Onlayn ictimai-siyasi qəzet
Düşmən silahlanmağa davam edir, sülhə yox, savaşa hazırlaşır
İstənilən hərbi münaqişə həm də ona cəlb olunan və silah istehsalçısı olan ölkələr üçün ciddi sınaq sayılır. 44 günlük müharibədə Azərbaycanın qardaş Türkiyə və İsraildən aldığı modern silah və hərbi sistemlərin hamısı özünü doğrultdu, xüsusilə də “Bayraktar” dronları işğalçı erməni qüvvələri üçün kabusa çevrildi.
Təsadüfi deyil ki, qalibiyyətli Vətən savaşından sonra həm Türkiyənin, həm də İsrailin hərbi məhsullarının reytinqi xeyli artdı, onların alıcıları çoxaldı. Paralel olaraq Rusiya silahlarına bazarda tələbat azaldı.
Pakistanla Hindistan arasında az öncəki hərbi qarşıdurma Yeni Dehlinin uğursuzluğu və istifadə etdiyi silahların effektsizliyi ilə bitdi.
Məlum olduğu kimi, Ermənistan Hindistandan 702 milyon (başqa mənbələrə görə, 1.5 milyard) dollar dəyərində silah tədarükü ilə bağlı müqavilə imzalayıb. Artıq onların bir çoxu İrəvana çatdırılıb. Bu silahlar döyüş sınağından çıxa bilməyib. Bəlli olur ki, Hindistan silahlarının şöhrəti, yumşaq desək, şişirdilib.
Bəs bu baş verənlərdən sonra Ermənistan yenə Hindistandan silah və hərbi sistemlər almağa davam edəcəkmi? Azərbaycan bu məsələyə necə baxır? Hindistan silahlarından ehtiyatlanmağa dəyərmi?
Sona Əliyeva
Keçmiş millət vəkili, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistan və Hindistan arasında təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə imzalanıb: “Hindistan yeni nəsil silahların bazarında özünə yer etməyə çalışır. Ancaq silah sənayesi Hindistan dövlətinin yox, dövlət büdcəsini talayan generalların əlindədir. Həmin generalların övladları isə silah istehsalı şirkətlərinə sahibdir. Dövlət büdcəsindən milyardlarla pul mənimsəyən bu generalların istehsal etdiyi silahlar isə ardıcıl sınaqlardan uğurla çıxa bilmir. Nəticə göz önündədir. Pakistanla beş günlük savaşda Hindistan silahları özünü doğrultmadı. Hətta onların silahları sosial şəbəkələrin Ermənistan seqmentində erməni istifadəçilərin lağ, məsxərə obyektinə çevrildi. İndi İrəvan da Hindistan silahlarının alınmasında tərəddüd edir. Hindistan müqavilə imzalayıb və özünə Ermənistan kimi yeni qurban axtarır ki, silahlarını satsın. Bu baxımdan, Ermənistana verilən Hindistan istehsalı olan silahlardan qorxmaq lazım deyil. Çünki Azərbaycanın silah sənayesi, üstəlik, tərəfdaş olduğumuz ölkələrdən aldığımız modern silahlar daha uğurlu, daha təkmildir. Yayılan son məlumatlara görə, Hindistan iyulda Ermənistana "Akaş" hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək. Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə yox, savaşa hazırlaşır. Bu silahlar Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan üçün də təhlükə mənbəyidir. Çünki Ermənistan Türkiyə və Gürcüstan ərazilərinə qondarma iddialar irəli sürür. Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb. İrəvanın savaş hazırlıqları içərisində olduğunu göstərən digər amillər də var. İrəvan ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurmaqda davam edir. Ermənistanı Hindistandan aktiv şəkildə silah idxal etməyə sövq edən əsas səbəb Yeni Dehlinin parametrlərinə görə Ermənistan ordusunun təchizat sistemləri ilə uyğun gələn Rusiya silah inkişaflarının modernləşdirilməsidir. Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir. Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş gerçəkləşib".
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli Ermənistanın bir daha özünü təhlükəyə atmaq ərəfəsində olduğunu qeyd etdi: “Ermənilər vaxtilə aldıqları silahlardan çox danışırdılar. Sonluq məlumdur. Hazırda həmin silahlar Qənimətlər Parkındadır. Bir zamanlar "Ohanyan xətti"ndən ağızdolusu danışırdılar. Amma qəhrəman Azərbaycan Ordusu həmin xətti necə keçdi, darmadağın etdi, yaxşı gördülər. Yenə də bir səhv etsələr, bu dəfə Qənimətlər Parkının ərazisi daha da böyüyəcək. Azərbaycan həm Türkiyədən, həm də İsraildən ən müasir silahları alır. Bunu ermənilər də yaxşı bilir. Azərbaycanın aldığı silahlar 44 günlük Vətən müharibəsində çox uğurla sınaqdan keçdi. Amma Ermənistan tərəfin aldığı silahların müharibədə uğurla sınaqdan keçmədiyini yaxşı gördük. Halbuki Rusiyadan aldıqları silahlarla çox öyünürdülər, hərbi təlimlərində, paytaxtlarında keçirdikləri paradlarda nümayiş etdirirdilər. İndi də yenə hərbi və siyasi yöndə səhvlər etməyə davam edirlər. Erməni tərəfin Hindistandan aldığı silahlara gəlincə, bundan narahat olmayaq. Bizim aldığımız silahlar qat-qat güclüdür. Hindistan-Pakistan qarşıdurmasında hind silahlarının gücünü gördük".
Hərbi ekspert onu da qeyd etdi ki, bu cür hərəkətlərlə Ermənistan həm öz iqtisadiyyatına, həm də yarana biləcək sülh prosesinə zərbə vurur: “Ermənistan çoxdan etimadı itirib. Bu ölkənin nicat yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdır. Fransanın və başqa ölkələrin tapşırıqlarını yerinə yetirməkdənsə, regionda qonşularla normal münasibətlər qursun”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ