İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada birbaşa xarici investisiyalar azalır

Azərbaycanın isə investorlar üçün cəlbedici ölkə kimi qiymətləndirilməsi diqqəti cəlb edir

Dünya mərkəzi banklarının 2021-ci ildən etibarən yüksək inflyasiya ilə mübarizə üçün həyata keçirdikləri sərt monetar siyasət qlobal birbaşa xarici investisiyaların həcmində azalmaya səbəb olub.  2024-cü il Dünya İnvestisiya Hesabatına görə, iqtisadi yavaşlama və artan geosiyasi gərginlik fonunda qlobal birbaşa xarici investisiyalar 2023-cü ildə 2 faiz azalaraq 1,3 trilyon dollara düşüb. Bununla belə, hesabatda qeyd olunur ki, bəzi Avropa ölkələrində böyük investisiya dalğalanmalarını nəzərə almasaq, bu azalma 10 faizi ötür.

İnkişaf etməkdə olan ölkələrə birbaşa investisiya axını 7 faiz azalaraq 867 milyard dollar təşkil edib.

Hesabata görə, maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi infrastruktur investisiyaları üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrin maliyyələşdirilməsi sazişlərinin 26 faiz azalmasına səbəb olub. Bu, ən yoxsul ölkələri qlobal investisiyaların azalmasına qarşı daha həssas edir. Digər yandan böyük bazarlara asanlıqla çıxışı olan regionlarda və ölkələrdə avtomobil və elektronika kimi qlobal dəyər zənciri ilə intensiv istehsal sektorlarına investisiyalar artır. Bu baxımdan, süni intellekt, yazşıl enerji, elektromobil istehsalı, ona xidmət infrastrukturunun qurulması və sair istiqamətlərə investisiyaların sürətli artımı müşahidə olunur.

Dünyada birbaşa investisiyaların azalması fonunda Azərbaycanın investorlar üçün cəlbedici ölkə kimi qiymətləndirilməsi diqqəti cəlb edir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (İMF) ekspertləri 2024-cü ildə Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasına daxil ediblər. Beynəlxalq Valyuta Fondu hər il dünya ölkələrinin birbaşa xarici investisiyaya cəlbolunma potensialını təhlil edərək reytinq hazırlayır. 2024-cü ilin hesabatına görə, Azərbaycan “Top-7"yə daxil olub.

Azərbaycanda mənzil tikintisinə investisiyalar 25%, xarici yatırımlar 15%  azalıb - MƏBLƏĞLƏR - FED.az

Bundan əlavə, “Financial Times” nəşrinin son “FDI Intelligence” hesabatında Bakı dünyada üçüncü ən populyar investisiya məkanı kimi qiymətləndirilib. Hesabata əsasən, Azərbaycanda birbaşa xarici investisiyalar üzrə ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən bəri ən böyük layihələrdir.

Beləliklə, ötən ildə Azərbaycan iqtisadiyyatına 6,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb ki, bu da 2022-ci illə müqayisədə 6,8 faiz çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, respublika iqtisadiyyatında birbaşa xarici investisiyalar üzrə ilk beşliyə 1,9 milyard dollarlıq sərmayə ilə İngiltərə rəhbərlik edir. Bundan əlavə, 2023-cü il ərzində Türkiyə Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar, Kipr 792 milyon dollar, Rusiya 617 milyon dollar, İran isə 396 milyon dollar sərmayə qoyub.

Mərkəzi Bankın rəsmi statistikasına əsasən Azərbaycan iqtisadiyyatına 2024-cü ilin ilk rübündə  1 milyard 508.52 ABŞ dolları həcmində xaricdən birbaşa investisiyalar cəlb edilib. Bu, 2023-cü ilin eyni dövründəki göstəricidən 7.05 milyon dollar və ya 0.5 faiz çoxdur. Ölkənin əsas investorları sayılan Böyük Britaniya və Türkiyənin payı 2024-cü ilin ilk rübündə azalıb. Böyük Britaniya cari ilin ilk rübündə ölkə iqtisadiyyatına 443.22 milyon dollar(əvvəlki ilin birinci rübü ilə müqayisədə 5 faiz az), Türkiyə 261.41 milyon dollar investisiya ( azalma 10 faiz) qoyub.

Birinci rübdə ölkə iqtisadiyyatına yeni investorlar cəlb edilib. Siyahıda yeni ölkələr Filippin, Braziliya, Cənubi Koreya, Əlcəzair və Maltadır. Birləşmiş Ərəb Əmirlikləri isə ötən rüb ölkə iqtisadiyyatına 190.69 milyon dollar investisiya qoymaqla öncəki ili 3 dəfədən çox üstələyib və əlavə olaraq ölkənin dördüncü ən iri investoru yerində İranı əvəzləyib. İran ötən il Azərbaycan iqtisadiyyatına 100.56 milyon dollar sərmayə yatırarkən, cari ildə bu rəqəm 6 faiz azalaraq 94.84 milyon dollara düşüb.

Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş xarici birbaşa investisiyaların ümumi məbləğində cüzi artım olsa da, investisiyaların strukturunda mənfi trend özünü göstərib. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən rüb ərzində ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87.6 faiz təşkil edib. Halbuki ötən ilin birinci rübündə 1,5 milyard dollarlıq birbaşa xarici investisiyanın 77,5 faizi neft-qaz sektoruna yatırılmışdı.

Təəssüf doğuran haldır ki, qeyri-neft sektoruna birbaşa investisiyaların azalması davamlı prosesə çevrilib. Belə ki, ötən ilin birinci rübündə belə investisiyalar 54 faiz azalaraq 337.5 milyon dollar təşkil etmişdi. Bu ilin eyni dövründə isə azalma 55 faizdən yuxarı olub və qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186.5 milyon dollara düşüb.

İşğaldan azad olunan ərazilərimizdə böyük bərpa-yenidənqurma işlərinin həyata keçirildiyi bir vaxtda qeyri-neft sektoruna xarici birbaşa investisiyalarda belə azalma kifayət qədər ciddi çağırışlar formalaşdırır. Azərbaycan hökuməti azad olunan ərazilərdə fəaliyyət göstərəcək investorlar üçün ciddi güzəşt və imtiyazlar tətbiq edir. Belə güzəşt və imtiyazların qısa müddətdə azad olunan ərazilərə çoxsaylı investorları cəlb edəcəyi gözlənilir. Bu, bir növ pilot layihə kimi də qiymətləndirilə bilər: uğurlu nəticələr əldə olunarsa, digər regionlarda da tətbiq edilər...

 Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR