Onlayn ictimai-siyasi qəzet
Müasir texnologiyaların istehsalında əvəzolunmaz olan litium bazarında rəqabət getdikcə güclənir. Litium ehtiyatlarına görə dünyada Boliviya lider dövlət sayılır. Lakin Amerika Birləşmiş Ştatlarında aşkar edilən 20-40 milyon ton litium ona digər ölkələri üstələməyə imkan verib. Litium ABŞ-ın Nevada ştatında aşkar edilib. ABŞ gələn ildən başlayaraq onun mədəndən hasilatına başlayacaq.
Məlumdur ki, litium elektrikli avtomobillərin istehsalında vacib maddədir, batareyaların hazırlanmasında istifadə olunur. Litiumun aşkar olunmasıyla məşğul olan “Lithium Americas” korporasiyası ölkə ərazisində müxtəlif yataqların işlənməsiylə məşğuldur.
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Musavat.com-a dediyinə görə, ABŞ litium vasitəsilə enerji təhlükəsizliyini təmin etməyə çalışır:
“Lititum adətən illər öncə baş verən vulkan ərazilərdə aşkar olunur. “Bloomberg” agentliyinin məlumatına görə, 2022-ci ildə dünyada 45 litium mədəni mövcud idi. Hər il aşkar edilən mədənlərin sayı artır. Dünya istehsalının lideri olan Çin üçün də litium vacib maddədir. Çinin Əfqanıstana artan marağı da bunula əlaqəlidir. Əfqanıstanda da kifayət qədər litium resursları mövcuddur. Ümumiyyətlə, dünyada çıxarılan litiumun 60 faizi Çinə məxsusdur. Çin bunun hesabına elektrikli avtomobillər və akkumulyatorlar bazarında üstünlüyə malik olub. Əgər ABŞ öz daxili resurslarından uğurla istifadə edərsə, Çin məhsullarına ehtiyac kəskin şəkildə azalacaq, tədarük zəncirlərini gücləndirəcək və litium qiymətlərini tənzimləməyə kömək edəcək. Belə bir dəyişiklik dünya siyasətini kəskin şəkildə yenidən müəyyənləşdirə və ABŞ-ı bu sahədə rəqiblər kateqoriyasına daxil edə bilər. Litiumdan elektrik avtomobillərlə yanaşı, mobil telefonlarda, noutbuklarda, günəş və külək elektrik stansiyalarında istifadə olunur. Dünyada təmiz enerjiyə keçid ideyası güclənib və litium bu tələbatı ödəmək iqtidarındadır.
“CNN” televiziya kanalının yaydığı məlumata görə, Çin qlobal elektrikli avtomobil sənayesi üçün həyati əhəmiyyət kəsb edən mineralların hasilatını gücləndirməyi planlaşdırır. Çin liderliyini qorumaq məqsədilə litiumun ixracatını məhdudlaşdıracaq. Bu, litiumla yanaşı, qallium və akkumulyator katod istehsalı ilə əlaqəli texnologiyalara, akkumulyatorlara, yarımkeçiricilərin istehsalı üçün komponentlərə tətbiq olunacaq. ABŞ-ın özü də litiumla əlaqəli komponentlərin ixracına məhdudiyyətlər qoyub”.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ