İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətə xəyanətdə ittiham olunan şəxsdən etiraflar

O, Ermənistan səfirliyinə getməsindən danışdı; “Mənə orada 500 qrivna pul veriblər, amma...”

Ermənistanın Ukraynadakı səfirliyində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycandakı qaz boru kəmərləri, prezidentin səfərləri, Fövqəladə Hallar Nazirliyinə işə qəbul şərtləri və s. məlumatları toplayıb, bu ölkənin xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunan azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. “Yeni Müsavat” xəbər verir ki,   41 yaşlı Emil Məmmədovun cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Yanvarın 11-də keçirilən prosesdə prokuror ittihamı elan edib.

İttihamnamədə yazılır ki, Emil Məmmədov 2017-ci il sentyabrın 26-da Ermənistanın Kiyevdə yerləşən səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Orada özünü “Erik” kimi təqdim edən şəxslə razılaşdırılıb ki, Emil Məmmədov Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi ərazilər, prezidentin bölgələrə səfərləri, Səngəçal terminalı və s. məlumatları toplayıb, mütəmadi onlara ötürəcək. İttihama əsasən, 2019-cu ilin iyununda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Emil Məmmədovla görüşüb, ötürülən məlumatların müqabilində ona pul verib, qəbz imzalatdırıb.

Emil Məmmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Hakim müttəhimə məlumat verib ki, bu maddədə 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhkəmədə o da məlum olub ki, Emil Məmmədov 2021-ci ildən həbsdədir. Ona 2022-ci ilin aprelində narkotik ittihamı ilə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

O bildirib ki, dövlətə xəyanət ittihamı üzrə özünü təqsirli bilmir.

“İttihamla yazılıb ki, guya mən qaz boruları barədə məlumat vermişəm. TAP, TANAP bilən adamamsa, belə ağıllıyamsa, 18 qram narkotiklə niyə Sumqayıtda gəzirəm?”, - Emil Məmmədov məhkəmədə bildirib.

Lakin o etiraf edib ki, 2017-ci ildə Ermənistanın Ukraynadakı səfirliyində olub. 4 övlad atası olan Emil Məmmədovun sözlərinə görə, 2017-ci ilin mayında Kiyevə gedib. Həmin vaxt həyat yoldaşından boşandığını və bir qadınla tanış olduğunu deyən Emil Məmmədov bildirib ki, Kiyevə getməyinin səbəbi də bu idi. Lakin orada bir müddət qalandan sonra işsizlikdən, pulsuzluqdan əziyyət çəkib: “Gedəndə valideynlərim çox narazı idi. Sonra qayıtmaq istəyirdim, qayıda bilmirdim. Pulum yox idi. Hətta dəmiryol vağzalına da getdim ki, qatarla gətirsinlər, Azərbaycanda qatarın qarşısına çıxan olar, biletin pulunu verər. Buna razılaşmadılar. İşsizlikdən, pulsuzluqdan Ermənistan səfirliyinə getdim ki, mənim üçüncü ölkəyə getməyimə kömək eləsinlər - məsələn, İngiltərəyə, Fransaya. Orada cəmi 15 dəqiqə olmuşam, "məni üçüncü ölkəyə göndərin" demişəm. Düzdür, mənə Azərbaycan haqda suallar veriblər. Mən də nə bilirəm ki, nə də deyim. Sonra gördüm ki, bunlar mənimlə yavaş-yavaş hədə tonunda danışmağa başlayır. Çıxıb gəlmişəm. Mənə orada 500 qrivna pul veriblər. O da 17-18 dollar pul eləyirdi onda. Bilet pulu. Mən nə sonradan onlara məlumat ötürmüşəm, nə də hansısa qəbzə qol çəkmişəm. Bunlar hamısı yalandır. Sübut qoysunlar ortaya, nəyə desəniz qol çəkərəm".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR