İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya rus ordusunu dayandıra bilmir - Putin nəyə arxayındır?

Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsi səngimək bilmir. Artıq bu müharibənin uzunmüddətli olacağı barədə düşünənlərin sayı artmaqdadır. Halbuki savaşın ilk günlərində belə deyildi. Əksəriyyət rusların qısa zamanda Kiyevi tutmaqla Ukraynanın işğalını başa çatdıracağını zənn edirdi.

Son olaraq, Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya Ukraynada istəyinə çatacaq.

Bütün dünyanın Rusiyaya qarşı olduğu bir vaxtda Putini bu sözləri söyləməyə nə ümidləndirir? Rusiyanın Ukraynada fiasko ilə üzləşdiyi bir vaxtda belə bəyanat nədən xəbər verir? Blef edir, reallıqlardan xəbərsizdir, yoxsa Putin başqa planlara malikdir deyə belə danışır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müharibənin hələ bir müddət davam edəcəyini qeyd etdi: “Görünən budur, Putinin açıqlamalarından aydın olur ki, müharibə hələ bir müddət də davam edəcək. Danışıqlar nəticə vermir. Baxmayaraq ki, Rusiya ordusunun itkiləri var, texnikasını itirir, sanksiyalarla üz-üzə qalır, iqtisadiyyatında ciddi problemlər yaşayır. Amma bütün bunlar Putini qərarından vaz keçməyə vadar etmir. O, Ukraynanı parçalamaq fikrində qətidir.

2016-cı ilin aprelində Şoyqunun zənginə fikir verməməliydik” – Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “Müharibənin qısa müddətdə başa çatacağını söyləmək mümkünsüzdür”

Bu isə o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək. Mariupol ətrafında vəziyyət gərgin olaraq qalır, bombardmanlar davam edir. Ukraynanın qarşısında duran əsas hədəf də heç olmasa rus ordusunu müharibənin başladığı 24 fevral tarixindən əvvəlki günlərə sürükləməkdir. Onun üçün gərək Mariupol azad olunsun, Xarkov ətrafındakı mühasirə yarılsın. Buna isə hələ ki Ukrayna ordusunun gücü çatmır. Uğurları, doğrudur, var, amma bu hər şey demək deyil. Ukrayna Qərbdən kifayət qədər ciddi olan hücum xarakterli silahlarla təchiz olunmayıb. Nə zaman kı bu silahlar Ukrayna ordusuna veriləcək, o zaman bu ordunun uğurları daha çox olacaq, taktiki döyüşlər davam edəcək. Hər iki tərəf itkilər verəcək. Bütün bu səbəblərdən müharibənin qısa müddətdə başa çatacağını söyləmək mümkünsüzdür”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Məsələlər təqdim edilən kimi deyil”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Putinin nəyə eyham vurduğuna işarə etdi: “Burada birinci qazanc və itki məsələsinə baxmaq lazımdır. Hər şey bir yana, sanki hansısa gizli əllər dünyanı ərzaq böhranına yönəldir. Bu baxımdan dünya da az itirmir. Bu münaqişəyə aid olmayan Şimali Afrika taxıl böhranı ilə üzbəüzdür. Bu isə məsum görünüşlü qlobal kapitalist sərmayə üçün yeni poliqondur. Rusiyaya gəldikdə isə ərazi baxımdan Ukraynanın xeyli hissəsini ekspansiya edib. Hələ ilkin mərhələdə Ukrayna artıq NATO üzvü olmaqdan imtina edib. Bununla NATO-nun ehtimal edilən təmas xəttini özündən uzaqlaşdırıb. İndi isə Avropa daxilində məsələ ilə bağlı parçalanmanı gözləyir. Bu münaqişədə Amerika da udur, Britaniya da. Uduzan, tək buraxılan, ortaya atılan Ukrayna xalqıdır. Rusiya kimi bir nəhəngin önünə atılan Ukraynadır. Rusiya itirirmi? Əlbəttə itirir. İqtisadiyyatı çökür. Amma biz gələn qış görəcəyik ki, dünyanı da batırır. Avrasiya məkanından kənarda qalanlardan başqa bu münaqişədə əslində dünya itirir. Putinin açıqlamasına da bu yöndən baxmaq lazımdır. O, nəyi qazanc və qələbə hesab etdiyini üstüörtülü çatdırır. Müstəqil sorğular Rusiyanın reytinqinin artdığını deyir. Ona görə məsələlər təqdim edilən kimi deyil. Sadəcə, qlobal bir eyforiya var, trendləşmə var, Rusiya batır deyə. Bizə düşən Türkiyə ilə daha sıx olmaqdır. Daha iç-içə olmalıyıq. Bizim nicatımız Türk İslam Ülküsüdür. Və onun quracağı yeni nizamdır”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Heç kim Rusiyanın işğalını dəstəkləməyəcək”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə bunları dedi: “Putin artıq Ukraynada çox böyük fəlakətlər, dağıntılar törədib. Milyonlarla insan qaçqın düşüb, şəhərlər dağıdılıb, infrastruktur məhv olub. Ən azından Ukrayna 30-40 il özünə gələ bilməyəcək. Bütün bunları edən təbii ki, Putindir. O, avtoritar rejim başçısıdır. Qərbin, ABŞ-ın ən ağır sanksiyaları belə Putini geri çəkilməyə təhrik etmir. Çünki çox yaxşı bilir ki, Ukraynada məğlub olmaq Putinin hakimiyyətdən getməsinə səbəb olacaq. Həmçinin Rusiyanın dağılması prosesi başlaya bilər. Eynən SSRİ kimi. Bütün bunları Putin çox yaxşı bilir. Bu baxımdan Putin bütün imkanları ilə çalışır ki, Ukraynada müharibəni Rusiyanın xeyrinə bitirsin. Şəxsən mən istisna etmirəm ki, Putin Ukraynada ən ağır silaha- nüvə silahına da əl atsın. Özünün sonluğunu düşünən adam istənilən addımı atmağa qadirdir. Rusiyanın indiki məqama gəlib çatması birbaşa Ukrayna xalqının döyüşməsidir. Putin düşünmürdü ki, müharibə bu günə qədər gəlib çıxa bilər. Düşünürdü ki, bir neçə günə Ukraynanı tam məğlub edəcək. O, Rusiya ordusuna çox inanırdı. Ordunun belə vəziyyətdə olduğunu düşünmürdü. Məncə, bu gün ən yaxşı vəziyyət o olardı ki, Putin işğalçılıq siyasətindən əl çəksin. Qərblə Rusiya Ukraynanı poliqona çeviriblər. Ukrayna xalqı iki dövlətin qurbanına çevrilib. Xalqı bu zülmdən qurtarmalıdırlar. Heç kim Rusiyanın işğalını dəstəkləməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR