarlaşan sahəsi üçün çiplərdə istifadəsi sayəsində istehlak 11 faiz artaraq 81 tona çatıb. Portfellərini qorumağa və diversifikasiya etməyə çalışan mərkəzi banklar qızıl alışını illik 6 faiz artıraraq 183,4 tona çatdırıblar. Lakin bu, 300 ton alışın həyata keçirildiyi birinci rüblə müqayisədə 40 faiz azalma deməkdir.

Şurada hesab edirlər ki, mərkəzi banklardan tələbin illik ifadədə 6 faiz artması “portfelin qorunması və diversifikasiyası ehtiyacı” ilə bağlıdır. İlin birinci yarısında mərkəzi banklar tərəfindən qızıl alışı bir il əvvəlki 459,8 tondan 483,3 tona yüksəlib.

Qızılın orta qiyməti birinci rübdə 2 069,8 dollar olduğu halda, ikinci rübdə 1 troya unsiyası üçün 2 338,2 dollarla maksimum həddə çatıb. Bir il əvvəl qızılın dəyəri bir unsiya üçün cəmi 1975,9 dollar idi.

İkinci rübdə qızıl bazarında təklif 4 faiz artaraq 1258 tona çatıb. O cümlədən hasilat ikinci rübün rekordu olub - 929 ton. 329 ton artıq təklif birjadankənar bazar tərəfindən mənimsənilib və onun rüblük alışlarda payı kifayət qədər əhəmiyyətli olub. Mərkəzi bankların tələbi ilə birlikdə birjadankənar valyuta bazarı qızıl qiymətlərində artımın hərəkətverici qüvvəsinə çevrilib.

Bu il qızılın qiyməti fevralın ortalarından qalxmağa başlayıb. Comex birjasının (ABŞ) məlumatına görə, fevralın ortalarından aprelin ortalarına qədər kotirovkalar 400 dollardan çox və ya 20 faiz artıb.

İyulun 16-da qiymətli metal bir unsiya üçün 2 472,5 dollara satılıb (ilin əvvəli ilə müqayisədə +19,3 faiz) - bu, mütləq rekorddur. İyulun 19-da Comex birjasında qızıl 2403 dollara (ilin əvvəlindəki qiymətə +16 faiz) düşüb.

İkinci rübdə dünya bazarlarında qızılın orta qiyməti illik müqayisədə 18 faiz artaraq bir troya unsiya üçün 2 338 ABŞ dolları təşkil edib.

Birinci rüblə müqayisədə ikinci rübdə qızılın orta qiyməti 13 faiz artıb.

İlin birinci yarısında qızılın qiymətinin qalxması geosiyasi gərginliyin səngiməməsi, eləcə də mərkəzi bankların qiymətli metal alışlarının davam etməsi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ildə faiz dərəcələrinin azaldılması gözləntiləri ilə əlaqələndirilib.

Ekspertlərin fikrincə, qızıl bazarında əsas amillər dəyişmir. Dünya mərkəzi banklarının ehtiyat üçün qızıl alması tendensiyası davam edir və geosiyasi vəziyyət kifayət qədər çətin olaraq qalır. Önümüzdəki aylardakı siyasi və iqtisadi qeyri-müəyyənlik, çox güman ki, mərkəzi bankların qızıla tələbatının davam etməsini təmin edəcək. Bu, qismən bir sıra inkişaf etməkdə olan ölkələrin qızıl-valyuta ehtiyatlarını yenidən balanslaşdırmaq və ABŞ dollarından tədricən imtina etmək öhdəliyi ilə də bağlıdır.

J.P.Morgan analitiklərinə görə, 2024-cü ilin sonuna qədər qızılın qiyməti 2500 dollara çata bilər. Burada FED-in faiz azaltma dövrünün bazarların kökləndiyi sentyabrda deyil, noyabrdan başlanması ehtimalı mühüm rol oynayacaq. Ümumiyyətlə, beynəlxalq analitik mərkəzlərə görə, qızılın belə bahalaşması dünya mərkəzi banklarının bu il gözlənilən pul siyasətini yumşaltma qərarlarının ləngiməsi ilə bağlıdır. 

Qızlın qiymətindəki bahalaşmanın bir səbəbi kimi tələbat artımının istehsal artımından daha yüksək olması göstərilir. Belə ki, son onillikdə qızıl hasilatı sektoru bir sıra problemlərlə üzləşib: hasilat xərcləri artıb, ehtiyatlar tükənir və investisiyalar yetərli olmayıb: Qərb qızıl hasilatı şirkətləri mədən imkanlarını genişləndirməkdənsə, dividentlər ödəməyə və səhmlərin geri alınmasına üstünlük verirlər.

Kəşfiyyat xərcləri 2012-ci ilin pik həddi ilə müqayisədə 50 faiz azalıb, dünyanın ən böyük qızıl hasilatı şirkətləri arasında dividend ödənişləri isə fırtınalı şəkildə artıb. Məsələn, Newmont Mining 2020-ci ildən 2022-ci ilə qədər ödənişini üç dəfə artıraraq səhm üçün 14 sentdən 55 sentə yüksəldib. Barrick Gold 2022-ci ildə dividendlərini iki dəfə artırıb və 1 milyard dollarlıq səhmi geri alacağını açıqlayıb.

Kəşfiyyata investisiyaların azalması səbəbindən hasil edilə bilən qızıl ehtiyatları azalır və bu ehtiyatların keyfiyyəti pisləşir ki, bu da son nəticədə daha yüksək mədən xərclərinə gətirib çıxarır. Mədən sənayesinin ən mühüm göstəricisi olan AISC - mədənin saxlanması üçün ümumi xərc - 2020-ci ildən bəri 30 faiz artaraq 1300 dolları keçib. 

2023-cü ildə qlobal mərkəzi banklar tərəfindən illik xalis qızıl alışı 1037 ton təşkil edib. Bu, mərkəzi bankların 1082 ton qiymətli metal aldıqları 2022-ci ilin rekord ilinə demək olar ki, bərabərdir. Dünyada qızıla ümumi tələbat (birjadankənar bazar istisna olmaqla - red.) 4448 ton təşkil edib. Birjadankənar bazar da daxil olmaqla, 2023-cü ildə ümumi qızıl tələbi 4,899 tonla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Çin 2023-cü ilin sonunda ehtiyatlarına 225 ton qızıl əlavə edərək ən aktiv alıcı olub - bu, 1977-ci ildən bəri ölkə üçün ən böyük alış həcmidir. Çinin qızıl ehtiyatları 2235 tona və ya dünyanın ümumi qızıl-valyuta ehtiyatlarının 4,3 faizinə çatıb. Hələ 2019-cu ildə bu pay 2,9 faiz idi. 2024-cü ilin birinci rübündə Çin artıq rəsmi olaraq 189 ton qızıl alıb, qeyri-rəsmi alışların həcmi isə 543 ton qiymətləndirilir.

Hesab olunur ki, ABŞ-da Donald Trampın prezidentliyə qayıtması qızıl üçün həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər. Belə ki, Trampın prezident olması vergilərin azaldılmasına gətirib çıxara, borcdan kapitala keçidi dəstəkləyə və nəticədə faiz dərəcələrinin azaldılması tempini ləngidə bilər. Digər tərəfdən, vergilərin azaldılması ABŞ-ın fiskal balansını pisləşdirəcək ki, bu da dolların vəziyyətini zəiflədə və alıcıları qızıl kimi təhlükəsiz aktivlərə doğru itələyə bilər.

Onu da qeyd edək ki, Azərbaycan qızılın həm hasilatçısı, həm də alıcısıdır. Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda 2614 kq qızıl istehsal edilib. 2022-ci ilə nisbətən qızıl istehsalı 17,7 faiz azalıb. Bu azalma Gədəbəy rayonunda baş verən etirazlardan sonra əsas hasilatçının istehsalı dayandırması ilə bağlıdır. 

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda 1 003,7 kq qızıl istehsal edilib. 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə qızıl istehsalı 2,9 faiz artıb, 2024-cü il iyul ayının 1-nə ölkədə 247,7 kq qızıl hazır məhsul ehtiyatı yaranıb.

İstehsal olunan qızılın mühüm hissəsi ixraca yönəldilir. Belə ki, Azərbaycan 2023-cü ildə dünya bazarlarına 3 min 719,75 kq qızıl ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 32 faiz azdır. Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri 162 milyon 755,82 min (azalma 12 faiz) dollar təşkil edib. 2023-cü ildə ixracın bütün həcmi İsveçrənin payına düşüb.

2024-cü ilin yanvar-mayında isə qızıl ixracı 1199,09 kq təşkil edib. Bundan 45 milyon 281 min dollar gəlir əldə olunub. Bu dövrdə “Qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri”nin idxalı 597 milyon 39,67 min dollar dəyərlə 7971,58 kq təşkil edib. 

Azərbaycanda qızıldan investisiya aləti kimi istifadə edən əsas qurum Azərbaycan Dövlət Neft Fondudur. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ına əsasən, fond investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədərini qızıla investisiya edə bilər.

Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı baş tutub. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib. 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilib, nəticədə fondun investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılıb. Daha sonra alışlar dayandırılıb, 2024-cü ilin əvvəlindən yenidən bərpa olunub. Birinci rübün yekununda qızılın həcmi 104,6 tona, ikinci rübün yekununda isə 114,9 tona çatdırılıb. Qızılın qiymətinin ən yüksək həddə çatdığı son 3 ayda Neft Fondu 10 tondan çox qızıl alıb. Nəticədə birinci yarımilin sonunda fondun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8 faiz) qızıl investisiyaları təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR