İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyülmə, bıçaqlanma, intihar - məktəblərin “kriminal xronikasının” səbəbləri 

Ekspertlər deyir ki, bu məsələdə birmənalı günahkar məktəbdir demək doğru deyil...

Bakıda 112 saylı orta məktəbdə şagird sinif yoldaşı tərəfindən döyülüb. Videogörüntülər sosial şəbəkədə yayılıb. Cəmiyyət bu görüntülərin təsirindən ayılmamış məktəblilərlə bağlı daha iki xəbər yayıldı. İsmayıllıda, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi bıçaqlanıb. Babək rayonu Kültəpə kənd orta məktəbində isə 10-cu sinif şagirdi sinif otağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Məktəblərdə baş verənləri artıq neqativ adlandırmaq doğru olmaz. Döyülmə, bıçaqlanma cinayətdir. Bəs nədir uşaqlar arasında yaşanan aqressiyanın səbəbi?

Mütəxəssislər qeyd edirlər ki, səbəblər müxtəlif ola bilər: psixoloji problem, xəstəlik, yanlış ailə tərbiyəsi, neqativ ətraf mühitin təsiri, məktəbdə nəzarətin zəif olması və ya ümumiyyətlə olmaması və s.

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

İlqar Orucov

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a bildirdi ki, məktəblərdə bu kimi halların baş verməsi çox pis haldır: “Şagird-şagird, müəllim-şagird münasibətləri, bütövlükdə təhsil subyektləri arasında münasibətləri tənzimləyəcək normalar var. Hesab edirəm ki, bu normaların təkmilləşdirilməsinə ehtiyac var. Şagirdlərin arasında gərginliklər təkcə Azərbaycanda yaşanmır. Bunun qarşısını almaq üçün ciddi iş görülməlidir. Şagirdlərin hərəsi bir ailədən gəlir. Bəzən yanlış tərbiyə, valideynlərin öz aralarında, yaxud övladları ilə münasibətindəki neqativlər uşaqların davranışlarına təsir edir və bir çox hallarda bu məktəbdə özünü büruzə verir. Şagirdlər inkişaf edən nəsildir. Yaşla əlaqəli psixoloji gərginliklər yaşayırlar. Fərqli yaşda, fərqli mövzulara fərqli münasibət göstərirlər. Bu baxımdan məktəb direktorları, müəllimlər, psixoloqlar ayıq-sayıq olmalıdırlar. O şagirdləri şəxsiyyətə toxunmadan tənbeh etmək, cəzalandırmaq lazımdır. Şiddətə məruz qalmış şagirdin psixoloji vəziyyətini də yoxlamaq lazımdır. Məktəb rəhbərliyi peşəkar olmalı, işi elə qurmalıdır ki, həm döyən, həm də döyülən arasında barışıq əldə olunsun, eyni zamanda digər şagirdlərə də nümunə olsun. Çətin tərbiyə olunan uşaqlar var. Bir çox hallarda onların təhsil aldığı məktəb dəyişdirilir, xüsusi hallarda nəzarətə götürülürlər. Bütün yerli icra hakimiyyəti orqanlarında azyaşlılarla işləyən komissiyalar, eyni zamanda polis idarələrində  müvafiq bölmələr var. Çətin tərbiyə olunan uşaqlarla söhbət aparılmalıdır. Bütövlükdə sağlam mühitin yaradılması üçün məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Ailələrlə  də iş aparılmalıdır. Məktəb tərbiyə müəssisəsidir, lakin bu məsələdə birmənalı şəkildə günahkar məktəbdir demək doğru deyil. Məktəbin rolu böyükdür, amma hər şeyi məktəbin üzərinə atmaq olmaz. Ailələr belə məsələlərdə diqqətli olmalıdırlar. Çətin tərbiyə olunan uşaqlar, lazım gələrsə, xüsusi müəssisəyə göndərilməlidir. Döyən uşağa fiziki cəza tətbiq etmək doğru olmaz. Bu əks-effekt verər, fiziki cəza yenidən aqressiv davranışa səbəb ola bilər. Cəza tərbiyəyə təsir edən formada olmalıdır”.

Azərbaycan əhalisi azalır - Son statistikanın qorxulu pərdəarxası

Lalə Mehralı

Sosioloq Lalə Mehralının fikrincə, ilk növbədə ailə tərbiyəsi faktorunu nəzərə almaq lazımdır: “Uşaq ailəsinin təmsilçisidir. Bu yaşlarda uşaqlar aqressiv ola, canlılara qarşı zorakılıq edə bilirlər. Bunu şüurlu şəkildə etmirlər. Belə uşaqlara qarşı sərt cəzalar tətbiq etmək əvəzinə, onları cəmiyyətə qazandırmaq lazımdır. Cəmiyyətdən təcrid olunmuş uşağı daha da təcrid etməklə nə əldə edəcəyik? O yaşadıqlarını aqressiya ilə göstərir. Videonu çəkən, sadəcə, izləyən uşaqların da məsuliyyəti var. Niyə etiraz, yaxud müdaxilə etmirlər? Niyə müəllimə xəbər vermirlər? Hər kəs uşağına məsuliyyəti dərk etməyin yollarını başa salmalıdır. Zorakılıq göstərən uşağın valideynləri ilə iş aparılmalıdır. Məktəb psixoloqu uşaqlarla və valideynlərlə işləməlidir. Hərtərəfli araşdırma aparılmalıdır”.

Uşaqlar izlədikləri şeylərin təsirində qalır

Nuriyyə Quliyeva

Klinik psixoloq Nuriyyə Quliyeva mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, bəzən yeniyetmələr arasında bu cür münaqişələr yaşanır: “Görüntülərə diqqətlə baxanda görürük ki, şagirdlərdən biri dominantdır, döyülən şagird isə nəinki özünü müdafiə etmir, gücü olsa belə heç bir reaksiya vermir. Düşünmürəm ki, o uşaq gücsüzdür. Ola bilər özünü zəif görür, özgüvəni aşağıdır, yaxud da o qədər mədəni ailədə böyüyüb ki, kiməsə şiddət göstərmək ona yanlış görünür. Təbii ki, aqressiv davranış doğru deyil, lakin müəyyən məqamları nəzərə alaraq uşaqlara özünümüdafiəni öyrətmək lazımdır. Döyən  şagirdin özünün də fiziki şiddətə məruz qalma ehtimalı var çünki şiddət öyrənilən bir şeydir. Yaxud valideynlər bir-birinə şiddət tətbiq edərsə, uşaq münaqişəni normal hal kimi qəbul edə bilər. Uşağın valideyn nəzarətində olmaması da ehtimallardan biridir: izlədiyi filmlərə, oynadığı oyunlara diqqət edilmir. Məktəblərdə psixoloqlar var, lakin şagird sayı çox olduğuna görə bəzən hər şagirdə çox zaman ayırmaq mümkün olmur. Bu baxımdan ilk növbədə valideynlərlə iş aparılmalıdır”.

Qeyd edək ki, 112 nömrəli tam orta məktəbdən verilən açıqlamada bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib. Qeyd olunub ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb: “Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov isə bildirib ki, Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb. “Nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırma davam edir. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə açıqlamada qeyd edilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR