İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya liderləri Pelenin vəfatı haqda yazıblar

Pele futbol oynamırdı, o, “şou göstərirdi”. Onun topa toxunuşları çox vaxt qol olurdu.

AZƏRTAC xəbər verir ki, Braziliyanın yeni seçilən prezidenti Luis İnasiu Lula da Silva bu barədə üçqat dünya çempionunun oyununu izləyərkən keçirdiyi qarışıq hisslərdən danışarkən deyib.

“Etiraf edirəm ki, Peleyə qarşı daim qəzəbli olurdum, çünki o hər zaman azarkeşlik etdiyim “Corinthians” klubunu darmadağın edirdi. Lakin hər şeydən əvvəl ona heyran idim və onun Braziliya yığmasının heyətində 10 nömrə ilə çıxışını izləyərkən qəzəbim ehtirasla əvəz olunurdu”, – deyə siyasətçi özünün tviter hesabında yazıb.

Braziliyanın hazırkı prezidenti Jair Bolsonaru “futbol əfsanəsinin” ölümü ilə bağı ölkədə üç günlük matəm elan edib. Dahi futbolçunun vəfatına münasibət bildirən prezident deyib: “Futbol vasitəsilə Braziliyanın adını bütün dünyaya çatdıran yaxşı insanın ölümü məni kədərləndirib. O, futbolu sənətə və sevincə çevirib”.

“Pele öz istedadı sayəsində hətta onun oyununu görmək şansı olmayan nəsilləri də heyran etməyi bacarıb. Bu gün bütün dünya Pele adlı əfsanəyə yas tutur”, - deyə İtaliyanın baş naziri Corc Meloni “futbol kralının” vəfatı ilə bağlı başsağlığında yazıb.

Macarıstanın baş naziri Viktor Orban isə “futbol əfsanəsi” ilə belə vidalaşıb: “Yeganə və təkrarolunmaz Pele bizi tərk etdi. Əlvida, əfsanə!”.

Tviter hesabında Pele ilə şəkilini paylaşan ABŞ prezidenti Cozef Bayden onun haqqında belə yazıb: “Pelenin Braziliya milli komandasında keçdiyi yol hər şeyin mümkün olduğunu göstərir”.

Futbol dünyasında Pele kimi tanınan Edson Arantes du Nascimentu 1956-1977-ci illərdə Braziliyanın “Santos” və ABŞ-ın “New York Cosmos” klublarının şərəfini qoruyub. O, “Santos” klubunun heyətində beş dəfə Braziliya kubokunu qazanıb, iki dəfə “Copa Libertadores” turnirinin qalibi olub və iki dəfə Qitələrarası kuboku əldə edib. Pele 1958, 1962 və 1970-ci illərdə üç dəfə dünya çempionu olan yeganə futbolçu kimi tarixə düşüb. Braziliyalı futbolçu, həmçinin karyerası ərzində 1279 qol vuraraq adını “Ginnesin rekordlar kitabı”na yazdırıb.

Xatırladaq ki, uzun müddət bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkən 82 yaşlı Pele dekabrın 29-da San-Paulu klinikasında vəfat edib. Futbolçu ilə vida mərasimi yanvarın 2-də “Santos” klubunun San-Paulu ştatındakı stadionunda keçiriləcək və onun nəşi yanvarın 3-də “Ekumenika” nekropolunda dəfn olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR