Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına əsasən iyul ayında qlobal neft tədarükü gündəlik 230 min barel artaraq 103,4 milyon barelə çatıb.
Musavat.com xəbər verir ki, bu, Agentliyin aylıq hesabatında əksini tapıb.
Hesabata görə, OPEC+ ölkələri tərəfindən hasilatın əhəmiyyətli dərəcədə artması razılaşmadan kənar istehsalçıların itkilərini kompensasiya edib:
“Hazırda tədarük pik yay tələbi ilə ayaqlaşmaqda çətinlik çəkir, nəticədə bazarda qıtlıq yaranıb, qlobal neft ehtiyatları kəskin şəkildə azalıb”.
Bildirilir ki, dörd aylıq artımdan sonra iyunda neft ehtiyatları 26,2 milyon barel azalıb.
Ekspertlər tədarükün artımını Səudiyyə Ərəbistanı və İraqdan tədarükün artması ilə əlaqələndirirlər. Ümumilikdə qlobal neft hasilatı sutkada 103,4 milyon barel təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 1,8 milyon barel çoxdur və artımın təxminən yarısı ABŞ-ın payına düşür.
2024-cü ilin sonuna qədər qlobal hasilatın orta hesabla sutkada 730 min barel artacağı proqnozlaşdırılır ki, bu da tədarükün rekord həddə - 102,9 milyon barelə çatmasına səbəb olacaq. Mövcud könüllü azalmalar davam edərsə, qeyri-OPEC+ hasilatının sutkada 1,5 milyon barel artacağı, OPEC+ ölkələrində isə hasilatın 760,000 barel azalacağı gözlənilir. Gələn il qlobal tədarükün sutkada 1,9 milyon barel artaraq 105 milyon barelə yaxın yeni illik maksimuma çatacağı proqnozlaşdırılır.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ