İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət sığorta şirkətlərini cəzalandıracaqmı - minlərlə sürücü maşını sığortasız sürür və...

Ekspert: “Mərkəzi Bank həmin sığorta şirkətlərinin lisenziyalarını ləğv edə bilər”

Azərbaycanda avtomobillərin icbari sığortalanması məsələsində ciddi problemlər yaranıb. Neçə aydır ki, əksər sığorta şirkətləri kiçik həcmli mühərriki olan avtomobilləri sığortalamırlar.

Bunun səbəbini rəsmi şəkildə açıqlamırlar, ancaq qeyri-rəsmi şəkildə iddia edirlər ki, son illərdə ölkəyə çoxlu sayda 1,5, 1,3, 1,6 mühərrik həcmli “Toyota Prius”, “Opel Astra”, “Chevrolet Cruse” gətirilib və onların əksəri taksi kimi çalışır, çoxsaylı qəzalar edir və sığorta şirkətlərini daha çox pul ödənişi etməyə məcbur edirlər. Bu səbəbdən onlar ucdantutma kiçik həcmli maşınları sığortalamır. Kim taksi işləmədiyini sübut edirsə, onları bir qədər baha qiymətə, “hörmətlə” sığortalayırlar. Beləliklə, vətəndaşlara ciddi problemlər yaradılıb: hazırda şəhərdə şütüyən və tez-tez qəzalar törədən “Prius”ların əksəri sığortasızdır. Bu o deməkdir ki, əgər onlar yolda hər hansı bir avtomobili vurub zədələsə, qəzaya görə sığorta ödənişi almaq mümkün olmayacaq.

Sığorta şirkətləri belə kurs götürüb ki, pul yığsınlar, amma çox cüzi pul ödəsinlər, yaxud heç ödəməsinlər. Bu, sığorta anlayışına, ümumiyyətlə, ziddir.

Azərbaycan Mərkəzi Bankı da bəyan edib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortası fəaliyyət üçün müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.

Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.

Hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi şəkildə monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr apalır. Qiymətləndirmələrin nəticələri əsasında zəruri addımların atılması davam etdiriləcək.

Ancaq problem qalmaqdadır və redaksiyamıza müraciət edən sürücülər bildirir ki, kiçik həcmli maşınları heç kim sığortalamır.

Dövlət belə sığorta şirkətlərinin lisenziyasını ləğv edə və ya yüksək məbləğdə cərimələyə bilərmi?

Hüquqşunas: “İstifadə olunmayan etibarnamələr ləğv olunmalıdır” -  26.03.2018, Sputnik Azərbaycan

Ərşad Hüseynov 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert, hüquqşünas  Ərşad Hüseynov “Yeni Müsavat”a danışıb. Ekspert də vurğulayıb ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problem olub:

“Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər (deyilənə görə, yalnız bir şirkət imtina etmir). Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil.

Kiçik araşdırma göstərir ki, sığortaçılar əsasən belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər. Çünki belə avtomobilin sahibi qadındırsa, imtina etmirlər (qadınların taksi fəaliyyəti ilə məşğul olması ehtimalı azdır).

Ən maraqlısı odur ki, bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır. Amma sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var:

Bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir.

Qeyd edim ki, sığorta şirkətlərinə hansısa sığorta fəaliyyəti, o cümlədən də icbari sığortanın hər bir növü üzrə məşğul olmaq üçün lisenziyalar, icazələr verilir. Yəni orada lisenziya ümumi deyil. Bütün dünya üzrə qəbul olunmuş şərtlərdən biri budur ki, həmin verilmiş icazəni qanuna uyğun olaraq istifadə etməlisən və qanundan kənara çıxmamalısan. Ona görə də hansısa sığorta şirkəti ona verilmiş xüsusi icazədən qanundan kənarda istifadə edirsə və yaxud qanunla üzərinə düşən vəzifələri icra etmirsə, şikayətlər, narazılıqlar varsa, həmin icazə ilə bağlı məsələyə yenidən baxıla bilər. Mərkəzi Bank bu cür məsələlərə  yenidən baxıb, sığorta şirkətlərinə icazələrin, lisenziyanın verilməsindən imtina edə bilər.

Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa olaraq pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir.

Belə yanaşma ciddi sosial fəsadlar doğurmaqdadır, çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu, həm də əhalınin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir.

Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir (özü də kameralar vasitəsilə elektron qərarla).

Bu yanaşma korrupsiogen mühit yaradır. Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır.

Fəsadların siyahısını artırmaq da olar. Amma bunlar da yetərlidir.

Maraqlısı həm də odur ki, artıq bir neçə aydır mövcud olan bu problem sığorta nəzarəti qurumu olaraq Mərkəzi Bank tərəfindən həll edilmir. Nəyi və ya kimi gözlədikləri aydın deyil.

Hesab edirəm ki, bu boyda qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır.

Sığortaçılar hesab edirlər ki, belə avtomobillər daha çox sürülür (xüsusən taksi kimi), onlar daha tez-tez yol-nəqliyyat hadisələrinə düşürlər. Kiçik sığorta haqqı müqabilində sığorta təminatı verməli olacaqlarını və zərərə düşəcəklərini ehtimal edən sığortaçılar belə avtomobillərlə bağlı mülki məsuliyyətin icbari sığortasından qanunsuz olaraq yayınırlar. Başqa sözlə, sığortaçılar sığorta təminatı üzrə xərclərdən qanunsuz yolla yayınmağa, xərclərini azaltmağa cəhd edirlər. Təbii ki, bu, neqativ və yolverilməz yanaşmadır.

Lakin sığortaçıların zərərdən yayınması, öz xərclərini azaltması üçün çox pozitiv və qanuni üsul da var. Özü də bu, “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulur, həmin qanundan irəli gələn vəzifədir (hüquq yox). Amma təəssüf ki, illərdir vurğulasaq da, bu vacib mexanizmi işə salan yoxdur.

Qanunda olan müddəaları qısaca nəzərinizə çatdırıram. Adıçəkilən qanunun 3.1.3-ci maddəsi icbari sığortanın prinsiplərindən birini belə müəyyən edir: sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması. Qanunun 12.2-ci və 26-cı maddələrində isə bu prinsip rəhbər tutularaq qarşısıalınma tədbirləri fondunun yaradılması nəzərdə tutulur. Hər bir ayrıca sığorta növü üzrə daxil olan icbari sığorta haqlarının 1 faizi həmin fonda keçirilməlidir. Bu fondun vəsaiti isə maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankın müəyyən etdiyi təyinatlara uyğun olaraq həmin sığorta növü üzrə qarşısıalınma tədbirlərinə sərf olunmalıdır.

Bu iş nəinki sığortaçılara, həm də bütövlükdə cəmiyyətimizə çox lazımdır. Axı söhbət yol-nəqliyyat hadisələrinin azaldılmasından, deməli, yollarda ölənlərin və xəsarət alanların azalmasından, cəmiyyətimizə və ayrı-ayrı fərdlərə vurulan yüz milyonlarla ziyanın azalmasından gedir".

Ərşad Hüseynov qeyd edib ki, qarşısıalınma tədbirlərinin kifayət qədər geniş çeşidi var və dünyada çox yaxşı təcrübə də formalaşıb:

“Bu tədbirlər təbliğat-təşviqat işlərindən tutmuş, sanballı araşdırmalar aparılması, yol hərəkəti təhlükəsizliyindəki (YHT) boşluqların aradan qaldırılması istiqamətində layihələrin hazırlanması və icrasınadək mühüm işləri əhatə edir.

Ümumiyyətlə, avtomobilləşmiş və sığorta sistemi normal olan ölkələrdə sığortaçılar YHT-nin təmin edilməsində əsas oyunçulardan biridir. Bu ölkələrdə sığortaçılar dövlətin YHT-ni idarəetmə sisteminin qurulmasında və səmərəli fəaliyyətində çox mühüm rol oynayır, bu istiqamətdə hökumətin və parlamentin zəruri qərarlar qəbul etməsi üçün ciddi təşəbbüslər göstərir və s. Onların bu işi YHT-nin bütün elementlərini - sürücü hazırlığı və sürücü olma prosesini, nəqliyyat parkının texniki vəziyyətini və ona nəzarəti (texniki baxışı), hətta qəzalarda xəsarət alanlara vaxtında təcili tibbbi yardım göstərilməsini əhatə edir. Həmin ölkələrdə sığortaçıların bu işinin uğurlu nəticələri var (YHT-nə dair proqramların qəbulu, real icrası, sürücü hazırlığının təkmilləşdirilməsi, texniki reqlamentlərin ciddiləşdirilməsi və s.)

Təəssüf ki, ölkəmizdə hələ ki sığortaçıların YHT-dəki problemləri qabartmasını, onların həlli istiqamətində təşəbbüslər göstərməsini eşitməmişəm. Odur ki, sığortaçılara səslənirəm ki, əgər xərclərinizi real olaraq azaltmaq istəyirsinizsə, YHT üzrə ciddi təşəbbüslər göstərin, qəzaları azaldan praktiki və hərtərəfli addımlar atılmasında cəmiyyətə dəstək olun, bunun üçün cavabdeh dövlət qurumlarından öz işlərinə daha səmərəli yanaşmanı tələb edin, insanlarımızı öyrədin, yollardakı yanlış davranışlardan çəkinməkdə onlara kömək olun.

Məlumat üçün bildirirəm ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsaitlərin illik həcmi təxminən 100 milyon manat civarındadır. 1 oktyabr 2022-ci il tarixdən sonra sığorta haqları artdığından bu məbləğ bir qədər də artacaq. Həmin vəsaitin 1 %-i, yəni 1 milyon manat pulla cox ciddi işlər görmək olar".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR